Bərdə şəhərində Şuşa mətbəxi sərgilənib

119 Baxış

Turanmedia.az xəbər verir ki, ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan olunması ilə bağlı Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir. Bərdə şəhər Mədəniyyət Sarayında “Qarabağın döyünən ürəyi Şuşa” adlı tədbir təşkil edilib.
Tədbirdə iştirak edən qonaqlar Şuşanın milli geyimlərinə uyğun olaraq qarşlanıblar.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Şuşa yaradıcılığından və milli mətbəxindən ibarət təşkil olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Şuşanın tarixi, mədəni və dini abidələrinin maketləri, Şuşa xalçaları, əl işləri, Şuşa şəhərindən gətirilən torpaq və “Qurani-Kərim”, Şuşa mətbəxinə xas olan “Qalya” xörəyi, “Canınaçəkmə”, “İyməli” plovlar, “Qırxbuğumlu”, “Şüyüdlü-boyanalı“, “Şeştrəngli”, “Qatıqlı” aşlar, “Limonlu-reyhanlı” və “Qızılgül” şərbətləri, “Qarabağ kətəsi, qatlama və s. nümayiş olunub və tədbir iştirakçıları adları çəkilən təamlardan dadıblar.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan danışıb. Vurğulayıb ki, şanlı Azərbaycan Ordusu 30 il düşmən tapdağı altında qalan doğma torpaqlarımızı 44 günlük uğurlu hərbi əməliyyatlar nəticəsində azad etdi. Bu əməliyyatlar sayəsində yaşayış məntəqələrimiz Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun şücayəti və əzmkarlığı nəticəsində bir-birinin ardınca ermənilərdən təmizləndi. 30 illik işğal dövründə erməni vandallığına məruz qalan ərazilər Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı, Heydər Əliyev Fondunun proqram və layihələri ilə bərpa olunur, yenidən qurulur.
Tamaşaçılar tərəfindən maraqla qarşılanan ədəbi-bədii kompozisiyada Şuşaya həsr olunan mahnılar və Xurşidbanu Natavanın “Qərənfil” şeiri səsləndirilib. Həmçinin, tədbirin bədii hissəsində Səməd Vurğunun Vaqif dramından Vaqif və Xuramanın səhnəciyi nümayiş olunub.