Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat əfv sərəncamı barədə: “Cəmiyyətdə qarşılıqlı hörmət güclənir”

124 Baxış

“Azərbaycan Prezidenti İlham Əliyevin növbəti Əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin daha bir nümunəsidir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə dövlətimizin başçısı tərəfindən ardıcıl olaraq həyata keçirilir”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım Prezident İlham Əliyevin martın 18-də imzaladığı Əfv Sərəncamını şərh edərkən deyib:

“Azərbaycan Prezidenti humanizm prinsiplərinə əsaslanaraq, məhkum edilmiş şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alıb.

Ardıcıl olaraq dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır”.  

Deputat söyləyib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları, o cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan amnistiya aktları indiyədək on minlərlə insana sevinc bəxş edib.

“Budəfəki əfv sərəncamı əfv olunan şəxslərin sayına görə ən böyük aktlardan biridir. Sərəncamla 625 məhkum əfv edilib, onlardan 475 şəxs azadlıqdan məhrumetmə cəzasından azad olunub, 98 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə ilə cəzası ilə əvəz edilib. 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub”.

F.Yıldırım özü də məhkum Bərdə rayon sakini Bayramov Rövşən Qəhrəman oğlunun cəzasının yüngülləşdirilməsi ilə əlaqədar Əfv Komissiyasına müraciət edib. Onun ailəsinin çətin vəziyyəti, yoldaşının və azyaşlı övladı Rinatın səhətindəki problemlərə bağlı müraciəti deputatı duyğulandırıb.

F.Yıldırım qeyd edib ki, müraciəti nəzərə alınıb, R.Bayramovun həbs müddətinin çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

“Buna görə də cənab Prezidentə təşəkkürümü bildirirəm. Ümumiyyətlə, humanist addımlar mahiyyət etibarilə insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan azad edilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir. Dövlətin belə məhkumları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirməklə ölkənin layiqli vətəndaşı olmağa sövq edir”, – deyə F.Yıldırım əlavə edib.

Millət vəkilinin sözlərinə görə, dövlətin humanist siyasətini xalqımız, cəmiyyətimiz yüksək qiymətləndirir: 

“Nəticədə cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri güclənir. Beləliklə, bu sərəncam da Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Bütövlükdə, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər.

Azərbaycan xalqı dövlətimizin başçısının həyata keçirdiyi siyasəti, o cümlədən humanist addımlarını birmənalı şəkildə dəstəkləyir. Çünki əfv sərəncamı milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır”.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678