Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pandemiya xəstəxanasının həkimi: “Xəstəlik zamanı izdihamlı avtobusa minmək olmaz”

176 Baxış

Bu gün ən böyük problem ağır xəstələrin sayının artmasıdır. Onların sayı xəstəxanalardakı çarpayı sayından çoxdur. Eyni zamanda, avadanlıq və personal çatışmazlığı yaşanır.

Bunu Media.Az-a açıqlamasında pandemiya xəstəxanasının həkimi, Mərkəzi Gömrük Xəstəxanasının fizioterapevt-reabilitoloqu Səidə Kərimova deyib.

Onun sözlərinə görə, yoluxma davam edərsə, pandemiyanın başlanğıcında həkimlərin “xəstələrin çeşidlənməsi” barədə xəbərdarlığı həyata keçəcək. Bu, ağciyərlərin süni ventilyasiyası aparatına qoşma və s. kimi xilasetmə tədbirləri ilə bağlı pasiyentlər arasında həkimlərin seçim aparmalı olduğu qorxunc vəziyyətdir.

Həkim, bununla belə, insanların artıq sanitariya və gigiyenik standartların həyata keçirilməsində daha məsuliyyətli olduğunu vurğulayıb.

“Bu təəccüblü deyil – demək olar ki, hər kəsin ətrafında koronavirus keçirmiş bir nəfər var”, – deyə o əlavə edib.

Müsahib bu çətin dövrdə həm əhalinin, həm də ona xidmət strukturlarının hərəkətlərində uzlaşmanın zəruriliyini vurğulayıb.

“Təəssüf ki, ictimai nəqliyyatla əlaqədar problemimiz var. Pandemiya zamanı izdihamlı avtobusa minmək olmaz! Yeni marşrut xətləri açmaq, əlavə avtobuslar cəlb etmək, avtobusların hərəkət cədvəlindəki fasilələri azaltmaq lazımdır ki, dayanacaqlarda və nəqliyyat vasitələrində sıxlıq olmasın.

Eyni zamanda, ictimai nəqliyyat və təcili yardım maşınları üçün ayrıca bir zolaq ayrılması son dərəcə vacibdir. Bu prinsip mədəni ölkələrdə çoxdan tətbiq olunur, bizim də bu barədə düşünməyimizin vaxtı çatıb”.

Fizioterapevt digər vacib məsələnin sərt karantin altında olan əhaliyə kömək etmək üçün sosial xidmətlərin daha fəal cəlb edilməsi olduğunu bildirdi.

“Sosial işçilər əhaliyə, dərman və qida almaq üçün evlərindən çıxa bilməyən koronavirus xəstələrinə gündəlik alış-verişlərində kömək etməlidirlər. Bunu nəzərə almaq lazımdır. Bu, ümumi məsuliyyət və təşkilatçılıq məsələsidir”, – deyə o qeyd edib.

Sonda həkim müalicə protokollarının daim tənzimləndiyini vurğulayıb.

“Bütün dünyada elm adamları bəşəriyyəti bu virusdan xilas etməyin yolları barədə düşünürlər. Hər gün bu vəziyyətin həllinə bir addım daha yaxınlaşırıq”, – deyə S.Kərimova sözlərini yekunlaşdırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678