Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyanın Ukraynaya qarşı müharibəsi planetdə aclığa səbəb ola bilərmi?

114 Baxış

Turanmedia.az xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi nəinki ukraynalılara və ruslara ölüm gətirir, həm də bütün dünya üçün kəskin ərzaq böhranı və yoxsulluğun artması təhlükəsi yaradır. Rusiyanın özünə dost saymadığı kasıb ölkələrsə Vladimir Putinin cəbhə açdığı Qərbdən qat-qat çox əziyyət çəkəcək.

Müharibədən əvvəl ərzaq bazarının əsas satıcılarından olan Rusiya və Ukrayna taxıl və bitki yağı ixracında aparıcı mövqelərə sahib idilər. Rusiya həm də neft, neft məhsulları və təbii qazın ən böyük ixracatçılarından biridir.

İndi bu prosesdə ləngimələr baş verir, çünki Ukraynanın özündə ərzaq qıtlığı yaranıb, Rusiya donanmasının qalıqları bu ölkənin taxıl limanlarını blokadaya alıb. Bundan sonra vəziyyət daha da pisləşəcək. Bu il məhsul olub-olmayacağı şübhə altındadır, çünki Ukraynanın münbit qara torpağına günəbaxan toxumu əvəzinə minalar və vurulmuş Rusiya tankları “səpilib”, traktoru olan fermerlərsə tez-tez əkini buraxıb hərbi texnikaları sahədən çıxarmalı olurlar.

 

Bütün bunlar ilk növbədə kasıb dövlətlərə – əhalisi ailə büdcəsinin böyük hissəsini ərzağa xərcləyən ölkələrə ciddi problemlər yaradacaq. Dünya kovidin və ötənilki quraqlığın mənfi təsirlərindən yenicə dirçəlməyə başlamışdı, ərzaq qiymətləri isə müharibəyə qədər də xeyli yüksək idi. Hazırda isə bu qiymətlər müşahidə altında olan son 32 ilin ən pik səviyyəsinə çatıb – təkcə mart ayında 13%, marta qədərsə il ərzində 33% artım olub.

 

Müharibə ucbatından kənd təsərrüfatı texnikası üçün yanacağın, dənizdə və quruda yükdaşımaların, kreditlərin, gübrələrin, saxlama xidmətlərinin qiyməti artıb. Həm insanlara, həm də mal-qaraya lazım olan taxılın miqdarı azaldığı üçün ət və digər ərzaq məhsulları bahalanır.

 

Planetimiz aclıq təhlükəsiylə üz-üzədirmi? Xeyr, belə bir təhlükə yoxdur.

 

“Bruegel” tədqiqat mərkəzinin mütəxəssisləri əmindirlər ki, “ən pis ssenaridə belə, dünyada planetin bütün əhalisini qidalandırmağa yetəcək qədər qida tapılacaq”.

 

Çətin olacaq, daha az yemək lazım gələcək, amma aclıq təhlükəsi yalnız Somali, Əfqanıstan və Yəmən kimi kasıb və münasişəli ölkələr üçün realdır. Ən az zərər çəkənsə varlı Qərb – Putinin Ukraynaya qoşun göndərməklə savaş açdığı ölkələr olacaq.

 

Ən çox hansı ölkələrə ziyan dəyəcək?

İnkişaf etməkdə olan, quraqlıq zonalarda (Yaxın Şərqdə və Şimali Afrikada) yerləşən ölkələrdə vəziyyət daha ağır olacaq. Bu ölkələrin ərzaq tələbatının 90%-i idxal hesabına ödənir, onlara ən yaxın idxalçılarsa Ukrayna və Rusiyadır.

 

“Bruegel”-in araşdırmaçıları deyirlər ki, “Əsas qida məhsullarının bahalanması humanitar böhranı və siyasi riskləri artıracaq. Qiymətlərin indiki həddə olduğu sonuncu belə vəziyyət “Ərəb baharı”yla nəticələnmişdi”.

 

On il əvvəlki etirazlar və inqilablar dalğası Liviya, Tunis, Misir və Yəməndə hakimiyyət dəyişikliyi, Suriyada isə Rusiyanın da qoşulduğu müharibəylə nəticələnmişdi. Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri bildirirlər ki, Rusiyanın Ukraynaya hücumunun dolayı qurbanları bu dəfə Türkiyə, Misir, Hindistan, Tailand, Gürcüstan, Ermənistan, Cənubi Afrika, Livan və hətta Şri-Lanka ola bilər.

Hazırda bu ölkələrdə vəziyyət daha ağırdır, çünki onlar Rusiyayla ticarətdən ciddi dərəcədə asılıdırlar, turizmdən qazanırlar, Rusiyaya qarşı sanksiyaları pozmaqla Qərblə açıq konfliktə girmək istəmirlər və bütün bunlarla yanaşı, daxildə siyasi stabilliyə təhlükə yaradan iqtisadi böhranla üz-üzədirlər.

 

Məsələn, Misir dünya üzrə ən böyük taxıl ixracatçılarından biridir, müharibəyə qədər bu ölkəyə gələn turistlərin 20%-i Rusiya vətəndaşlarıydı. Eynilə Türkiyədəki kimi. Amma Türkiyənin həm də 93 faiz neft, 99 faiz isə qaz idxalından asılılığı var.

 

Ukraynadan başqa, Rusiyadan ərzaq və neft-qaz alan bütün qonşu dövlətlər, ələlxüsus da əhalisinin bir qismi Rusiyaya iş dalınca gedən ölkələr zərər çəkəcəklər. Çünki həm işçi axını, həm də onların öz ailələrinə göndərdikləri pulların miqdarı azalacaq – əvvəlcə valyuta və nəqliyyat məhdudiyyətlərinə, daha sonra isə müharibə və sanksiyalara, Rusiya iqtisadiyyatının yavaşlamasına, işçi qüvvəsinə tələbin və real gəlirlərin azalmasına, valyuta məzənnəsinin və Rusiyada əcnəbilərə qarşı dözümsüzlüyün artmasına görə.

 

Müharibəyə qədər Rusiyada işləyənlərin göndərdiyi pullar Tacikistan və Qırğızıstan iqtisadiyyatının təxminən dörddə birini, Özbəkistan və Ermənistanda isə ÜDM-in, demək olar, onda birini təşkil edirdi.

 

Bu ölkələrin vəziyyəti çətin olacaq, amma aclıq təhlükəsi ancaq Əfqanıstan və Yəmən kimi ən yoxusl və münaqişəli dövlətlər üçün realdır.

 

BMT-nin məlumatına görə, Rusiyanın Ukraynaya hücumuna qədər 38 ölkədə yaşayan 44 milyon insan aclıq həddində, planet əhalisinin hər 10 nəfərindən biri isə (720 milyon nəfər) yarıac yaşayıb. BMT müharibəyə görə onların sayının ya 8 milyon (optimist qiymətlərndirmədə), ya da 13 milyon (pessimist qiymətləndirmədə) artacağını bildirir, – əsasən Asiya, Afrika və Yaxın Şərq ölkələrində.

 

Yağ və taxıl əvəzinə hərbi toplar

İldə təxminən 33 milyon ton buğda satan Rusiya bu məhsul üzrə dünyanın ən böyük ixracatçılarından biridir. Ukrayna isə ildə 20 milyon ton satır. Dünya ixracının dörddə biri bu iki ölkənin payına düşür, amma ümumi istehlakda onların payı xeyli azdır, çünki əksər ölkələr özünü taxılla təmin edir.

 

BMT-nin proqnozuna görə, müharibə ucbatından taxıl istehsalı Ukraynada 5 milyon, Rusiyada isə 3,5 milyon ton azalacaq. Bu, dünya üzrə illik istehlakın (770 milyon ton) cəmi 1 faizini; anbarlarda olan 300 milyon ton taxılı da nəzər alsaq, daha azını təşkil edir.

 

Argentina və Braziliyanın bol məhsul itkiləri kompensasiya edə bilər, üstəlik, Rusiya özü də hələ ixracı azaltmır, əksinə, artırır.

 

Doğrudur, artan qiymətlər fonunda inflyasiyanın qarşısını almaq üçün bu ölkələr ixracı azalda bilərlər. Üstəlik, buğdanı Cənubi Amerikadan gətirmək həm gec, həm də qat-qat bahadır, çünki yük tarifləri və dəniz yanacağının qiyməti ötən illə müqayisədə artıq iki dəfə artıb.

 

Digər dənli bitkilərin, xüsusilə də günəbaxan yağının tədarükündə daha böyük problemlər yaranıb. İxracın azalması bu yağı kəskin bahalandırıb və yoxul ölkələrdə milyonlarla insanı ənənəvi ev yeməklərindən imtina edərək köhnə yağda bişirilən küçə yeməklərinin dadına öyrəşməyə məcbur edib.

 

Dünya üzrə günəbaxan yağı tədarükünün 57 faizi Rusiya və Ukraynanın payına düşür. Avropa İttifaqından başqa, bu məhsulu Hindistan, Çin, İran və Türkiyə də idxal edir. İndi onlar digər bitki yağlarına keçirlər, bu isə Malayziya palma yağı istehsalını azaltdığına görə və Kanada, Braziliya və Argentinadakı ötənilki quraqlıq ucbatından böyük defisit yaranmış bazarda qiymətlərin artmasına gətirib çıxarıb.

 

Dünya bazarında buğdanın və neftin bahalaşması həm də ona görə kasıb ölkələrə daha çox zərbə vuracaq ki, işçi qüvvəsi, pərakəndə satış sahəsinin icarəsi və sairə kimi komponentlərin daha ucuz olduğu bu ölkələrdə məhsulun son qiymətində xammalın payı daha yüksəkdir.

Ona görə də buğda bahalananda Parisdəki bulka mağazası maya dəyərində ciddi dəyişiklik olmayan bagetin (uzun və nazik formada olan çörək) qiymətini artırmaya bilər, amma Buxara və ya Tequsiqalpa bazarlarındakı satıcılar kökə və tortilla üçün daha çox pul istəməyə məcburdurlar. Qiymətlər tənzimlənəcəyi halda (bir çox kasıb ölkələrdə olduğu kimi) isə keyfiyyətdə və ölçüdə fərq yaranacaq. Artıq Kot-Divuarda çörəkçilər bagetin çəkisini 200 qramdan 150 qrama endirmək üçün hökumətdən icazə istəyiblər.

 

“Nə sülh, nə də inkişaf”

BMT-nin ilkin hesablamalarına görə, Ukrayna müharibə ucbatından əkin sahələrinin 20-30%-ini və ixracatının bir hissəsini itirəcək. “Bruegel”-in proqnozu isə daha bədbindir: ən pis halda bütün məhsul ölkədə qalacaq, ixrac sıfıra düşəcək; ən yaxşı halda isə üçdə bir qədər azalacaq, o da müharibə tezliklə bitərsə.

 

Araşdırmanın müəllifləri xəbərdarlıq edirlər ki, “Tam mənzərə payızda – növbəti məhsulun yığılacağı mərhələdə aydın olacaq”.

 

Onlar ən az Qərb dövlətlərinə ziyan dəyəcəyini bildirirlər.

 

“Əvvəlcədən tədbir görülsə, ərzaq qıtlığının zərbəsini yumşaltmaq olar. Avropa İttifaqı, ABŞ, Avstraliya və digər iri taxıl istehsalçıları bunu edə bilərlər. Çünki onların çox effektli kənd təsərrüfatı və məhsul istehsalını artırmaq üçün kifayət qədər boş torpaqları var”.

 

Rusiyanın məhsuldar Ukraynaya təcavüzünün birbaşa zərərindən başqa, müharibənin dolayı təsirləri də olacaq və bu, ərzaq böhranını daha da dərinləşdirəcək.

 

Hələ ki Qərb Ukraynaya yardım edir, Əfqanıstana və Yəmənə vaxt ayırmaq imkanı yoxdur. Ərzağın azaldığı və bahalandığı, daşıma qiymətlərinin artdığı, humanitar büdcələrinsə əvvəlki ölçüdə qaldığı və hətta kiçildiyi günlərdə yardıma möhtacı olanların sayı daha bir neçə milyon artıb.

 

Əgər əvvəllər Ukrayna BMT-nin ərzaq proqramı üçün taxıl və yağ ayırırdısa, indi nəinki bunları ixrac etmir, hətta özü yardım alan ölkəyə çevrilib. Artıq 1 milyon ukraynalı ərzaq paketləri və yeməkpulu alıb, yaxın gələcəkdə BMT daha 3,3 milyon ukraynalıya dəstək verməyi planlaşdırır.

 

Müharibədən əvvəl təşkilat dünya üzrə 137 milyon insanı aclıqdan xilas etmək üçün 2022-ci ilə qədər 19 milyard dollar toplamağı hədəfləmişdi, amma hələ ki donorlar BMT-nin ərzaq proqramına bu məbləğin yarısından da azını ödəyiblər.

 

Başqa problemlər də var. Ərzaq qiymətlərinin artması ümumi inflyasiyanı sürətləndirir, bu isə mərkəzi bankları faiz dərəcələrini artırmağa məcbur edir. Nəticədə insanlar, ölkələr və şirkətlər yüksək faizlə daha az borc alırlar. Bu, zəngin ölkələrdə inkişafa mane olur, kasıb ölkələr üçünsə iflas təhlükəsi yaradır.

 

Pandemiya dövründə bu ölkələrin çoxu borc götürməli olub, 40-a yaxını borc böhranıyla üzləşib. Hətta aşağı faiz dərəcələri belə bu ölkələr üçün ciddi çətiniklər törədib, yüksək dərəcələrsə yarıac yaşamaq məcburyyəti deməkdir.

 

Müharibə inkişaf etməkdə olan ölkələrin daha çox ehtiyac duyduğu malların azalmasına da səbəb olub. Koronaviruslu 2020-ci ildə bu malların dünya ticarətindəki həcmi 5% azalmış, keçən ilsə itkilərin yerini doldurmaq və 10% artım əldə etmək mümkün olmuşdu. Ümumdünya Ticarət Təşkilatı builki artımın təxminən 5% olacağını proqnozlaşdırırdı, amma indi növbəti iki il ərzində 3%-lik nəticəyə ümid edir.

 

Ona görə ki, Putin İkinci dünya müharibəsindən sonra Avropada ən genişmiqyaslı müharibəyə başlayıb Qərbə qarşı səlib yürüşü elan etdi.

 

“Tarix bizə öyrədir ki, dünya iqtisadiyyatı bir-birinə əks iki bloka bölünəndə və kasıb ölkələrə arxa çevirəndə nə sülh, nə də inkişaf olur”, – Ümumdünya Ticarət Təşkilatının rəhbəri Nqozi Okonco-İveala belə deyir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678