Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəbhəyə könüllü yollanan həkimimiz: “Əsgər dedi, heç bir narahatlığım yoxdur, ayağımı itirmişəm” – MÜSAHİBƏ

144 Baxış

Sentyabrın 27-dən başlanan 44 günlük Vətən Müharibəsi şanlı qələbə ilə başa çatdı. Nəticədə, 30 ilə yaxın bir dövrdə erməni işğalında olan torpaqlarımız düşmən tapdağından azad olundu. 

Vətən Müharibəsinin zəfərlə başa çatmasında ordumuzla yanaşı, heç şübhəsiz, fədakar həkimlərimizin də rolu var. 

Döyüş bölgəsində yaralı əsgərlərimizə kömək edən həkimlərimizdən biri alqoloq (Ağrı müalicə həkimi) Vüsal Eyvazov Oxu.Az-ın suallarını cavablandırıb.

– Vüsal həkim, könüllü cəbhəyə getməyə sizi nə sövq etdi?

– Könüllü cəbhəyə getməyimin səbəbi Azərbaycan torpağının oğlu kimi həkim olaraq vətəndaş borcumu yerinə yetirmək və yaralı əsgərlərimizə kömək etmək idi.

Mənim bir fikrim var idi ki, yaralanmış döyüşçülərimizin həyatını xilas etməliyəm. Ön cəbhədə onlara kömək etmədən əvvəl, Bakıda yaralı əsgərlərə baş çəkib, yardım etmişdim. Amma içimdə narahatlıq vardı və qərar verdim ki, cəbhə bölgəsində yaralı əsgərlərə yardım göstərməliyəm. Buna görə getdim.

– Şübhəsiz, hər bir vətən oğlu torpaqlarımızın azadlığı üçün əlindən gələni etmək istəyib. Siz hansı məqamda dediniz ki, o gün bu gündür? Getməliyəm.

– Düzü, Vətən Müharibəsi başlayan zamandan cəbhə bölgəsinə getmək üçün dəfələrlə könüllü olaraq müraciət etmişəm. Bildirildi ki, yetərincə həkimlər var. Daha sonra Füzuli, Cəbrayıl, Qubadlı bölgəsinə gələn yaralıların sayı artdı. Çünki aktiv döyüşlər orada gedirdi.

Horadizdə yerləşən Füzuli Diaqnostika Mərkəzində həkim çatışmazlığı, yaralıların çox olması və anestezioloq gücləndirilməsinə ehtiyac vardı. İşçi qrupumla Füzuliyə yollandıq. Döyüş zonasından gələn yaralıları qəbul edib, yardım etdik.

 

– Cəbhənin hansı istiqamətində işlədiniz? Ən çətin vəziyyət hansı idi?

– Mən İşçi qrupumla birbaşa Füzuli zonasına getdim və orada anestezioloji xidmətin təşkili üçün çalışdıq. Bizim üçün orada hər gün çətin keçirdi. Bütün həkimlər gecə-gündüz yaralılarımızın həyatını xilas etmək üçün əzmlə xidmət edirdilər.

Ən kədərləndirim məqam o idi ki, yaralı əsgərlərimizdən biri birbaşa döş qəfəsinə dəyən qəlpə yarasından ürəyin parçalanması və ürək dayanması ilə bizə gətirilmişdi. İlkin reanimasion tədbirlərimizi başladıq və onu əməliyyata aldıq. Qapalı ürək masajı effektiv olmadığı halda, cərrahi briqada təcili şəkildə döş qəfəsini açaraq, ürəyin açıq masajını icra etmək məcburiyyətində qaldılar.

Biz də onlara anestezioloq olaraq yardım etdik ki, xəstə geri qayıtsın.Təəssüf ki, qəlpə ürəyi, ağciyəri tam parçalamışdı. Biz o yaralı əsgəri itirdik və bu, mənə çox pis təsir etdi. 

– Döyüşlər zamanı xəstəxanaya gətirilən neçə yaralı itirdiniz?

– Xəstəxanaya gətirilən əsgərlər həddən artıq ciddi yaralı idilər. Buna baxmayaraq, briqadamızın əməli sayəsində az sayda yaralı itirdik. Hər yaralımıza yardım göstərilirdi. 

– Hər gün neçə nəfəri əməliyyat edirdiniz? 

– Düzü, buna dəqiq cavab verə bilməsəm də, deyə bilərəm ki, hər gün ən azından 20-25 əməliyyatımız olurdu. Bunlardan əlavə, ilkin reanimasion tədbirlərə ehtiyacı olan və sonra daha üstün xəstəxanaya göndərilən yaralılarımız vardı.

Bəzən iki gün ərzində 50-yə yaxın tək travmatoloji əməliyyatlarda iştirak etdik. Həmçinin, beyin, üst çənə, qarın boşluğu, döş qəfəsi yaralanmaları, burun əməliyyatları edirdik. Ortalama gün ərzində 30-dək yaralıya cərrahi xidmət etdirdik.

– Yaralıları döyüş bölgəsindən özünüz çıxarırdınız?

– Biz ikinci bir yardımçı xəstəxana idik. Yaralılar hərbi posta gətirilirdi. Orada onlara ilkin yardım edilərək, xəstəxanaya gətirilirdi və əsaslı yardım göstərirdik. 

– Ümumilikdə neçə nəfərə yardım etmisiniz?

– 350-400-ə yaxın əməliyyatda iştirak etmişik.

– Əsgərlər sizə nə deyirdi?

– Bu qədər ruh yüksəkliyi olan vətəndaşlarımızın olduğunu bilmirdim. Bunu canlı şəkildə görmək hisslərimi ifadə edə bilməyəcəyim qədər gözəl idi. Orada yadımda qalan  xatirədən biri o idi ki, məni təcili şəkildə xəstəxananın giriş şöbəsinə çağırdılar.

Bir yaralı əsgərimiz ayağını itirmiş vəziyyətdə gətirilmişdi. Mən uzaqdan xəstənin ayağının amputasiya olunduğunu gördüm və çalışdım, ona bunu bildirməyim. Yaxınlaşıb dedim ki, sizin narahatlığınız nədir?

Gülə-gülə mənə dedi ki, həkim, heç bir narahatlığım yoxdur. Ayağımın birini itimişəm. O da düzələcək. Mən bu qədər qürurlu, cəsur əsgərləri gözlə görüb, qürurlanmaya bilməzdim. Onlarla hər birimiz fəxr edirik.

Hər yaralı əsgərimiz “həkim, xahiş edirəm, məni tezliklə sağaldın ki, cəbhəyə qayıdım, döyüş yoldaşlarıma kömək etməliyəm” deyirdi. Huşu yerində olan hər bir əsgər “Vətən uğrunda yaralanmışam, ölsəm də,Vətənimə halal olsun” deyirdi.

– Cəbhəyə gedən zaman ailənizin reaksiyasi necə oldu? Çünki şəhid həkimlərimiz də vardı…

– Mən cəbhəyə getmək qərarı vermişdim, məsələni ailəmə danışdım. Dörd oğul, bir qız atasıyam. Böyük oğlum da artıq cəbhə bölgəsində hərbi xidmətini yerinə yetirib qayıdıb, amma müharibə zamanı yenidən çağırışını gözləyirdi.

Mən ata, həkim olaraq onların gələcəkdə qürurla yaşaması və vətənim üçün getdim. İstədim ki, kiçik uşaqlarım gələcəkdə Qarabağa gedəndə ürəyində “Qarabağ üçün heç nə etmədik” deməsinlər”.

Müharibədə bir amalım yaralıları xilas etmək idi və çalışdığım qədər bunu etdim. Ailəm də buna görə mənə dəstək oldu.

– Müharibə vaxtı yaralanan, minaya düşmüş şəxslərə kömək edəndə emosiyalarınızı neçə idarə edirdiniz? 

– Açığı, ilk günlər mənim üçün çox çətin idi. Gündəlik gördüyümüz xəstə qrupları planlı xəstə qrupları idi. Burada isə tamam başqa cür idi. Kəsilmiş, dağılmış əsgərlər idi. Bir amalımız var idi ki, onları xilas edək, yaşasınlar. 

– Adətən, görürdük ki, narkozdan ayılan əsgərlər “marş”, “mən döyüşə getməliyəm”, deyirlər. Unutmadığınız belə xatirəniz varmı? 

– Hər ayılan xəstəmiz Qarabağ şüarı, qələbə şüarı ilə danışırdı. Ramiz adlı bir yaralımız var idi. O, hər iki ayağın dağılmış, parçalanmış yarası ilə gəlmişdi.

Ciddi qan itirməsi var idi və koma vəziyyətində idi. Əməliyyatdan sonra onu müalicəsinin davamı üçün Bakıya yolladıq. Ayılan zaman o, bizə dedi ki, yaralı əsgəri ciynində daşıyan zaman atılmış mərmidən ayaqları kəsilib. Həkim, mənim ayaqlarımı bərpa edək və mən cəbhəyə qayıdım deyirdi. Bu xatirələr heç zaman mənim yaddaşımdan silinməyəcək. 

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678