Azərbaycanda çörək bahalaşacaqmı? – Deputat açıqladı

14 Baxış
  • Qazaxıstan da buğda ixracatına qadağalar tətbiq edir. Mərkəz Asiya ölkəsi bunu qlobal qıtlıq təhlükəsi ilə əlaqələndirir. Hər il xaricə 1 milyard 137 milyon dollarlıq buğda satan Qazaxıstan dünyada 9-cu ən böyük ixracatçıdır. Bundan əvvəl də, 8 milyard dollarlıq ixracatı ilə dünyada xaricə ən çox buğda satan Rusiya və eləcə də, 3,5 milyard dollar eksport ilə ilk beşliyə daxil olan Ukrayna da satışı dayandırmışdı. Göründüyü kimi, dünyada ən çox buğda ixrac edən ilk onluq ölkəsindən 3-ü xaricə satışı tamamilə dayandırıb, bir sıra digər ölkələrdə isə məhdudiyyətlər tətbiq olunur.

    Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sözügedən məhdudiyyətlərin Azərbaycana təsirini şərh edərkən deyib. O bildirib ki, bütün bu baş verənlər fonunda BMT dünyada 1,7 milyard insanın aclıq təhlükəsi ilə üz-üzə qalacağı barədə xəbərdarlıq edib. Dünya yeni aclıq riski ilə qarşılaşmaqdadır. Eyni zamanda, hətta inkişaf etmiş ölkələrdə də ərzaq məhsullarının qiymətlərində artımlar sürətlənib. ABŞ-da illik infilyasiya 8,5%-dək yüksəlib ki, bu da 1981-ci ildən sonra ən yüksək göstəricidir. Birləşmiş Krallıqda da son 30 ildə ən yüksək infilyasiya qeydə alınıb.

    Millət vəkili vurğulayıb ki, Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı mətbəxdə xüsusi paya malikdir: “Ölkəmizdə gündəlik çörək istehlak etməyən az sayda ailələr var. Bu baxımdan, çörəyin qiymətindəki dəyişikliklər həmçinin digər ərzaq mallarının qiymətinə də psixoloji təsir göstərir. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbin 40%-i idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80%-lə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da, Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. Ötən il idxal etdiyimiz buğdanın qiyməti təxminən 30% bahalaşmışdı”.

    V. Bayramovun sözlərinə görə, bununla yanaşı, Azərbaycan buğda ilə bağlı ehtiyatlarını ötən ilin sonu və bu ilin əvvəli daha da artırmağa çalışıb və bu proses davam edir. Belə ki, sadəcə bu ilin yanvar ayında ölkəmiz buğda idxalını 4 dəfə artırıb. Preventiv olaraq, Azərbaycan strateji məhsullar ehtiyatlarını daha da artıraraq dünya bazarındakı potensial qıtlığa reaksiya verməyə çalışıb:

    “Nazirlər Kabinetinin məlumatına görə, strateji ərzaq məhsulları ilə bağlı qıtlıq təhlükəsi yoxdur. Hökumət istehlak bazarında tarazlığın qorunub saxlanılacağını bəyan edib. Bunlarla yanaşı, dünya bazarındakı qeyri-müəyyənlik ərzaq ehtiyatlarının daha da artırılmasını prioritetləşdirib.
    Təbii ki, ən uyğun yol idxaldan asıllığın aradan qaldırılmasıdır.  2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38%-i buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi də olsa artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhvə verəcəyi gözlənir”.

    “Aydındır ki, dünya bazarındakı qiymət artımları fonunda idxal inflyasiyası qaçılmazdır. Etiraf etmək lazımdır ki, bu ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-infliyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq. Artıq Hindistandan buğda idxalı ilə bağlı danışıqlar aparılır. Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır. Ukrayndakı müharibənin dünya bazarında yaratdığı  qeyri-müəyyənlik isə dərinləşməkdədir”, – deyə deputat əlavə edib.