Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident 98 illik ədalətsiz qərarın üzərindən xətt çəkdi – TƏHLİL

194 Baxış

Azərbaycan Ermənistanı diplomatik tərksilah siyasətini gücləndirir, İrəvan üçün gələcəkdə hər hansı manevr imkanları sıfıra enir.

Halbuki 30 illik münaqişə dövründə İrəvan hiyləgər aktlarla vaxt qazanma siyasətini yürüdürdü və bu zaman müddətində gücləndiyini düşünüb razılaşmaları pozurdu.

Lakin unudurdu ki, zaman Bakının xeyrinə işləyir və Azərbaycanın müharibə üçün əli hər keçən gün güclənir.

Ermənistan 44 günlük Vətən müharibəsində biabırçı kapitulyasiya aktına imza atdıqdan sonra isə Bakı bəzi yerdə qalan məsələlərin həllini diplomatik mərhələyə saxladı və bunun paralelində hərbi prioritetləri də gündəlikdən çıxarmadığını aşkar şəkildə bəyan etdi.

Diplomatik etapda Xankəndi, Xocalı, Xocavəndin tədricən Azərbaycanın yurisdiksiyasına keçməsi Bakının siyasətinin nüvəsini təşkil edir. Azərbaycanın diplomatik həmlələri Ermənistanı seçimə deyil, qeyd-şərtsiz güzəştlərə getməyə məcbur edir.

Üstəgəl, nəzərə almaq lazımdır ki, postmüharibə dövrünün iqtisadi açılım siyasəti Azərbaycan və Türkiyənin liderliyi altında həyata keçirilir, İrəvan üçün isə bununla həlqələr daha da daralır.

İqtisadi faktorlarla təsir rıçaqlarını gücləndirmək Bakı diplomatiyası üçün xarakterikdir və effektiv nəticə hasil edən amildir.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında imzaladığı fərman iqtisadi resursların gücləndirilməsi ilə yanaşı, həm də güclü siyasi xəbərdarlıq mesajlarını özündə ehtiva edir.

Yeni bölgüyə əsasən, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı, Ağcabədi və Bərdə rayonları, Xankəndi şəhəri Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.

Fərmanla Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb və bura Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxil edilib.

Bunlar postmünaqişə dövründə hər hansı mübahisəyə yer qoymur və Xankəndidə, Xocalıda, Xocavənddə Azərbaycanın tamhüquqlu nəzarətini təmin edir.

Yeni bölgü Bakının perspektivdə əsaslı praktiki nəticələr əldə edilməsinə hesablanan siyasi-strateji baxışının aydın ifadəsidir. Eyni zamanda Qarabağda hər hansı statusdan dəm vuran xarici siyasi dairələrə xəbərdarlıqdır.

Prezidentin fərmanı 1923-cü ilin iyulun 7-də Qafqaz Bürosunun Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına dair qərarının ləğvi deməkdir. Bu o deməkdir ki, fərman tarixi ədalətsizliyin üzərindən xətt çəkir və Qarabağda süni inzibati bölgünü aradan qaldırır, bununla “Dağlıq Qarabağ” ifadəsi tarixdə qalır.

Fərmanla Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması isə Azərbaycanın tarixi torpaqlarına önəm verdiyinin göstəricisidir. Bu, ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqlara əsaslanan qərardır.

İlham Əliyev bu ilin aprelində Zəngilana səfəri zamanı Şərqi Zəngəzur ifadəsindən istifadə edib, əlavə olaraq deyib ki, Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır.

Prezidentin fərmanının əhəmiyyətini nəticə kimi belə təsnifatlaşdıra bilərik:

– Ermənistanın və onun havadarlarının Xankəndi, Xocalı və Xocavəndlə bağlı siyasi manipulyasiyalarına son qoyulur;

– Şərqi Zəngəzur iqtisadi rayonu Zəngəzur dəhlizinin açılması üçün siyasi maneələri aradan qaldırır. Xatırlatmaq yerinə düşər ki, Zəngəzur dəhlizinin bir hissəsi məhz Zəngilandan keçir;

– Ermənistanla sərhədlərin müəyyənləşməsi sürətlənir və tez bir zamanda yekunlaşır.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678