Rusiya sərhədləri bağlayır, hərbi vəziyyət elan edir… – Müraciət

18 Baxış

Ukraynanın müdafiə naziri Aleksey Reznikov video-müraciət yayıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, Rusiyanın xüsusilə böyük şəhərlərində yaşayan insanlara müraciət edən Reznikov onların cəmi bir həftə vaxtı qaldığını bildirib.

“Yeni ilə ərəfəsində hərbi mükəlləfiyyətli Rusiya vətəndaşlarına müraciət etmək istəyirəm. Mən dəqiq bilirəm ki, hansısa tədbirlər görmək üçün sizin cəmi bir həftə vaxtınız qalıb. Yanvarın əvvəlindən Rusiya sərhədlərini kişilər üçün bağlayacaq, sonra hərbi vəziyyət elan edəcək və səfərbərliyin yeni dalğasına başlayacaq. Belarus sərhədi də bağlanacaq. Qapılarınızı hərbi komissarlar döyəcək”, – o qeyd edib.

Reznikov deyib ki, bu barədə Rusiya rəsmiləri Yeni il öncəsi heç nə deməyəcək:

“Ona görə mənə diqqətlə qulaq asın: istəmirəm mənim bütün sözlərimə inanasınız. Sadəcə, özünüzə bir sual verin: müharibəyə göndəriləndə – orada ölə və ya ömürlük şikəst ola bilərsiniz – şəxsən siz nəyin naminə döyüşəcəksiniz?”

Reznikov xatırladıb ki, “xüsusi hərbi əməliyyat”ın ilk günlərində verilən vədlər heç biri yerinə yetirilmədi, artıq bu barədə Rusiya rəhbərliyi danışmır: Rusiya hərbi donanmasının flaqmanı məhv edildi, şəxsi heyət itkisi isə 100 min nəfəri keçib – onun yerini doldurmaq üçün qismən səfərbərlik elan edildi. Halbuki müharibənin əvvəlində səfərbərlik olmayacağı bildirilmişdi. Döyüş meydanlarına cəzaçəkmə müəssisələrindən onminlərlə cinayətkar göndərilib.

“Rusiyanın siyasəti nəticəsində NATO böyüyür, İsveç və Finlandiya alyansa daxil olmaq istəyir, halbuki onlar heç vaxt hərbi alyansa üzv olmayacaqlarını bildirirdilər”, – o vurğulayıb.

O deyib ki, bir il əvvəl “rus pasportu” (Rusiya vətəndaşı olmaq – red.) tam fərqli qəbul edilirdisə, indi təkcə Qərbdə deyil, Qafqazda, Orta Asiyada da “rus pasportu” çox mənfi reaksiya doğurur.

Sonda Reznikov Rusiya vətəndaşlarına çağırış edib: “Rusiyanın cinayətkar hakimiyyətinin ambisiyaları, onların iqtidarda qalması və sərvətlərini qoruması üçün döyüşməyin, mümkün olduqca Rusiyadan qaçın!”