Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Tərxis olunacağım gün Polad Həşimov məni çağırdı və dedi ki…” – 10 ilin yadigarı olan şəklin HEKAYƏSİ

210 Baxış

General-mayor Polad Həşimovun şəhid olduğu gündən bir il keçir. Ötən il ərzində onu tanıyanlar tərəfindən saysız-hesabsız xatirələr paylaşılıb. Hər kəs generalın nə qədər mərhəmətli, anlayışlı olmasından danışır.

Bəzən hərbçilərin qəddar olduğunu düşünürük. Lakin elə bu fikri də onun əsgərlərinin, silah yoldaşlarının bölüşdüyü hekayələr darmadağın edir.

Bu gün sizinlə bölüşəcəyimiz “bir şəklin hekayəsi” də onlardan biridir.

Polad Həşimovun hərbi hissə komandiri olduğu zamanlarda əsgərlərindən birinin ona olan heyranlığı bir məktubun yazılmasına gətirib çıxarır. O məktub ki, sonradan məhz sözügedən fotonun çəkilməsinə zəmin yaradır.

Söhbət 2010-cu ildən gedir. Həmsöhbətim İlkin Süleymanov deyir ki, həqiqi hərbi xidmətdə olan zaman onun hərbi hissə komandiri şəhid general-mayor Polad Həşimov olub.

Oxu.Az “bir şəklin hekayə”sini təqdim edir:

2010-cu ildə universiteti bitirən İlkin Süleymanov hərbi xidmətə yollanır. Hərbi korpusda hər zaman olduğu kimi buranın ən çətin hərbi hissəsi olduğu deyilir.

Baş verənlərin ardını elə İlkinin öz dilindən eşidək:

“İyul ayında həqiqi hərbi xidmətə yollandım. Hərbi korpusda olarkən, öyrəndim ki, ölkənin demək olar ən çətin və ekstremal dağlıq şəraitli hərbi hissəsinə düşmüşəm – Daşkəsən rayonunda, Kəlbəcərlə o vaxtkı cəbhə zolağında olan “N” saylı hərbi hissəyə.

Yay ayları olduğundan qısaqol köynəklə getdim. Hərbi maşınla Daşkəsənin dolambac yolları ilə dağlıq bölgədəki hərbi hissəyə qalxdıq. Yadımdadı, hava soyuq idi. Üşümüşdüm. Bizi maşından düşürtdülər. Təzə əsgərlər formaları götürmək üçün hərbi geyimlərin olduğu saxlanc yerinə getdi. Ölçülərimizi soruşub bizə geyim verən MAXE ilə bizi sıraya düzüb aparan iki əsgərin həyəcanlı danışığı hələ də yadımdadır.

Səhv xatırlamıramsa belə idi:

“ – Eşitdin o gün axşam kambrik (Hərbi hissə komandiri) kəşfiyyatla birlikdə hücum edib post alıb?

– Hə eşitdim, erməni postundakıların anasını ağladıblar orada”.

Bu eşitdiklərimdən sonra həm sevindim, həm də ilk dəfə adını eşitdiyim yeni komandirimizə qarşı rəğbət yarandı. Hələ onu tanımırdım. Amma bu gün onu bütün xalq tanıyır, o, Polad Həşimov idi. Bəli, hərbi hissə komandiri Polad Həşimov gecənin bir yarısı kəşfiyyat bölüyünün əsgərləri ilə birlikdə hücum edib Kəlbəcərdə iki erməni postu almışdı. Dağlıq postlarda erməni əsgərlərindən bir neçəsi öldürülmüş, qalanları isə qaçıb getmişdilər. Daha sonra o postların biri “Polad” postu olaraq adlandırılıb.

Ondan sonra xidmət müddətində nə zaman hərbi hissə düzülüşü olsa və polkovnik Polad Həşimov qarşımızda çıxış etsə, diqqətlə onu dinləyirdim. Hələ o zaman general rütbəsi almamışdı. Ürəyimdə dua edirdim ki, kaş bizim ordumuzda polkovnik Polad Həşimov kimi zabitlərin sayı daha çox olardı”.

O deyir ki, 2011-ci ilin yanvar ayında 10 günlük məzuniyyətə buraxılıb. Elə hər şey də o zaman baş verib:

“Evimiz Bakıda, Zabrat qəsəbəsində idi. Mən məzuniyyətdə olanda polkovnik Polad Həşimovun doğum günü olacaqdı. Qərara aldım ki, komandirimizə bir məktub yazıb ad gününü, eləcə də yeni ilini təbrik edim.

Məktubda həm onu təbrik etdim, həm də ürəyimdən gələnləri, onunla nə qədər fəxr etdiyimi yazdım. Məktubun sonunda isə ondan bir xahişimi qeyd etdim. Bunun yerinə yetəcəyinə ümidim yox idi. Lakin, yenə də yazdım:

“….Yoldaş polkovnik, mən çox istərdim ki, sizinlə birlikdə şəklimiz olsun. Qismət olsa, çəkdirərik”.

Məktubu bu notlarla yekunlaşdırdım. Sonda isə “N saylı hərbi hissə, 15-ci bölüyün əsgəri İ.Rüstəmov” yazdım.

Məktubu göndərib-göndərməməkdə də tərəddüd edirdim. Əvvəl fikirləşdim ki, məzuniyyətdən geri qayıdanda məktubu özümlə aparıb qərargahdan hər hansı zabitə verib, xahiş edərəm, çatdırar. Sonra düşündüm ki, birdən ona çatdırmazlar. Ona görə gedib Zabrat qəsəbəsinin poçt şöbəsindən məktubu yola saldım. 2 gün sonra isə özüm də məzuniyyəti başa vurub Daşkəsənə geri qayıtdım”.

İlkin göndərdiyi məktubun sorağını 1 həftə gözləyib. Polad Həşimovun onun məktubunu alıb-almadığına belə tam əmin olmadığı halda, reaksiya gözləyib:

“O qədər gözlədim ki, sonra məktub göndərdiyim özümün də yadımdan çıxdı. Qarlı, şaxtalı hava şəraitində xidmətimizə davam etdik. Aylar keçdi, yay gəldi və 2011-ci ilin 1 iyul tarixində xidmətimi başa vuraraq ordu sıralarından tərxis olundum. Bütün tərxis olunan əsgərlər kimi mən də həm sevinirdim, həm də həyəcanlanırdım. Tərxisdən öncə bizi hərbi hissənin yeməkxanasının önündə toplaşmaq tapşırıldı.

Getməzdən öncə əsgərlərə kiçik sorğu anketi doldurulacaqdı. Mən də sırada öz növbəmi gözləyirdim. Elə bu an uzaqdan gələn səs məni sözün əsl mənasında qorxutdu.

Hərbi hissənin növbətçi zabiti, digər bir bölüyün komandiri tələsik bir şəkildə sıranın yanına gəldi və üzünü sıralara tutub yüksək səslə çağırdı:

– Aranızda əsgər Rüstəmov İlkin kimdir?

Öz adımı eşidib qorxdum sözün açığı. Çünki məhz tərxis günündə, bu adamın belə tələsik gəlməsi, qışqırması heç yaxşı əlamətə oxşamırdı. Sıradan bir addım irəli çıxım “mən” deyə cavab verdim.

Kapitan üzümə təəccüblə baxdı. Məni tanımırdı, dedi ki, “Əsgər, sən nə hoqqa çıxartmısan? Komandir səni niyə görə çağırır ki?”

Mən isə şok vəziyyətindəydim və ağlıma heç bir fikir gəlmirdi ki, ona cavab verim. Kapitana çağırılmağımın səbəbini bilmədiyimi dedim.

Hərbi hissə qərargah binasının önünə yaxınlaşdıq. Polad Həşimov pilləkənin üzərində dayanmışdı. Hərbi yürüşlə onunla üzbəüz gəldim və hərbi salam verərək gəldiyimi məruzə etdim.

Komandir Polad Həşimov üzümə baxdı və gülümsədi. Ardınca soruşdu ki, “Rüstəmov sənsən?”

Dedim ki, “bəli, yoldaş polkovnik”.

Başqa bir söz demədən, “ardımca gəl” dedi. Onun gülümsəməsindən sonra həyəcanım biraz azalmışdı, amma yenə də nə baş verdiyini anlamırdım. Pilləkənlə qalxa-qalxa əli ilə növbətçi əsgərə işarə edib dedi ki, “fotoqrafı çağır”. Fotoqraf sözünü eşidəndə elə bil hər şey ildırım kimi yadıma düşdü. Məktub…

Mən Polad Həşimovun ardınca hərbi hissə qərargahının uzun koridoru ilə irəlilədikcə yanımızdan keçən zabit və əsgərlər ona hərbi salam verir, sonra isə arxamızca mənə baxırdılar. Əminəm ki, düşünürdülər ki, “görəsən tərxis olacağı gün bu əsgər kimdir komandir arxasınca aparır?” Heyət üçün tanış mənzərə deyildi”.

İlkin deyir ki, komandir Polad Həşimovun otağına daxil olduqdan sonra növbətçi əsgərin çay gətirməsini gözlədik:

“Mənə yer göstərdi, oturdum. Mürəbbəli çay gətirdilər. Komandir öz kreslosunda oturmadı, mənimlə üzbəüz stulda oturdu.

Sözə belə başladı:

“Rüstəmov sənin göndərdiyin məktubu o vaxtdan almışam, burada saxlayırdım. Sənə yazdığın təbrik üçün təşəkkür etmək istəyirəm. Diqqətli davranışın üçün çox sağ ol. Evə gedəndə mənim adımdan valideynlərinə də sənin kimi nümunəvi övlad və Vətənə əsgər yetişdirdikləri üçün təşəkkür edərsən”.

Fəxrlə onu dinlədim. Dediyi hər bir söz yadımda qaldı. Sonra mən ona həyəcanla təşəkkür etdim, həqiqətən də onunla fəxr etdiyimi dedim. Verdiyim cavab isə tam detallı yadımda qalmayıb, çünki həyəcanlı idim.

Sonra hərbi hissənin fotoqrafı gəldi. Komandirin göstərişi ilə polkovnik Polad Həşimov ilə şəklimizi çəkdi. Şəklin birini mənə, birini isə polkovnikə verdi. Bir neçə dəqiqə söhbət sanki bizi doğmalaşdırdı.

Həyəcanımdan əsər əlamət qalmamışdı. Sağollaşmaq vaxtı gəldikdə otaqdan çıxmaq istəmirdim. İstəyirdim ki, söhbət bir az daha uzansın. Lakin vaxt çatdı və hərbi salam verərək otaqdan çıxdım”.

İlkin yenidən əsgər yoldaşları ilə sıraya qayıdıb. Şəkilləri möhkəm tutaraq əsgər yoldaşlarına yaxınlaşıb. Sırada dayanan əsgər yoldaşları ondan nə baş verdiyini soruşanda isə İlkin belə cavab verib:

“Sevincək halda şəkilləri baxması üçün əsgər yoldaşım Nəcəfə uzadıb “Nəcəf komandir məni şəkil çəkdirmək üçün çağırmışdı” dedim.

Sırada növbə gözləyən əsgərlər bir-bir götürüb şəklə baxdılar. Mən isə fəxrlə hər qabağıma çıxan əsgər, zabitlərə komandirlə şəklimi göstərib fəxr duyurdum. Beləcə ordu sıralarından tərxis olduq.

O gündən Polad Həşimov mənim hərbi qəhrəmanım oldu. Şəhid olması xəbərini eşitdikdə isə dəhşətli dərəcədə sarsıldım. Bir neçə gün özümə gələ bilməmişdim. Mən onun şəhid xəbərini işimlə əlaqədar Tacikistanda olarkən eşitdim.  Bu gün əziz komandirimin şəhadətə yüksəldiyi gündən 1 il keçir. Polad Həşimov həqiqətən də Azərbaycanın Milli Qəhrəmanı adına layiq şəxsiyyətdir. Ruhun şad olsun, komandir, Allah sənə rəhmət eləsin”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678