“Bu prosesdə fəal iştirak etmək hər bir millət vəkilinin borcudur”

12 Baxış

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla həyata keçirilməsi bölgələrin iqtisadi, mədəni və sosial sahədə inkişafına zəmin yaradıb.

Turanmedia.az  xəbər verir ki, bunu Tns-ə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, dövlət proqramlarının yerinə yetirilməsi regionlarda yol, su, işıq və qaz problemlərinin aradan qaldırılmasına imkan verir.

“Eyni zamanda sahibkarlıq fəaliyyəti sahəsində də böyük irəliləyiş əldə edilib, yeni iş yerləri yaradılıb. Azərbaycan Prezidentinin tapşırığı əsasında 3 proqram uğurla nəticələnib, 4-cü proqramın yerinə yetirilməsi üçün işlər lazımi şəkildə davam etdirilir. Bu proqramlar işğaldan azad olunmuş ərazilərimizdə də həyata keçirilir. Az müddətdə həmin ərazilərə 7 milyard manatdan artıq vəsait qoyulub. Əlavə olaraq, 2,6 milyard manat vəsaitin də ayrılması nəzərdə tutulur”, – deputat bildirib.

Millət vəkili deyib ki, bu proqramların yerinə yetirilməsi həm də qanunvericilik bazasının möhkəmləndirilməsinə xidmət edir: “Bununla bağlı bir çox hüquqi normativ akt hazırlanıb. Yeni tələblər və çağırışlar həm də yeni qanunların qəbul edilməsini zərurətə çevririr. Milli Məclisin Regional məsələlər komitəsi və digər komitələr də bu məsələdə çox maraqlıdır. Qanunlara müntəzəm olaraq dəyişikliklər edilməkdədir. Qanunvericilik təşəbbüsü ilə çıxış edən müvafiq orqanlar, eləcə də Milli Məclis tərəfindən yeni qanunların qəbul edilməsi gözləniləndir. Bu prosesdə fəal iştirak etmək hər bir millət vəkilinin borcudur”.