Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aprel zəfərinə "kor" baxanlar və dördgünlük müharibədə Azərbaycanın qazandığı üstünlüklər

114 Baxış

“Nə qələbə, bir iki təpə alınıb da” – yəqin Aprel müharibəsində hərbi əməliyyatlar dayandırıldıqdan sonra çoxunuz bu ifadələri eşitmisiniz. Bu, sadə vətəndaşların, daha doğrusu ictimai quruluşda hadisələrə rəy vermək kimi bir status qazanmayan şəxslərin dilindən deyilsəydi, başa düşülərdi.

Məsələnin acınacaqlı tərəfi burasındadır ki, bəzi ekspertlərin dilindən də bu sözlər çıxırdı – ən azından müsahibələr zamanı belə fikirlər çox eşitmişəm. Haqq qazandırmırdım, nə o zaman, nə də indi.

Həmişə düşünmüşəm ki, bu, fikir azadlığından çox, diletant mahiyyətin ifadəsidir. Nəzərə almaq lazımdır ki, düşmənin müdafiə xətti – “Ohanyan xətti” yarılmışdı.

İşğalın da bir hüdudu və müddəti var, bu hüdudla barışmaq, ondan aşağı enmək dəfn olunmaqdır, orada işıq sönür.

Azərbaycan da işğal hüdudların miqyasının genişlənməsi riskinə qarşı əks-hücum əməliyyatları keçirərək düşməni geri oturtmuşdu, işığı sönməyə qoymamışdı. Aprel döyüşləri Azərbaycan cəmiyyətində süstləşən mövqeləri canlandırdı, zülmət dolu baxışlara işıq tutdu, vətənpərvərlik ruhunu coşdurdu.

Cəmiyyət artıq ordunun gücünün nəyə qadir olduğunu dərk etdi, ordumuza inam artdı, milli qürur alovlandı. Ermənistan isə özü barədə yaratdığı xəyali qəhrəman obrazları ilə vidalaşmaq məcburiyyətində qaldı.

Aprel qələbəsi o qədər də böyük olmasa da, psixoloji üstünlükləri ələ almaq baxımından olduqca böyük əhəmiyyətə malik idi. Yəni, bunu dərk etməmək üçün hansı beyin quruluşuna malik olmaq lazımdır?

Diplomatik üstünlüklər

Aprel müharibəsi beynəlxalq təşkilatların Qarabağla bağlı pas bağlamış mövqelərinin canlanması və buz bağlamış səylərinin əriməsi baxımından da önəmlidir.

Azərbaycanın hərb meydanındakı qələbəsi diplomatik təmaslar və siyasi danışıqlarda rəsmi Bakının əlini gücləndirir.

Hərbi və strateji üstünlüklər

“Əşşi nə qələbədir ki” tezisini tez-tez təkrarlayanlar ya ibtidai hərbi təsəvvürlərə malik deyillər, ya da ki qərəz onları boğur deyə belə fikirləri cəmiyyətə atırlar.

Bu əməliyyatda ordumuz qoşunların təmas xəttinin bilavasitə yaxınlığında yerləşən, Azərbaycanın yaşayış məntəqələrini məqsədyönlü şəkildə atəşə tutan erməni silahlı birləşmələrinin atəş mövqelərini məhv edir.  

Düşmən hətta üstünlük təşkil edən yüksəklik və mövqelərdən də çıxarılır, qoşunların genişmiqyaslı iştirakı olmadan 2000 hektardan çox ərazi işğaldan təmizlənir. Tərtərin Madagiz (indi Suqovuşan) kəndinə, Goranboyun Gülüstan qəsəbəsinə gedən yollar nəzarətə götürülür.

Talış, Lələtəpə kimi strateji yüksəkliklər işğaldan azad olunur.  Bəziləri isə bunun əhəmiyyətini anlamırlar və ya anlamaq kimi bir istəkləri yoxdur. Necə yəni? Hərbdə adi 50 metr yüksəkliyindəki təpədə mövqe tutmaq və müşahidə aparmaq baxımından böyük əhəmiyyətə malikdir. İndi necə olur ki, bu qədər nəticə, üstəgəl geniş ərazini müşahidə və atəş altında saxlayan, Horadiz və Cocuq Mərcanlı üçün təhlükə yaradan Lələtəpənin işğaldan azad edilməsi əhəmiyyət kəsb etmir? Eləcə də Talış yüksəkliyi.

Nəhayət, Aprel zəfəri böyük qələbəyə aparan şərəfli yolda cığırdır. Azərbaycanın Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) işğalda olan rayonları azad etməsi ilə Aprel müharibəsi arasında korrelyasiya əlaqələri var.

Şəhidlərimizin məzarı nurla dolsun. Bu Vətən onların qanı üzərində dayanır. Aprel döyüşləri də, İkinci Qarabağ müharibəsi də Vətənə tam sədaqətlə xidmət etməyin nümunəsidir.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678