Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda ən çox hansı pul nişanı saxtalaşdırılıb? – FOTO

146 Baxış

2020-ci il ərzində Mərkəzi Bank tərəfindən 628 ədəd saxta pul nişanı aşkar edilib.

Oxu.Az-ın məlumatına əsasən, bu rəqəm 2019-cu ilin göstəriciləri ilə müqayisədə 262 ədəd və ya 29,4 faiz azdır.

Ümumilikdə isə 2006-2020-ci illər ərzində ölkəmizdə 8 749 ədəd saxta pul nişanı aşkar edilib.

Azərbaycanda ən çox saxtalaşdırılan pul nişanı “1 manat” olub. Belə ki, 2006-2020-ci illər ərzində ölkə ərazisində 2 828 ədəd saxta “1 manat” aşkarlanıb. İkinci ən çox saxtalaşdırılan pul nişanı isə “5 manat” olub. Müvafiq dövrdə 2 352 ədəd “5 manat” saxtalaşdırılıb. Eləcə də, 1 311 ədəd saxta “100 manat” aşkar edilib.

Həmçinin, 1 129 ədəd “20 manat”, 574 ədəd “50 manat”, 555 ədəd “10 manat” saxta pul nişanı qeydə alınıb. Bu dövrdə saxta “200 manat” aşkar edilməyib.

Qeyd edək ki, saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Cinayət məcəlləsinə əsasən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları, xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678