Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bəzi deputatlar prokurorlar üçün əlavələrə qarşı çıxırlar – AÇIQLAMA

128 Baxış

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov “Prokurorluq haqqında” qanuna təklif olunan dəyişikliyi şərh edib.

V.İskəndərov Oxu.Az-a açıqlamasında deyib ki, prokurorluq orqanlarında yenilənmələrin olması zərurəti təbii haldır.

“Təklif olunan dəyişikliklərdə prokurorluq orqanlarının işçilərinin maddi təminatının yaxşılaşdırılması nəzərdə tutulur”, – deyə deputat əlavə edib.

Qanunun 39-cu maddəsinə təklif edilən dəyişikliyə əsasən, prokurorluq işçilərinin sosial müdafiəsini və prokurorluq orqanlarının maddi-texniki bazasını gücləndirmək məqsədilə Baş Prokurorluğun xəzinə hesabına köçürülən vəsaitlərin həcmi genişləndirilir.

Layihəyə görə, cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi Baş Prokurorluğun hesabına köçürüləcək.

Həmçinin Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişin 5 faizi Respublika Prokurorluğunun xəzinəsinə keçəcək.

Bunlar yalnız prokurorluq orqanlarının apardığı istintaqlara aid edilir.

Eyni zamanda prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizinin Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülməsi təklif olunur.

V.İskəndərov qeyd edib ki, qanun layihəsi həm də stimullaşdırıcı xarakter daşıyır və bu, neqativ halların aradan qaldırılmasına yönəldilmiş məsələ kimi də qiymətləndirilməlidir.

“Beynəlxalq praktikada da belə təcrübə var. Mütərəqqi beynəlxalq təcrübələr ölkəmizdə də tətbiq olunur”, – deyə V.İskəndərov söyləyib.

Millət vəkili qeyd edib ki, bəzi həmkarları bunun yaxşı hal olmadığı qənaətindədir.

“Məsələn, təklif edirlər ki, prokurorluq orqanları əməkdaşlarının maaşları artırılsın. Əks mövqelərin olması təbiidir. Ancaq mən düşünürəm ki, təklif olunan dəyişikliklər mütərəqqidir. Sənəd prokurorluq orqanlarının maddi-texniki təminatının yaxşılaşdırılmasına və prokurorluq orqanlarında şəffaflığa dəstək verir”, – deyə V.İskəndərov fikrini yekunlaşdırıb.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678