Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qərb də, Moskva da Bakının bu şərtlərini qəbul edir: Kremlin layihəsi iflasa uğradı

55 Baxış

Son hadisələr onu deməyə əsas verir ki, həm Moskva, həm də bütövlükdə Qərbin timsalında Brüssel rəsmi Bakının Ermənistan-Azərbaycan arasında sülh təklifləri ilə bağlı şərtlərini qəbul edərək, sülhün həmin təkliflər əsasında imzalanmasını dəstəkləməkdədir. Proseslər son mərhələyə qədəm qoymaqdadır.

Birincisi, Moskva Bakının qətiyyətli mövqeyi nəticəsində şərtləri qəbul edərək Ruben Vardanyan layihəsindən imtina etmək məcburiyyətində qalıb. Bununla da Kremlin Vardanyan layihəsi iflasa uğramış oldu. Düzdür, Moskva maraqlarını təmin etmək üçün Vardanyan kartından tam imtina etməyəcək. Ondan və digər faktorlardan istifadə etməklə öz oyununu davam etdirəcək. Çünki Moskva münaqişənin tam tənzimlənməsində maraqlı deyil. Amma Kreml bölgədəki mövqeyini təmin etmək üçün əvvəlki kimi gücə malik deyil və bu mövqe getdikcə daha da zəifləməkdədir.

İkincisi, həm Moskva, həm də Qərb Azərbaycanın Laçın dəhlizində sərhəd-keçid məntəqəsinin qoyulmasına qarşı çıxmır. Bu məsələ ABŞ Dövlət katibi Entoni Blinkenlə də görüşdə Azərbaycanın rəsmi mövqeyi kimi irəli sürülüb. Qarşı tərəf də prinsipcə buna etiraz etməyib.

Üçüncüsü, rəsmi Bakının tələblərinə uyğun olaraq Qarabağla bağlı istənilən məsələ gələcəkdə imzalanacaq sülh sazişində heç bir halda yer almayacaq. Qarabağ Azərbaycan ərazisidir və hər hansı xarici qüvvənin buradakı problemlərin həllinə müdaxiləsinə imkan verilməyəcək. Bu məsələdə Qərblə Bakının mövqeyi üst-üstə düşür. Moskva və bəzi digər güclər hələ də buna müqavimət göstərməyə cəhd etsələr də, Bakının israrlı mövqeyi nəticəsində geri çəkilməkdə və mövqelərini yumşaltmaqdadırlar.

Dördüncüsü, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınması və sərhədlərlərin demarkasiyası məsələsidir ki, burada da tərəflər arasında ümumi razılıq var.

Beşincisi, Fransa sülhyaratma prosesində iştirak etmir, yəni oyundankənar vəziyyətdə çapalamaqdadır.

Sülh sazişi ilə bağlı bu və digər məsələlərdə əldə edilən razılığa əsasən danışıqlar prosesində aktivliyi yenidən Qərb ələ alaraq davam etdirmək üçün Brüssel formatı gündəmə gəlib. Bunun nəticəsi olaraq ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bəyan edib ki, Avropa İttifaqının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə yaxın zamanlarda Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə növbəti görüşü nəzərdə tutulur. Bu görüşdə tərəflərin Münhendə əldə edilən razılaşmalar, o cümlədən Bakının İrəvana təqdim etdiyi sülh təkliflərinin detalları müzakirə olunacaq. Çox güman ki, Qarabağdakı erməni icmasının Azərbaycana reinteqrasiya prosesi istiqamətində dialoqa başlanması məsələsi də müzakirə oluna bilər. Azərbaycan tərəfi prinsipcə buna etiraz etmir və dəfələrlə bunu bəyan edib. Erməni azlığın Azərbaycan cəmiyyətinə reinteqrasiyasında Avropa İttifaqının rolundan istifadəsi istisna deyil. Brüsseldə eyni zamanda münaqişənin bundan sonrakı həllində Bakı ilə İrəvan arasında hər hansı vasitəçi olmadan ikitərəfli danışıqların davam etdirilməsi gündəmə gətiriləcək. Hansı ki, Bakı ilə İrəvan arasında birbaşa ikitərəfli əlaqələrin qurulması Qərbin də maraq dairəsindədir.

Əgər İrəvan destruktivlikdən əl çəkib konstruktiv mövqe sərgiləyərsə, o zaman sülhün imzalanması və proseslərin normal məcraya yönəlməsi, qısa zamanda baş verə bilər. Əks təqdirdə, qlobal geosiyasi dəyişikliklər fonunda yürüdülən yanlış siyasətdən uduzan tərəf Ermənistan olacaq. / olke.az

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678