Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polad Həşimovsuz 365 gün: “45 illik həyat yolunda bir dəfə də olsun başımı aşağı etməyib” – REPORTAJ + FOTO

191 Baxış

Ötən ilin bu günü, bəlkə də bu saatları idi… Bir anda yayılan xəbərlər ölkədə uşaqdan böyüyə hər kəsi ayağa qaldırıb, küçələrə çıxmağa vadar etdi. 30 ildir müharibə şəraitində olan Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda çox igidlərimiz canından keçib, şəhid olub. Onların hər biri xalqımızın baş tacıdır.

Lakin bu dəfə gələn şəhid xəbəri sanki xalqın illərdir yığılan səbrinin son damlası oldu. İyulun 12-də Tovuz rayonunda başlayan şiddətli döyüşlər… Bu döyüşlərdə əsgərləri ilə çiyin-çiyinə döyüşən Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov, əsgər Elçin Mustafazadə, əsgər Nazim İsmayılov qəhrəmancasına şəhid olublar.

Bu gün onların şəhidlik zirvəsinə yüksəlməsindən nə az, nə çox, bir il keçir…

Deyirlər ki, əsgərlər nadir hallarda öz komandirlərini unutmazlar. Polad Həşimov da məhz belə komandirlərdən olub.

Bu sözləri Oxu.Az-a şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyir.

Oğlu ilə fəxr edən Səmayə ana deyir ki, P.Həşimov ömrünün 28 ilini qurban verdiyi bu torpaqlarda hələ çox gəzməli idi:

“İnsan başqadır, dəyərli insan tam başqadır. Polad Həşimov və onun kimi oğullar bu torpaqlara dünən, bu gün, sabah da lazım olacaqlar. Amma bu dünyaya yenidən bir Polad Həşimov gələrmi? Onu deyə bilmərəm. Onun hərbçi kimi mərdliyini, cəsarətini onunla çiyin-çiyinə döyüşən silah yoldaşları, əsgərləri danışır. Amma mənim oğlum əxlaq, tərbiyə cəhətdən yüksək dəyərlərə malik insan olub. 45 illik həyat yolunda bir dəfə də olsun oğlum mənim başımı aşağı etməyib. 17 yaşından əziyyət görüb, işləyib, çalışıb-vuruşub. Öz zəhməti ilə tutduğu mövqelərə gəlib çatıb.

Öz zəhmətinin, öz əziyyətinin bəhrəsini görən insan heç vaxt ziyan görməz. Bu gün xalqın sevgisini də o, özü qazanıb. Hələ bir dəfə olsun heç kimdən eşitməmişdim ki, Poladdan incik olduğunu desin. Oğlum bütün dərdini, sözünü qəlbində saxlayardı. Özü ilə birlikdə çox həqiqətləri də torpağın altında apardı”.

Polad Həşimov həmin generaldır ki, Talış yüksəkliklərində yerləşən 7 döyüş postundan biri onun adını daşıyır. Belə ki, adını daşıdığı “Polad postu”nu elə özü 2016-cı ilin Aprel döyüşlərində azad etmişdir. O, Murovdağ və Daşkəsən kimi bir neçə çətin döyüş bölgələrində xidmət edib.

Səmayə xanım deyir ki, Polad Həşimov xidməti yerini hər dəfə dəyişəndə ona məlumat verirdi:

“Tez-tez xidmət yeri dəyişirdi. Hər dəfə dəyişəndə mənə zəng edib deyərdi ki, “Ana, artıq filan yerdən filan yerə köçürəm”. O vaxt uzun illər Murovdağda, yerinə dəyişdikdən sonra 1 il Tovuzda xidmət etdi. Ondan sonra 1 il də təyinatını Qusara verdilər, sonra iki il Sumqayıtda, 6 il Daşkəsəndə xidmət etdi. Bir gün də zəng elədi ki, artıq Bərdədir. Yerlərini hər dəfə dəyişəndə özüm gedirdim yanına, gözümlə görmək istəyirdim ki, yeri rahatdır, ya yox. Hərbçinin həyatı nə qədər rahat ola bilər ki? Nəhayət Bərdədən sonra 3 il Şəmkirdə xidmət etdi, indi də o cür qəhrəman, mərd Vətən oğlu İkinci Fəxri xiyabanda yatır”.

Şəmkirdə xidmət etdiyi müddətdə general-mayor Polad Həşimov birlikdə şəhid olduğu polkovnik İlqar Mirzəyevlə qonşu xidməti evlərdə yaşayıb. Səmayə xanım deyir ki, Tovuz döyüşlərində oğlu ilə birgə şəhid olan 12 nəfər arasında şəhid polkovnik İlqar Mirzəyevlə Polad Həşimov səngərdə də, mülkidə də, məzarlıqda da çiyin-çiyinə olublar:

“Oğlum 1992-ci ildən Azərbaycan ordusunda şərəflə xidmət etdi. 28 il vicdanla xalqına, millətinə xidmət etdi. Bu gün onun keçdiyi 45 illik şərəfli həyat yoluna onun silahdaşları, ömründə bircə dəfə belə oğlumu görməyən, sadəcə adını eşidən milyonlarla azərbaycanlı qiymət verir. Polad Həşimov şəhid olduğu gündən bir gün belə evimiz boş qalmır. Onun üçün çox darıxıram, amma onun bu qədər sevildiyini, xatirəsinə bu qədər ehtiramla yanaşıldığını görəndə xalqımla fəxr edirəm”.

Peşəkar hərbçi olması bir tərəfə Polad Həşimov həm də layiqli vətəndaş, sadiq həyat yoldaşı və qayğıkeş ata olub. Səmayə xanım deyir ki, o, uşaqlıqdan çox əziyyətlər çəkib, amma öz övladlarının rahatlığını təmin etmək üçün əlindən gələn hər şeyi edib:

“Polad ailəyə, uşağa qarşı çox ciddi yanaşırdı. Baxmayaraq ki, hərbçilərin istirahət günləri olmur, bununla belə övladlarına vaxt ayırırdı. Xidmət etdiyi yerlər tez-tez dəyişirdi, ailəsi də onunla birlikdə gedirdi. Dağda, daşda uşaqlarını hara aparasan? Əsas odur ki, ailəsi ilə zaman keçirirdi. Poladın öz uşaqlığı da qəribə keçmişdi.

Hələ uşaqlar balaca olanda ataları xəstələndi. O vaxt qızlarım məktəbə gedirdi, Poladla İlham hələ bağçaya gedirdi. İşdən gəlib tez tələsik yemək hazırladım ki, xəstəxanaya yoldaşıma aparım. Axşam olduğuna görə uşaqların hamısını apara bilmirdim. Maşın yox idi, avtobuslar narahat idi. Hər gün Poladı özümlə aparırdım. Bir dəfə mənə dedi ki, “ana niyə həmişə məni özünlə aparırsan?” Məndə də dedim ki, qardaşın balacadı, bacılarını da apara bilmərəm, sən yekə kişisən, mənim yanımda olanda mən qorxmuram. Bu söz onu necə tutmuşdusa, hər gün mənimlə gedirdi. Qayıdanda bir az irəlidən qaçırdı, anidən dayanıb soruşurdu ki, “ana, mən belə gedəndə sən qorxmursan ki?” Onun düşüncə tərzini mən heç bir uşaqda görmədim, bundan sonra da dünyaya ikinci Poladın gələcəyinə inanmıram”.

1975-ci ildə Sumqayıtda doğulan şəhid general-mayor Polad Həşimov əslən Qəbələnin Vəndam kəndindəndir. O, orta təhsilini Sumqayıt şəhərində yerləşən 28 saylı tam orta məktəbdə alıb. Bu gün təhsil aldığı məktəbdə şəhidin adına xatirə guşəsi hazırlanır.

Polad Həşimovun anası deyir ki, oğlu çox mərhəmətli insan olduğu üçün xalq onun xatirəsini bu qədər əziz saxlayır:

“Gecə saat 3 olur, səhər saat 5 olur, döyüş yoldaşlarından, onun əsgərlərindən zəng gəlir. Telefonu açıram ki, Poladın məzarı başından məni yığıblar. Mənə deyirlər ki, “General döyüş zamanı bizi tək qoymadı, biz də heç vaxt onu tək qoymayacağıq”. Evimizə bütün rayonlardan ziyarətə gəliblər. Bu gün Poladı unutmayan, unutdurmayan, onun xatirəsini qəlbində uca tutan Azərbaycan xalqıdır. Hər kəs bilir ki, mənim oğlum gözü-könlü tox, mərd insan olub. O, hər zaman haqq-ədalətin tərəfdarı olub.

Mənim oğlum sağlığında rahat ev-eşikdə oturmağı özünə rəva bilməyib, ona bağışlanan mənzili şəhid ailəsinə hədiyyə edib. Bu məsələləri biz yox, xalq özü gün üzünə çıxarıb. Ona görə də Polad üçün dəyərli olan ədalət, şərəf, vicdan olub, bundan sonra da biz yalnız bu cəhətləri üstün tutacağıq. Oğlumun sağlığında ona qiymətli olmayan heç nə mənim gözümdə ola bilməz”.

Yaxın günlərdə Xətai rayonu ərazisində şəhid general-mayor Polad Həşimovun adını daşıyan parkın istifadəyə verilməsi gözlənilir. Səmayə ana deyir ki, xalq Poladı sevdiyi qədər o da son nəfəsinə qədər xalqı sevəcək:

“Sumqayıtda küçələrdən birinə Poladın adını veriblər. Oxuduğu məktəbdə də onun üçün kiçik muzey kimi otaq ayrılır. Sumqayıt Şəhər İcra Hakimiyyətindən gələn nümayəndə dedi ki, təhsil aldığı 28 saylı orta məktəbə də Polad Həşimovun adı veriləcək. Məktəbdəki guşə iyulun 15-nə qədər hazırlanmalıdır. Türkiyədə Poladın adına park salınıb, bizi neçə dəfə dəvət ediblər. Sadəcə başımız qarışıq idi, sonra da pandemiya başladı, bu işdə əməyi keçən insanlara təşəkkür edə bilməmişəm. Fürsət olan kimi gedəcəyik.

Burada muzeydən ona aid əşyalar, geyimlər istəmişdilər. İki muzeyə Poladın hərbi kurtkasını və köynəyini vermişik. Əşyaları isə öz evindədir, həyat yoldaşındadır. Son əşyalarını da yaşadığı evə, həyat yoldaşına göndəriblər. Ona da ailəsi qərar verməlidir”.

Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Polad Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Ötən həftə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Milli Qəhrəman adı və medalı şəhid general-mayor Polad Həşimovun ailəsinə təqdim edilib.

Şəhid generalın Vətənə əmanət iki oğlan, bir qız olmaqla üç övladı qalıb. Qızı bu il orta məktəbi bitirir. Səmayə ana deyir ki, Poladın arzusu idi ki, övladlarının yaxşı yerlərdə təhsil aldığını görsün:

“Qızı bu il məzun olur. Polad həmişə uşaqlarının təhsilinə həssas yanaşıb. Mən özüm də uşaqların ali təhsilli olması üçün əziyyət çəkmişəm. Zavodda işləyirdim. Halal zəhmətimlə qazanıb, uşaqlarımı savadlı, layiqli övlad kimi böyütdüm. Onun da arzusu övladlarının qazandığı uğurları görüb, fəxr etmək idi. Ümid edirəm ki, övladları atalarının yarım qalan arzularını həyata keçirəcək”.

Cənab general-mayor, şəhadətin mübarək olsun…

Könül Cəfərli
FOTO: Firudin Səlimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678