Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yasəmən Malik: “SAĞKƏN, UNUDULAN ADAM OLMAQ İSTƏMİRƏM”

276 Baxış

Artıq 2024 ilin astanasındayıq…Və əlbəttə ki, bir qədər yaşananları saf çürük etmək pis olmazdı.
Ən çox da yaradıcı insanlara xasdı bu… Çünki onlar daha həssas, daha kövrəkdirlər… Başqalarına bəlkə də əla görünən, onları qane etməyə bilər.
İstedadlı aktrisa Yasəmən Malik də özünə qarşı çox tələbkardır. İllər ötdükcə hər obraza yanaşma tərzi, baxış bucağı dəyişir, illərin təcrübəsinə arxalanaraq mükəmməl işlərə imza atmaq istəyir.
Bu günkü görüşümüz də vətənpərvərlik ruhunda çəkilən “Zəfər bayrağı” filminə həsr olunub. Film Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Gəncə sakini Rəşad Məmmədovun xatirəsinə həsr olunur. Onun anasını isə Yasəmən xanım canlandırır. Onlarla aktrisanın içindən məhz onun seçilməsi və təsdiq olunması əlbəttə ki qürurvericidir. Çünki məhz vətənpərvərlik ruhunda çəkilən filmlərdə, tamaşalarda, layihələrdə çalışmaq, məsuliyyətli olduğu qədər də fərəhlidi. Aktrisa Şuşada, Gəncədə yaradıcı qrupla birgə olmuş və şəhid anası ilə canlı unsiyyət zamanı göz yaşlarını saxlaya bilməmişdi. Və əlbəttə ki, Rəşad kimi yüzlərlə şəhid olan oğullarımız tək o anaya deyil bütün Azərbaycan analarına oğuldu!
Yasəmən Malik yaradıcılığına nəzər salsaq, görərik ki, aktrisa təkcə Sumqayıt teatrında böyük uğur qazanan “Bəxt üzüyü” tamaşasındakı Seda obrazı ilə deyil, məzmunlu, psixoloji dramatik yüklü obrazların öhdəsindən layiqincə gələrək bir aktrisa kimi özünün amplua çərçivəsinə sığmadığını təsdiqləmiş, nəticədə bir birinə əks rollar yaradaraq tamaşaçı sevgisini qazanmışdır. “Ünvansız qatar”, “Varislər”, “Mən səni sevirəm”, “Çeburaşka”, “Balaca yaramaz məxluq”, “Kod adı V.X.A” və s. tamaşalarındakı rolları buna gözəl sübutdur. Eyni fikirlər aktrisanın film və seriallarına, uşaq tamaşalarına da aiddi.
Baxın bir şeyi xüsusi vurğulamaq istəyirəm. Yasəmən xanımın fakturasında elit təbəqəyə məxsus cizgilər var ki, bu da müasir dövr üçün çox aktualdır. Zəngin, baxımlı, özündən razı xanımın obrazı faktura baxımdan hər aktrisaya verilmir. Türkiyədə bilirsiniz ki, uzun illərdi aktrisa Nəbahət Çehrə bu rolları böyük məharətlə oynayır və istedad, faktura baxımından ona rəqib çox azdır.
Amma bununla yanaşı aktrisa Azərbaycanda çəkilən filmdə şəhid anasını da oynamağı bacardı. Eyni vəziyyət Yasəmən Malik yaradıcılığı üçün də keçərlidir ki, bu gün də onun ana obrazı bizim sevgimizdən yan keçmədi. Demək ki, əsl aktrisa üçün amplua problemi olmamalıdır.
Aktrisanın dediklərindən:
“Teatra, Azərbaycana bağlı bir insanam. Həyatımı sənətə həsr eləmişəm və düşünürəm ki, bu gün də zəhmətimin müqabilində nə bir fəxri adım, nə də ki evim var. Yaş ötür… Sağ ikən unudulan adam olmaq istəmirəm…
Bu günkü görüşümüz də teatrın 150, ulu öndərin 100 illik yubileyi ərəfəsində baş tutur. Necə deyərlər, ümid sonda ölür… Ümid edirəm ki, dövlət qayğısından kənarda qalmaram.”
Daha bir məqam: səhnəyə çıxan aktrisanın fiziki formasının qaydada olmaması obrazın mükəmməliyinə az da olsa xəsarət yetirir ki, Yasəmən xanım bu mənada da göz oxşayır. Yasəmən Malik eyni zamanda cox uğurlu dublyaj aktrisasıdır ki, bu da hər aktrisaya nəsib olmur. O öz ecazkar səsi ilə obraz yaradır. Səsləndirdiyi filmlərin də öz sambalı, öz çəkisi var.
Bu gün aktrisa, ömrünün kamil bir dövrünü yaşayır, sevincini, kədərini səhnədə bizlərlə bölüşür… Hamı kimi o da problemlərdən, qayğılardan yan keçməmişdir. Amma bütün sənətsevərlər kimi o da səhnəyə çıxan kimi hər şeyi unudur, bu böyük sevgiyə sarılıb yaşamına davam edir. Könül istər ki, onun sənət coşqulu həyatı daha zəngin, daha uğurlu olsun. Yeni il ona yeni mükafatlar, adlar ən başlıcası isə rəngarəng obrazlar gətirsin.

Təranə Feyzullayeva.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678