Erməniləri təbliğ edən filmdə çəkilən aktyorumuz danışdı

8 Baxış

Rusiya istehsalı olan “Yeniçəri” tarixi serialında xalq artisti Pərviz Məmmədrzayev və aktyor Kamran Ağabalayev də yer alıb. Serialın baş prodüserlərindən biri Rusiyada məşhur filmlərin böyük əksəriyyətinin prodüseri olan Ruben Dişdişyandır. Rollarda erməni akyorların da yer alması, həmçinin türklərə qarşı işlədilən alçaldıcı sözlər və tarixi faktların təhrif edilməsi azərbaycanlı izləyicilərdə narazılıq yaradıb. Azərbaycanlı aktyorların “Yeniçəri”də nə üçün çəkilməsi də müzakirə olunur.

Doğrudur, filmin tarixi gerçəkliyi əks etdirmədiyi və xəyal məhsulu olduğu haqda xəbərdarlıq edilir. Ancaq bu xəbərdarlıq tarixi məsuliyyətdən və ittihamlardan yayınmaq üçündür: əsas filmin tamaşaçıya təsiri və altşüura ötürülən saxta informasiyadır. Ermənilər hər zaman bu metodlardan istifadə ediblər.

Turanmedia.az Aktyor Kamran Ağabalayevin mövzu ilə bağlı Kult.az-a müsahibəsini təqdim edir.

– Lap əvvəldən başlayaq: “Yeniçəri” serialına çəkilmək üçün sizə kimdən dəvət gəldi?

 

– Təklif əvvəlcə Azərbaycandakı menecerim Səbuhi bəyə gəlmişdi. Biz sınaq videosunu çəkib göndərdik. Sonradan Moskvaya sınaq mərhələsi üçün dəvət etdilər.

 

– Ssenari ilə əvvəlcədən tanış oldunuz?

 

– Sınaqdan keçərkən ssenarinin yalnız müəyyən bir hissəsi, maksimum 3 səhnə ilə sınanırsan. Sınaqdan keçdikdən sonra ilkin müqavilə bağlanır ki, ssenarini oxumağımız üçün göndərsinlər.

 

– Serialın aktyorları arasında ermənilər də yer alıb. Çəkilişlər zamanı münasibətlər necə idi? Hər hansı problemlə üzləşdinizmi?

 

– Mən çəkilişin təxminən 25-26-cı günü İstanbula getmişəm. Müqaviləyə görə, çəkiliş prosesi hardasa 8 aya qədər davam edib. Əlbəttə, çəkiliş meydançasında gəlib erməniləri də görürsən. Sadəcə, sən oynadığın rola diqqətini ayırdığın üçün kiminləsə danışmağa vaxtın olmur. Rusiyada, Avropada, Türkiyənin özündə kino şərtləri bir az fərqlidir. Sən diqqəti tamamilə öz işinə yönəltməlisən. Erməni aktyorlardan biri mənim əsgərim rolunda idi. Aramızda cəmi bir səhnədə 2-3 cümlədən ibarət dialoq olub. Mən Bəyazid ağanı canlandırırdım. Əsgərlərimə əmr formasında nəsə deyə bilərdim. Lakin əsas dialoqlarım filmin baş qəhrəmanı Malakovla, bir də xalq artistimiz Pərviz Məmmədrzayevin canlandırdığı Trabzon valisi ilə olub.

 

– Azərbaycanda rəsmi dərc olunan məlumatlarda bildirilir ki, serialın baş prodüseri belaruslu Yelena Deniseviçdir. Lakin filmin rəsmi məlumatlarında birinci baş prodüserin erməni Ruben Dişdişyan olduğu göstərilir. Erməninin baş prodüser olduğu filmdə rol almaqdan ehtiyat etmədiniz ki?

 

– Diqqət etsəniz, filmdə 2 şirkət var. Biz müqaviləni baş prodüseri Yelena Deniseviç olan “Alyans” şirkəti ilə bağlamışıq. Ümumiyyətlə, serialda iki şirkətin olmasından bixəbər idik. Müqavilə bağlandıqdan sonra serial çəkilişlərinin ortalarında ola bilər ki, istehlakçı şirkətin maliyyə sıxıntıları meydana gəlib. Səbəbləri bilmirəm. Filmin gedişində digər şirkət prodüserliyə cəlb edilibsə, aktyor o məsələlərə qarışa bilməz. Çünki əlində müqaviləsi var. Bizim üçün əsas olan ssenaridəki bəzi hissələrin çıxarılması, rejissor və ssenari müəllifi, həmçinin müqavilə bağladığımız prodüserin erməni olmaması idi. Məşhur rejissor İvan Şurxoveçki isə işləmək istədiyim rejissor idi. İndiyə qədər də çox gözəl əlaqələrimiz var.

 

– Serialda tarixin təhrif olunduğu məqamlar çoxdur. Düzdür, giriş hissədə ssenarinin təxəyyül məhsulu olduğu yazılır. Belə olsa da, çox izləyici buna diqqət etmir. Məsələn, erməni knyaz öz qızını Osmanlı sultanına verir. Osmanlı dövründə “erməni knyaz” təxəyyül ola bilər. Lakin filmdə onun “Xəzər sahillərinin knyazı” kimi qələmə verilməsi… Bu, dünya ictimaiyyətinin beyninə növbəti uydurma detalı salmaqdır.

– Bizə başda verilən ssenaridə o knyazın yeri ilə bağlı Qarabağ adı çəkilmişdi. Bu səbəbdən əvvəlcə menecerimlə ssenariyə yox dedik. Şərtlərimizi bildirdik. Erməni qızının Qarabağdan gəlməsi mövzusunda heç bir halda razılaşmadıq. Əks təqdirdə seriala çəkilməyəcəyimi dedim. İradlarımızdan sonra ssenaridən Qarabağı çıxartdılar. Hətta Qarabağla bağlı bir çox məqamlar da var idi. Etiraz etdikdən sonra hamısını ssenaridən yığışdırdılar. Mən seriala baxmamışam. Çəkildiyim filmlərə, seriallara sonradan baxmağı sevmirəm. Montajda sonradan erməni qızın Xəzər sahilindən olduğu deyilirsə, bu, rejissor və prodüserin bağlı qapı arxasında həyata keçirdiyi prosesdir. Buna artıq biz heç bir müdaxilə edə bilmirik.

 

– Həmçinin izləyicilər serialda türklərə qarşı alçaldıcı ifadələrin də səsləndirildiyini bildirirlər. Ssenaridə belə hallara yer verilməsinə görə etirazlarınız oldumu?

 

– Serialın 60-70%-i demək olar, İstanbulda çəkilib. Türkiyə Mədəniyyət Nazirliyindən tutmuş bütün böyük şirkətlərin bundan xəbəri var idi. Bütün ssenarini oxumuşdular. Mənim canlandırdığım Bəyazid xarakteri düşünmürəm ki, serialın mənfi qəhramınıdır. Çox müsbət, sərt olsa da, bir o qədər ədalətli, düzgün biridir. Serial təxəyyülün məhsuludur. Hamı film hekayəsində bir-birini söyə bilər. Bu, dramaturgiya ilə bağlıdır. Burada başqa bir şey axtarmaq çox səhv fikirdir. Seriala baxdıqdan sonra ətraflı fikir bildirə bilərəm. Lakin istənilən filmə baxsaq, görərik ki, heç kim öz düşmənini şirin sözlərlə yad etmir. Rusiya da almanlar haqqında film çəkəndə almanları söyürdü.

 

– Bu seriala görə sizə nə qədər qonorar təklif etdilər?

 

– Məbləği deməyəcəm. Yalnız onu deyim ki, 21 (ya da 31, dəqiq xatırlamıram) çəkiliş gününə bizim aktyorların Bakıda 4-5 il ərzində seriala çəkilməsinə görə aldığı məbləğ qədər…

 

– “Yeniçəri”dən sonra sizə tarixi filmlərlə bağlı təkliflər oldu?

 

– Serialın montajı bitənə yaxın “Alyans” şirkəti “Yekaterina-2”-nin çəkilişlərinə başlayırdı. Həmçinin “Qızıl Orda”nın da ikinci hissəsinin çəkilişləri başlanırdı. Bu filmlərlə bağlı təkliflər gəldi. Lakin müharibə ilə əlaqədar hazırda Rusiyadakı vəziyyət çəkilişlərin dayanmasına səbəb olub. Türkiyədən də bəzi təkliflər oldu. Müəyyən səbəblərə görə anlaşa bilmədik.