Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu il Azərbaycanın digər ölkələrlə imzaladığı müqavilələrin sayı açıqlandı

114 Baxış

Xarici İşlər Nazirliyi (XİN) 2020-ci ildə qurulan çoxtərəfli və ikitərəfli əlaqələri açıqlayıb.

Hesabatda göstərilib ki, cari il ərzində bir sıra çoxtərəfli və ikitərəfli formatlarda xarici siyasət fəaliyyəti davam etdirilib.

Azərbaycan Respublikası ilə Türkiyə, Türkmənistan, Ukrayna, Macarıstan, Koreya, Serbiya, Niderland, İtaliya və Çin arasında bu il 28 beynəlxalq müqavilə imzalanıb.

2020-ci il 25 fevral tarixində imzalanmış və avqust ayında qüvvəyə minmiş “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş”ə əsasən hər iki ölkə vətəndaşları üçün 90 gün vizasız qalma müddəti müəyyən edilib. 2020-ci ilin 10 dekabr tarixində “Azərbaycan Respublikası Hökuməti  və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan hökuməti və Türkiyə hökuməti arasında 1 saylı Protokol” imzalanıb. 

Sözügedən protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq biometrik şəxsiyyət vəsiqəsi və digər sərhədkeçəmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala bilər. Beləliklə, Azərbaycan Respublikası tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün müqavilə imzalanıb.

Ümumilikdə, cari ildə Türkiyə, Türkmənistan, Macarıstan, Bolqarıstan, Özbəkistan, Rusiya, Ukrayna, Çin, Serbiya, Meksika, Polşa, Monteneqro, Koreya, Niderland, İtaliya, İordaniya və Tacikistan ilə 37 beynəlxalq müqavilənin qüvvəyə minməsi təmin edilib. Siyasi, iqtisadi və humanitar sahələrdə dövlətlərarası tərəfdaşlıq münasibətləri inkişaf etdirilib.

İl ərzində Azərbaycan Respublikasının Prezidenti İsveçrə, Almaniya, İtaliya və Müqəddəs Taxt-Taca rəsmi və işgüzar səfərlər həyata keçirib, həmçinin Azərbaycan Respublikasının Xarici işlər naziri İsveçrə, Avstriya, Almaniya, Belçika, Türkiyə, Rusiya, Gürcüstan, ABŞ və İranda rəsmi və işgüzar səfərlərdə olub.

Eyni zamanda, 2020-ci ildə Türkiyənin və Türkmənistanın Prezidentləri, həmçinin Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Rusiyanın Xarici işlər nazirləri ölkəmizə rəsmi və işgüzar səfərlər edib.

30 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Kubada səfirliyi təsis edilib.

XİN həmçinin bu il beynəlxalq qurumlardakı seçkilərdə də iştirak edib.

Beynəlxalq qurumların seçkili vəzifələrinə Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş namizədliklərin təşviq edilməsi istiqamətində fəaliyyət cari ildə də davam etdirilib. XİN tərəfindən aparılmış seçki kampaniyasının nəticəsi olaraq 14 sentyabr 2020-ci il tarixində Nyu-York şəhərində BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 2021-2024-cü illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Respublikasının nümayəndəsi Komitənin üzvü seçilib. Seçkilərdə əldə edilmiş uğurun əlamətdar tərəflərindən biri ölkəmizin nümayəndəsinin ilk dəfə sözügedən quruma seçilməsidir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678