Müharibə daha geniş cəbhədə davam edəcək – Politoloqdan AÇIQLAMA

10 Baxış
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə iki aydan çoxdur davam edir. Müharibənin başladığı gündən etibarən rus qoşunları yüzlərlə günahsız insanı qətlə yetirib, ev-eşiklərindən didərgin alıb. Lakin buna baxmayaraq ukraynalılar öz vətəni uğrunda qəhrəmancasına savaşır. Onların bu mübarizəsi deyəsən işğalçının inadını qırmağı bacarıb. Belə ki, ABŞ Müdafiə Nazirliyi bildirir ki, Rusiya qoşunlarının bir hissəsini Mariupoldan çıxarır. Pentaqonun məlumatına əsasən Rusiyanın bəzi bölmələri Mariupolu tərk edərək şimal-qərbə doğru irəliləyir. Müdafiə departamentinin rəsmisi qeyd edib ki, Rusiya hərbçiləri Mariupola tam nəzarət etmir və buna görə də onlar həm raket, həm də hava zərbələri endirməkdə davam edir.

Bəs görəsən, Pentaqonun bu məlumatı nə dərəcədə doğrudur? Rusiya iki aydan çoxdur mübarizə apardığı bir şəhərdən niyə imtina edir?

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-ın suallarına politoloq Fəqani Məhərrəmli cavab verib. O bildirib ki, Pentqaonun yaydığı bu məlumatlar həqiqəti əks etdirmir:

“Bütün müharibələrdə, xüsusən 21-ci əsrin müharibələrində informasiya və dezinformasiya savaşı mühüm rol oynayır.”Hibrid savaş” adı verilən modern müharibələrdə tərəflər dezinformasiya metodlarına cox üstünlük verirlər. Rusiya-Ukrayna müharibəsində bu savaş növü, yəni informasiya savaşı cəbhə savaşları qədər önəm qazanıb.ABŞ müdafiə nazirliyinin rus qoşunlarının Mariupoldan çıxması xəbərinə də məhz informasiya savaşının tərkib hissəsi kimi baxmaq lazımdır. Rusiya Ukrayna məsələsinə ölüm, qalım məsələsi kimi yanaşır. Şimal qonşumuz öz xoşuna nəinki Mariupoldan çıxmayacaq, hətta daha irəliyə, Odessa istiqamətinə doğru hərəkət edəcək”.
Politoloq bildirib ki, müharibə daha geniş cəbhədə davam edəcək:

“Mariupol Azov dənizi sahilində ən önəmli limandır. Yəni Mariupol kimin nəzarətindədirsə, Azov dənizinə də o nəzarət edəcək. Onun nə qədər strateji bir liman şəhəri olduğunu son aylarda şəhər uğrunda gedən döyüşlərin şiddəti də təsdiqləyir. Ruslar bir xeyli əvvəl geri çəkildikləri şimal-qərb istiqamətinə yenidən əlavə qoşun növləri yeridə bilərlər. Amma bu Mariupoldan çəkilmək anlamına gəlməz. Dünən gecə rus raketlərinin Kiyevin mərkəzini vurması da göstərir ki, müharibə daha geniş cəbhədə,daha şiddətlə davam edəcək”.