Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhid bacısı: “Döyüş yoldaşları deyir ki, 8 saatlıq pusquda bizə onun zarafatları kömək oldu” – VİDEO

111 Baxış

44 günlük Vətən müharibəsinin bizə tanıtdığı mərd, cəsur oğullardan biri oldu Vüsal Teymurov.

Vətəninə olan sonsuz sevgisi, onu canı bahasına qoruma cəsarəti Vüsalı könüllü ön cəbhəyə yazılmağa sövq etdi. Qələbə gününü görmək ona qismət olmadı, Şuşanın azadlığı elan olunan gün şəhid oldu. Amma o, qalib ordunun qalib əsgəri idi, bunu bütün cəbhə yoldaşları kimi o da gözəl bilirdi. 

“Qafqazinfo” 29 yaşlı şəhid qəhrəmanın bacısı Könül Teymurova ilə həmsöhbət olub. 

K.Teymurova deyir ki, qardaşı nizam-intizamı, tərbiyəsi, böyüklə böyük, kiçiklə kiçik olması ilə hamıda özünə hörmət qazanmışdı.Təkcə ailədə yox, hər yerdə, o cümlədən, məktəbdə müəllimləri arasında da xətri əziz tutulurdu. Badamdar qəsəbəsindəki Şəhid Tofiq Məmmədov adına 239 nömrəli məktəbi bitirərək yüksək balla Azərbaycan Kooperasiya Universitetinin “Gömrük işinin təşkili” fakültəsinə daxil olmuşdu. Hərbi xidmətini illər öncə başa vurmuşdu, amma torpaqlarımızın işğal altında olmasıyla barışa bilmirdi. Məhz buna görə də, könüllü olaraq səfərbərliyə yazıldı:

“İkinci Qarabağ müharibəsi başlayandan bir neçə gün sonra, oktyabrın 5-i müharibəyə yollandı. Vüsalın ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunmasında onun payının olması idi.

Yola düşəndə dedi ki, nə olursa-olsun, Şuşanın alınmasında iştirak edəcək. Rəbbim arzusunu yerinə yetirdi! Şuşa uğrunda döyüşlərdə, Şuşanın alınmasında sona qədər iştirak etdi və qəhrəmancasına şəhid oldu”.

Vüsalın yolu Füzulidən başlayıb Cəbrayıl, Qubadlı, ən sonda isə Şuşa uğrunda gedən döyüşlərdən keçib. Silahdaşları onun haqqında qürur hissi ilə danışırlar:

“Döyüş yoldaşları danışırdılar ki, Vüsalın gözündə heç qorxu yox idi. Başlarına güllə yağsa da, zarafatından qalmazdı. Hətta belə vaxtlarda da lətifə danışardı. Bir dəfə 8 saat pusquda qalıblar. Yoldaşları deyir ki, heç bilmədik vaxt necə keçdi, Vüsalın zarafatları ən çətin dəqiqələrimizdə bizə kömək olurdu”. 

Bacısının sözlərinə görə, çətinlikdə olana kömək etmək Vüsalın ən dəyərli keyfiyyətlərindən idi. Dəfnindən sonra da ailəyə başsağlığı verməyə gələn qazi yoldaşlarının bir çoxu onları döyüş meydanından Vüsalın çıxardığını deyirmişlər.

O, bir çox hallarda xilas etdiyi döyüş yoldaşlarına həm də ilk tibbi yardım göstərib:

“Döyüşdə olanda mənimlə danışırdı. Bir dəfə ad günümdə yığmışdı, səs yazısını da saxlamışam. Onda bir yüksəkliyi azad etmişdilər, çox sevincli idi. Mənə deyirdi ki, “qardaşın dastan yazır”. Sonuncu dəfə danışanda isə Şuşaya qalxırdılar. Halallıq aldı, dedi qayıtsam qəhrəman kimi qayıdacam, qayıtmasam şəhid olacam. Başınızı uca tutarsınız”.

Bu, Vüsalın sonuncu sözləri idi, dediyi kimi də etdi – qəhrəman şəhid kimi qayıtdı…”.

Vüsal Teymurov ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. O, noyabrın 13-də doğulduğu Badamdar qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678