“Bu gün Ərdoğanın əleyhinə çıxmaq Azərbaycanın, Zəngəzur dəhlizinin əleyhinə çıxmaqdır”
“Bu gün bizim Ərdoğanı dəstəkləməmiz, onun hakimiyyətinin davamını istəməyimiz dolayısı ilə Azərbaycanı istəməyimizdən irəli gəlir”.
Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bu sözləri TV Müsavatda yayımlanan “Dərin Təhlil” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı bildirib. Onun sözlərinə görə, Türkiyə Cümhuriyyətinin digər hökumətləri dönəmində yenə xalqlar bir-birini sevir, bir-birinə canı yanırdı: “Amma iqtidarlar bir-birinə yaxın olmadığı üçün Süleyman Dəmirəl deyirdi ki, bəlkə Rusiya ilə razılaşasız bu məsələlərdə? Ona görə də bu gün Ərdoğanın əleyhinə çıxmaq Azərbaycanın əleyhinə, Zəngəzur dəhlizinin əleyhinə çıxmaqdır. Bu gün Ərdoğan hakimiyyətini tənqid etmək Azərbaycanın böyük projelərdəki iştirakını cılız maraqlara görə tənqid etməkdir”.
T.Abbaslı həmçinin bildirib ki, Pensilvaniya, Soros, Amerika, İrandakı bəzi qüvvələr hazırda Türkiyəyə qarşı birləşib: “Bunları bir yerə gətirən ortaq bir dərd var – bu da Türkiyədir. Bayden seçkidən əvvəl deyir ki, biz iqtidara gəlsək, Ərdoğan müxalifətini gücləndirərək, Ərdoğan hakimiyyətini çökdürəcəyik. Sən Ərdoğan əleyhinəsənsə, Bayden tərəfdarısan. Bayden o mövqedədir ki, Azərbaycan öz torpaqlarını silah gücünə azad etməli deyil, ermənilərlə bir masa arxasında oturmalıdır. Bu, milli məsələdir. Biz də, xüsusi xidmət orqanları tərəfindən hazırda bu təxribatçı fikirləri yayanları təsbit etməliyik. Allah eləməsin, Türkiyədəki zəlzələnin onda bir gücündə zəlzələ bizdə olsa, bu tip adamlar nələr edər”.