Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI

12 Baxış

Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam saatlarında Moskva səfərinə yekun vurmaq və Qarabağ ətrafında baş verən son hadisələri müzakirə etmək üçün parlamentdə hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə görüşüb.

Turanmedia.az modern.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Xatırladaq ki, Brüsselə məlum 6 aprel tarixli səfərindən sonra parlamentdə çıxış edən Nikol Paşinyan bildirmişdi ki, beynəlxalq ictimaiyyət İrəvandan “Qarabağın statusu” ilə bağlı tələbin həddini aşağı salmağı istəyib. Bu açıqlamadan və Qarabağın Azərbaycanın tərkibində qalmasına dair eyhamlarından sonra Nikol Paşinyan aprelin 19-da Rusiya prezidenti V.Putinin dəvətilə Moskvaya rəsmi səfər edib. Paşinyan orada Putinlə 30 bəndlik bəyanat imzalayıb.

Moskvadan qayıdandan sonra Nikol Paşinyanın Qarabağla bağlı mövqeyində bəzi dəyişikliklər müşahidə olunub.

“Hraparak”ın məlumatına görə, dünənki görüşdə Nikol Paşinyan deyib ki, ümumiyyətlə, o, Moskvaya səfəri müsbət qiymətləndirir. Deputatlar Nikol Paşinyandan Moskva səfərinin nəyi dəyişdiyini, baş nazirin niyə razı qaldığını suallarla anlamağa çalışıblar.

Bildirilir ki, N.Paşinyan deputatlara Putinlə təkbətək söhbətinin ictimaiyyətə açıqlanmayan epizodlarını danışıb və deyib ki, Rusiya Qərbdən fərqli olaraq Azərbaycan və Ermənistanın tələsik sülh sazişi imzalamasını istəmir. Moskva düşünür ki, rəsmi İrəvan Qarabağ məsələsinin Ermənistan tərəfindən həll edilməli olduğunu bildirməlidir.

Paşinyan deyib ki, əgər sülh sazişinə alternativ yoxdursa və tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyaraq onu imzalayırsa, o zaman rəsmi İrəvan ilk növbədə razılaşmada Ermənistanın Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyinə dair ən azı bir xəttə nail olmalıdır. O, rəsmi İrəvanın Qarabağ ermənilərini büdcə vəsaiti ilə dəstəkləməkdə davam edəcəyini və status məsələsinin sonrakı danışıqlara qaldığını deyib. Belə olan halda Rusiya Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edəcəyinə söz verib.

Paşinyanın sözlərinə görə, Putinlə görüşdə Brüssel razılaşmalarının Rusiya üçün qəbuledilməz olduğu vurğulanıb. Qeyd edilib ki, xüsusən də “Qarabağın statusu” ilə bağlı tələblərin aşağı salınması bu məsələdə Rusiya faktorunu sıfıra endirə bilər.

“Rəsmi Moskva hər kəsin – həm Qərbin, həm də Azərbaycanın yararlanmağa çalışdığı zəifləmiş mövqeyini nəzərə alaraq, istənilən dəyişikliyin onun xeyrinə olmayacağını anladığından nəyin bahasına olursa olsun, mövcud status-kvonu saxlamaq istəyir”,-deyə Paşinyan deputatlarla görüşündə bildirib.

Paşinyan həmçinin, hakim fraksiya üzvlərinə Rusiya prezidenti ilə təkbətək söhbətində status-kvonun saxlanmasının İrəvanın xeyrinə olmadığını deyib. O, “Fərrux məsələsi”ni əsas gətirərək, bunun qəbuledilməz olduğunu vurğuladığını, erməni tərəfinin zaman-zaman ərazi itirdiyini və Ermənistan vətəndaşlarının buna görə onu günahlandırdığını da Rusiya prezidentinin diqqətinə çatdırıb.

Nikol Paşinyanın sözlərinə görə, Putinin məsələni həll edəcəyinə söz verdiyini, Azərbaycanın onların zəifliyindən istifadə etdiyini, lakin bu vəziyyətin uzun sürməyəcəyini deyib.

“İrəvanın Rusiya ilə imzaladığı 30 bəndlik bəyanata gəlincə, hakim komanda buna o qədər də önəm vermir, bunu deklorativ sənəd hesab edir, eyni zamanda, dünyanın Rusiyanı işğalçı elan etdiyini, sivil dünyadan təcrid olunduğu indiki mərhələdə siyasi kontekstlə bağlı olduğunu etiraf edir”,-deyə “Hraparak yazıb.

“Belə bir bəyanatın imzalanması diqqətəlayiqdir. Amma hakim komanda Paşinyana haqq qazandırır ki, əgər Qarabağ məsələsi masadadırsa və Moskva təminat verirsə, onda İrəvan bəzi güzəştlərə getməlidir. Xüsusilə ona görə ki, Nikol Paşinyanın dediyi kimi, Ermənistan çox çətin vəziyyətdədir və nə Qərbi, nə də Rusiyanı rədd etmədən çevik siyasət yeritməyi bacarmalıdır”, – məlumatda deyilir.

Əgər Rusiyada status-kvonun mümkün qədər uzun müddət saxlanılması ilə bağlı razılaşmalar əldə olunubsa, eyni zamanda İrəvan Brüsseldə Azərbaycanın təqdim etdiyi 5 bəndlik sülh sənədinin tərəfdarı olduğunu bildiribsə, onda Ermənistan hökuməti necə hərəkət edəcək?

“Hraparak” yazır ki, yaxın gələcəkdə hökumətin aparacağı kurs aşağıdakı məzmunda olacaq:

“Bəli, biz sülh müqaviləsinin tərəfdarıyıq, biz Qərbi incitməyəcəyik, lakin əlavə edəcəyik ki, Qarabağın statusunu Qarabağ erməniləri həll etməlidir və Ermənistan “Qarabağ xalqı”nın hüquqlarını müdafiə etməlidir. İrəvan bunda qətiyyət göstərəcək, bu halda Azərbaycan Qərbin tətbiq etdiyi sülh müqaviləsini devirəcək”.

“Mülki müqavilə” fraksiyasının deputatları Nikol Paşinyandan Azərbaycanın ərazi bütövlüyünü şəxsən tanıyıb-tanımadığını soruşublar, cavab müsbət olub.

“Hraparak” yazır ki, dünənki görüşdə daxili siyasi məsələlərə toxunulmayıb.