Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Spiegel” jurnalında ermənilərin Ağdam şəhərində törətdikləri dağıntılardan bəhs edən məqalə dərc olunub

120 Baxış

Almaniyanın nüfuzlu “Spiegel” jurnalında jurnalist Andre Vidmerin müəllifi olduğu “Dağıdılmış ərazilərə geri qayıdış” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə jurnalistin Ağdamın iki sakini ilə onların doğulub boya-başa çatdığı şəhərə səfər təəssüratları əks olunub.

Müəllif qeyd edir ki, Ermənistan üzərində qələbə çaldıqdan sonra Azərbaycan bir zamanlar yüz minlərlə azərbaycanlının tərk etdiyi əraziləri geri qaytarıb. Həmin ərazilərə geri qayıdanlar isə minalanmış xarabalıqlarla üzləşirlər.

Məqalədə birinci Qarabağ müharibəsi zamanı Ağdam şəhərini tərk etmiş bacı-qardaş – Humay və Novruz Novruzovlar yaşadıqları rayonun müharibədən əvvəlki vəziyyəti barədə məlumat verirlər.

Bakıdan Ağdamadək altı saatlıq səfərdən sonra onlar şəhərdəki evlərin qarşısından keçirlər. Müəllif qeyd edir ki, əslində, bunlar ev deyil, bir zaman ev olmuş tikililərin qalıqlarıdır. Ətraf yalnız xarabalıq landşaftından ibarətdir. Bu xarabalıqda evlərin damı, qapı və pəncərələri yoxdur.

Ağdam sakinləri jurnalistə ermənilər tərəfindən dağıdılmış evlərini, oxuduqları məktəbi göstərir və işğaldan əvvəl Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə dinc şəraitdə yaşadıqlarından bəhs edirlər.

Məqalədə qeyd edilir ki, Ağdam bir zamanlar on minlərlə sakini olan şəhər olub. Düzənlikdə yerləşən bu ərazilər öz çaxırı və konyakı ilə bütün Sovet İttifaqında tanınırdı. Hələ də yol kənarındakı sahələrdə olan dirəklər nə vaxtsa burada üzüm bağlarının olduğunu xatırladır.

Müəllif, həmçinin qeyd edir ki, Ağdama səfər erməni ordusunun bu rayonu tərk etməsindən cəmi üç həftə sonraya təsadüf edir. Ermənilər 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bu əraziləri tərk etməli oldular və Azərbaycan Ordusunun tankları şəhərə döyüşsüz daxil oldular.

Novruzovlar isə 27 il bundan öncə məcburi şəkildə tərk etməli olduqları şəhərlərinə ilk dəfə qayıdıblar.

Münaqişə barədə ətraflı məlumata malik müəllif öz oxucularına hərbi əməliyyatların gedişi barədə də məlumat verir. Qeyd edilir ki, imzalanan atəşkəs razılaşması nəticəsində Ermənistan Ağdam da daxil olmaqla bir neçə rayonu təhvil verməli oldu.

Bundan öncə isə Azərbaycan müharibə zamanı yüzlərlə kənd və qəsəbəni, bir neçə şəhəri azad etdi. Texnoloji cəhətdən zəif olan Ermənistan ordusunun güclü silahlanmış rəqibinə qarşı şansı yox idi.

Andre Vidmer yazır ki, Novruzovlar ailəsinin hekayəti 1988-ci ildən 1994-cü ilə qədər davam etmiş Birinci Qarabağ müharibəsində öz torpaqlarından köçkün düşmüş insanların tarixidir. O zaman Ermənistan təkcə Dağlıq Qarabağı deyil, eyni zamanda, Azərbaycanın yeddi rayonunu da işğal etmişdi.

Ermənistan hökuməti həmin əraziləri bir növ bufer zonası kimi istifadə edirdi. Ötən əsrin 90-ci illərindən bəri qismən heç kimin yaşamadığı, qismən isə ermənilərin məskunlaşdığı həmin ərazilərdə münaqişədən öncə demək olar ki, yalnız azərbaycanlılar yaşayırdılar.

Müəllif əhalinin 1989-cu ildəki siyahıyaalmasına da müraciət edir və bildirir ki, həmin rayonlarda azı 400 min azərbaycanlı yaşayırdı və ermənilərin hərbi əməliyyatları nəticəsində Novruzovlar ailəsi kimi bütün azərbaycanlılar öz torpaqlarını tərk etməyə məcbur oldular.

İxtisasca tibb bacısı olan Humay Novruzova Ağdamı 1993-cü ilin iyulunda valideynlərinin təkidi ilə tərk etdiyini və artıq iyulun 23-də Ağdamın şiddətli atəşlərdən sonra ermənilər tərəfindən işğal edildiyini bildirir.

Ağdam məscidinin önünə çatan müəllif şəhərdə yeganə salamat binanın bu məsciddən ibarət olduğunu və onun həndəvərində bir neçə yüz kvadratmetrlik sahədən başqa bütün ərazilərə girişin minalara görə qadağan olduğunu yazır.

Məscidin minarəsindən ətrafa isə yalnız dağıntılardan ibarət mənzərə açılır. Ətrafda divarların qalıqlarından ibarət tənha daş yığınları görünür. Həmin divarlar isə bir zamanlar Ağdam şəhərinin evləri olub. Novruz Novruzov isə doğma şəhəri haqqında deyir: “Mənim Ağdamım çox gözəl idi. Hisslərimi sözlə ifadə etmək çətindir”.

Yerlə-yeksan edilən Ağdam şəhəri erməni işğalçılarına Dağlıq Qarabağda tikinti üçün bir növ daş karxanası və metal anbarı rolunu oynayıb. Müəllif bildirir ki, Ermənistan ordusunun artıq tərk etmiş olduğu şəhərlərin çoxunda eyni mənzərə mövcuddur.

Bu yerlər hələ uzun müddət yaşayış üçün yararlı olmayacaq. Ərazilərin minalardan təmizlənməsinə məsul olan qurumu – ANAMA qarşıda hələ çox işin olduğunu qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyev bu regionların yenidən qurulması və ölkənin əsas hissəsi ilə bağlantıların yaranması işini qətiyyətlə aparır.

Artıq yollar inşa edilir, bundan başqa, Prezident İlham Əliyev Ağdama dəmir yolunun çəkiləcəyini də bildirib.

Humay Novruzova bir vaxtlar sakini olduğu şəhərin dağıntılarına baxaraq deyir ki, ermənilərin digər insanlara qarşı bu qədər nifrət bəslədiyini düşünməzdi. O, qarşılaşdığı bu dəhşətli mənzərəni təsvir etmək üçün söz tapmadığı qeyd edir. O, azərbaycanlılar tərəfindən erməni sakinlərinə hər zaman yaxşı rəftar edildiyini diqqətə çatdırır.

Yekunda Novruzovlar Ağdama qayıdıb orada yaşamaq istədiklərini bir daha bildirirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678