“Azərbaycan bizə, Ermənistan Rusiyaya bənzəyir” – Ukraynadan mesaj

7 Baxış

“Fransa Ermənistandan “qurban” obrazı yaratmağa çalışır”.

Turanmedia.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Kanal 24” telekanalında yayımlanan materialda deyilir.

Telekanal Ukrayna Senatının Azərbaycan əleyhinə bədnam qətnaməsinə diqqət çəkir.

Ukrayna televiziyası bildirir ki, təxminən bir ay əvvəldən altı fransız senator hökumətə Azərbaycanı beynəlxalq qınağın hədəfinə gətirməyə cəhd göstərdiyi qətnamə layihəsini qəbul etdirməyə çalışır. Qətnamədə Azərbaycan “müharibə cinayətləri”ndə ittiham olunur və Avropa İttifaqı buna görə Azərbaycanın qaz və neft idxalına embarqo tətbiq etməyə çağırılır.

“Kanal 24” qətnaməni bir neçə fransız senatorun Avropa İttifaqına sırımağa, Azərbaycanı “təcavüzkar” kimi göstərməyə çalışdığı rəvayət adlandırıb.

Ukraynalı jurnalistlər Fransanın bu canfəşanlığının təsadüfi olmadığını vurğulayırlar.

“Əslində ötən illər ərzində əraziləri işğal olunan və atılan rus raketləri, erməni və rus əsgərləri tərəfindən vəhşicəsinə qətlə yetirilən dinc insanlar azərbaycanlılar olub”, – telekanal bildirir.

Ukraynalı jurnalistlər deyirlər ki, Azərbaycan torpaqlarını geri qaytarmasına və bunun beynəlxalq aləm tərəfindən tanınmasına baxmayaraq, ermənilər Qarabağdakı Rusiya “sülhməramlılar”ından ruhlanaraq yenidən münaqişə yaratmağa çalışırlar.

Ukraynalı siyasi ekspert Anatoli Oktysyukun fikrincə, təkcə Fransada diasporu 700 mindən çox olan Ermənistan Rusiya hərbçilərinin dəstəyi ilə Qarabağda növbəti təcavüzkar hərəkətləri üçün Qərbdən dəstək axtarır.

“İndi Ermənistanla Azərbaycan sərhədində vəziyyət qeyri-sabitdir. Çünki Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra imzaladığı sazişlərin həyata keçirilməsi üçün siyasi iradə nümayiş etdirmir. Davamlı təxribatlar, sərhəd atışmaları olur. Ermənistan tərəfdən təbliğat maşını işə salınıb”, – Oktysyuk vurğulayır.

Eyni zamanda, materialda qeyd edilir ki, maraqlı tərəflər Rusiya-Ukrayna müharibəsi ilə paralellər aparmağa çalışırlar:

“Onlar Ukrayna kimi Ermənistanın da hərbi təcavüzün qurbanı olduğunu deyirlər. Amma ekspertlərin fikrincə, bu versiya həqiqətən absurddur”.

Anatoli Oktysyuk bu haqda “Kanal 24”ə deyir:

“Qarabağ münaqişəsini Ukrayna məsələsinə bağlayaraq Azərbaycana qarşı beynəlxalq koalisiyanın yaradılması cəhdləri var. Ancaq bu edə bilməzlər. Bu iki münaqişəni müqayisə etsək, Ukrayna Azərbaycana, Ermənistan isə Rusiyaya bənzəyir. Və onlar müttəfiqdirlər. Azərbaycan öz ərazilərini hərbi yolla azad edib. Ukrayna indi də eyni şeyi edir”.

Telekanal hər iki Cənubi Qafqaz ölkəsinin Ukraynanın müharibədə dəstəyi ilə bağlı tutduğu mövqe xatırladıb:

“Azərbaycan Ukraynaya təcili yardım maşınları üçün 200 min litr pulsuz yanacaq, dəyəri 15 milyon avrodan çox olan 900 tondan çox dərman, tibbi avadanlıq və ərzaq verib. Erməni siyasətçiləri Kremlə dəstək olduqlarını gizlətməməklə yanaşı, beynəlxalq təşkilatlarda Rusiya əleyhinə olan bütün qərarları əngəlləməyə çalışırlar, rus hərbçiləri ilə birlikdə hərbi təlimlərdə iştirak edirlər”.