Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dağın başında şəhər mədəniyyəti: Lahıcda bir gün istirahət etmək neçəyə başa gəlir? – REPORTAJ + FOTO

150 Baxış

Lahıc Böyük Qafqaz dağlarının cənub-şərq yamaclarında Niyal silsiləsinin ətəyində və Girdimançayın yuxarı axarında. Əhatəsində olan üç dağ – Niyal, Fit və Babadağ Lahıcın bir növ “qala divarları” rolunu oynamaqla həm müdafiə funksiyasını yerinə yetirir, həm də müəyyən qədər ərazini “əlçatmaz” edir.

Onlardan Babadağ ən yüksək zirvə hesab olunur (3 624 metr). Sırf bu mənzərəni görmək üçün Lahıca getməyə dəyər.

İsmayıllı rayonun inzibati ərazisinə aid olan Lahıcın faktiki qazıntılara əsasən iki minə ilə yaxın tarixi var. Əgər bir gün Lahıca yolunuz düşsə, mütləq Lahıc Tarix-Diyarşünaslıq Muzeyinə nəzər salın. Buradakı nümunələr qəsəbənin tarixi haqqında çox şeyi deyir.

Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Kamal Əliyev ekskursiya zamanı bizə buradakı əşyaların tarixi barədə məlumat verdi. Ən maraqlısı muzeydə eramızdan əvvəl ikinci minilliyə aid olan albanlara məxsus küp uşaq qəbri görə bilərsiniz.

Eləcə də, burada X əsrə aid saxsı qablar nümayiş olunur. Hansı ki, bunlar həmin dövrdə soyuducu, termos və digər saxlama qabları kimi istifadə edilib. Saxladıqları məhsullar isə adətən yağ, bal və ət olub.

Lahıca içməli su Niyal dağındakı bulaqlardan gil borular vasitəsilə çəkilib. Həmin saxsı boruların nümunələrini də muzeydə görə bilərsiniz. Su xətlərinin çəkilməsinə iki il vaxt sərf edilib. “Axı, su çəkmək nə çətin iş imiş?” deməyin. O dövrdə saxsı boruları hazırlamaq çox çətin olub. Onların uzunluğu 70 santimetrə qədər olub və tamamilə əl əməyindən istifadə etməklə ərsəyə gətirilib. Üstəlik bu gil tərkibli saxsı boruların suda olan mikrobları məhv edə bilmək kimi bir funksiyası da olub.

Dəmirçilik və misgərliyin əsas sənət nümunəsi olduğu Lahıcda maraqlı əşyalardan biri də ikilaylı körükdür. Elektrik olmadığına görə əhali körükdən ocağı qızdırmaq və alışdırmaq üçün istifadə edib. Körük qara palıd və camış dərisindən hazırlanır.

Ümumiyyətlə muzeydə X əsrə aid yerli silahsazlar tərəfindən hazırlanan tüfənglər (dayan doldurum), bıçaq, qılınc, qalxan və dəbilqələrə də rast gələ bilərsiniz. Təbii ki, Lahıcda XX əsrdən yayılan xalçaçılıq sənətinin nümunələri də xüsusilə vurğulanmalıdır.

Balaca qəsəbə olmasına baxmayaraq, əhali sıx olduğundan burada hər məhəllədə məscid var. Lahıca səfər etdiyimiz müddətdə Zəvəro məscidi (1828-ci il), Ağolu məscidində (1902-ci il), Aşağı Ərəgit məscidində (XIX əsrə aid) olduq.

Onların hər birinin tikinti üslublarında fərqlər var. Həmin dövrdə ustalar məscid və ya malikanələr tikəndə fasadda olan daşların hər birini özləri döyüblər.

Tikintidə istifadə olunan mişar daşlarının hamısı bənnaların əməyinin məhsuludur. Bir gündə cəmi üç mişar daşı hazır etmək mümkün olub. Məscidlər əhalinin, yerli icmanın hesabına tikilib. Aşağı Ərəgit məscidi 2006-cı və Zəvəro məscidi 2008-ci ildə məhz icma tərəfindən bərpa edilib.

Qəsəbədə fərqli məzar daşları ilə seçilən Bədöyün qəbiristanlığına da rast gələ bilərsiniz. Orada yerləşən sərdabə 1941-1945-ci illərə aiddir. Həmin dövr insanlar aclıqla sınağa çəkildiyindən onların qəbir qazmağa imkanı olmayıb. Buna görə də sərdabə inşa edilib, ölülərin hamısı kəfənlənərək orada dəfn olunub.

Lahıcın odunla qızdırılan “Hacı Molla Hüseyn” hamamı da tikinti xüsusiyyətləri ilə fərqlənir. Hamamın içərisində tağlardan istifadə olunub. Burada iki otaq var və 14 ədəd sütunun üzərində inşa edilib.

Hamam elə dizayn edilib ki, eyni dərəcədə qızır. Onun gümbəzləri və tağlarında bişmiş kərpicdən istifadə edilib. Tağlar havanın həmişə dövriyyədə olmasına yarayır. Lakin, istənilən halda burada yarım saatdan çox vaxt keçirsəniz hətta boğulub ölə bilərsiniz.

Nəyə görə Lahıc? – sualına cavab verəcək hər bir məsələni sadalamağa çalışdım. Əgər Lahıcda istirahət etmək istəyirsinizsə, qonaqlama və hotel qiymətləri barədə də məlumat almaq haqqınızdır.

Belə ki, əgər ev sahibi evdə olarkən icarəyə bir otaq götürmək istəyirsinizsə, qiymətlər 35 manatdan başlayır. Əgər sahibkar bütövlükdə sizə evin açarını verirsə və artıq öz eviniz kimi buradan istifadə edəcəksinizsə, qiymət 50-80 manat arasında dəyişir.

Hotellərdə isə keyfiyyət üstünlüklərini nəzərə almaqla bir nəfərlik qiymət 30 manatdan başlayır. Əgər səhər yeməyi də arzulayırsınızsa, qiymətlər 45 manatdan başlayır. Elə hotel var ki, bir nəfər üçün qiymət 80 manat təşkil edir.

Burada sırf ailə paketi çərçivəsində fəaliyyət göstərən hotel də var. Həmin hoteldə eyni qapıdan bir neçə otaqlı mənzillərə keçid etmək mümkündür. Səhər yeməyi də daxil olmaqla qiymət 210-220 manat arasında olur. Bu mənzillərdə 14-15 nəfərin qalması mümkündür.

Sonda bizə tur menecerliyi edən Kamal bəy “Lahıc deyəndə ilk olaraq ağıla nə gəlir?” – sualını cavablandırdı:

“Lahıc deyəndə sənətkarlıq mərkəzi və şəhərsalma mədəniyyəti ağıla gəlir. Burada iqlim kənd təsərrüfatını inkişaf etdirməyə imkan vermir. Demək olar ki, sənətkarlığın hamısı burada cəmlənib. Həmçinin, Lahıcın özünəməxsus mətbəxi var. Eləcə də, səhər mədəniyyətinə nümunədir Lahıc. Bizim yağış yağanda küçələrin suyun içərisində qalması kimi bir problemimiz belə yoxdur”.

Nigar Məmmədova

FOTO: Tapdıq Abdullayev


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678