Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Co Baydenin Azərbaycanla bağlı strategiyası, Türkiyə amili – TƏHLİL

123 Baxış

ABŞ-ın yeni Prezidenti Co Bayden Azərbaycan dövlət başçısı İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu göndərib.

ABŞ lideri təbrikində Ağ Evin Azərbaycanla bağlı perspektiv strateji baxışlarını da ifadə edib, iqtisadi əməkdaşlıq üçün yeni imkanların nəzərdən keçirilməsi barədə mesajlar verib.

ABŞ Barak Obama və Donald Trampın hakimiyyətləri dövründə Cənubi Qafqazda iştirakını gücləndirib, bu mənada cənab Baydenin mövqeyi Ağ Evin keçmiş administrasiyalarının Azərbaycanla bağlı siyasətindən o qədər də fərqlənmir – təhlükəsizlik, sülh və enerji layihələrində birgə maraqların ümumi bəyanıdır.  

Bəs yenilik nədir?

Məsələ burasındadır ki, ABŞ-ın yeni lideri ikitərəfli əlaqələrin gələcəyini İkinci Qarabağ Müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq kontekstində nəzərdən keçirir.

Cənub Qaz Dəhlizi ABŞ-ı rəsmi Bakıya bağlayan iqtisadi telləri möhkəmləndirir.

Vaşinqton Azərbaycan qazının Avropa bazarlarında ən uğurlu fazaya daxil olmasına yüksək və davamlı dəstək nümayiş etdirir. Cənub Qaz Dəhlizi enerji sahəsində ABŞ-Azərbaycan əməkdaşlığının zirvəsi hesab olunur.

Baydenin məktubu nəlbəkidə fırtına yaratmağa hesablanmayıb, əksinə gələcək əməkdaşlığın əsaslı dərinləşməsi baxımından önəmlidir.

Ağ Ev Türkiyə-Azərbaycan strateji tərəfdaşlığında yer almaq niyyətindədir

Postmüharibə (Vətən müharibəsində Azərbaycanın qələbəsi) reallığında ABŞ öz maraqlarını güclənən Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı prizmasından nəzərdən keçirir.

C.Baydenin ABŞ-ın Minsk Qrupundakı iştirakını canlandıracağı gözləntiləri var. Ağ Ev Türkiyənin Cənubi Qafqazda mövqeyinin güclənməsi fonunda Minsk Qrupu ilə bağlı gələcəyə baxış bucağını ortaya qoyur.

Nəzərə alaq ki, Türkiyə NATO-da ikinci ən böyük orduya sahib ölkədir və coğrafi baxımdan Cənubi Qafqazda birbaşa təsir rıçaqlarına malikdir. Bu, konseptual olaraq Amerikanın maraqları ilə kəsişmir, çünki Cənubi Qafqazda Rusiyaya qarşı duruş gətirə bilən oyunçu Türkiyədir.

Türkiyə isə Cənubi Qafqazdakı iştirakını Azərbaycana hərtərəfli dəstəklə paralel şəkildə həyata keçirir.

Bayden Minsk Qrupunda ABŞ-ın mövqeyini post münaqişə dövrü üçün gücləndirmək istəyinə gəlincə, ABŞ liderinin məktubuna nəzər salmaq kifayətdir. Sitat:

“ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq”.

ABŞ Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra yaranan yeni iqtisadi fürsətlərdən də yararlanmaq niyyətindədir. Bu reallığı isə Azərbaycan və Türkiyə yaradır, müharibədən sonra Bakı və Ankaranın nüfuz dairəsi Orta Asiyaya da yayılır.

Təhlükəsizlik məsələsində isə Azərbaycan NATO-da çəkiyə malikdir, NATO-niun sülhməramlı əməliyyatlarında iştirak edir.

C.Baydenin Prezident İlham Əliyevə məktubundan çıxarılan nəticə isə budur: ABŞ-ın yeni adminsitrasiyasının Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməsi üçün Prezident İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda maraqlı olduğunu bildirir.

Baydenin ismarıcları ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakteri daşıdığını göstərir.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678