Bu tarixə kimi Qarabağda silahlı erməni qalmamalıdır

6 Baxış

Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin əməlləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ağır olmaqda davam edir. Buna baxmayaraq, “Qisas” əməliyyatı sayəsində erməniləri yerində oturtmaq və onların genişmiqyaslı təxribatını davam etdirmələrinin qarşısını almaq mümkün oldu. Lakin mövcud vəziyyət fonunda ermənilərin bu təxribatları davam etdirə biləcəkləri göz qabağındadır..

Turanmedia.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

 

O, İrəvanın münaqişə vəziyyətini beynəlmiləlləşdirməyə meyil etdiyini deyib:

 

“Ona görə də Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, bütün qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən tamamilə çıxarılması tələbi aktual olaraq qalır və qeyd-şərtsiz yerinə yetirilməlidir. Paşinyanın həm Amerika Birləşmiş Ştatlarını, həm də Fransanı bura cəlb etmək cəhdləri tamamilə dağıdıcı təsir bağışlayır. Eyni zamanda ABŞ Senatında bir sıra erməni lobbiçilərinin bu gün Azərbaycan əleyhinə bəyanatlar verdiyinin və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığının şahidi oluruq”.

 

Bu baxımdan ekspert hesab edir ki, Rusiya və Azərbaycan müttəfiqlik əməkdaşlığı haqqında məlum bəyannaməyə əsaslanaraq, bir sıra istiqamətlərdə birgə fəaliyyət göstərəcəklər:

 

“Məsələn, Üçtərəfli Bəyanat, həm də sonrakı müvafiq müqavilələrdə Paşinyanın üzərinə götürdüyü bütün öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi, siyasi cəhətdən buna məcbur edilməsi bura aiddir. Ümumiyyətlə, bu gün təmkinli olmaq, vəziyyətə nəzarət etmək, həmçinin birgə səylərlə erməni tərəfini öz öhdəliklərini yerinə yetirməyə məcbur edə biləcəyimizə arxalanmaq son dərəcə vacibdir. Bu öhdəliklərdən birincisi Laçın dəhlizinin yeni marşrutu, eləcə də qeyri-qanuni erməni silahlı birləşmələrinin ərazidən çıxarılmasıdır. Temp o qədər sərt olmalıdır ki, 2022-ci il noyabrın 10-na kimi Qarabağda silahlı erməni qalmamalı, ancaq dinc əhalinin həmin yerlərdə yaşaması mümkündür”.

 

Həmsöhbətimiz vurğulayıb ki, təxirəsalınmaz həllin tələb olunduğu məsələlər sırasında həm də Zəngəzur nəqliyyat dəhlizinin işə salınması var:

 

“Bundan başqa, 30 illik işğaldan sonra onların geridə qoyduğu minalanmış sahələrin xəritəsinin ötürülməsi, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası vacibdir. Ən əsası isə Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən 5 prinsip əsasında sülh müqaviləsini imzalamalıdır. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi Cənubi Qafqazda uzun illər davam edəcək sakit və proqnozlaşdırıla bilən inkişafın başlanğıcı olacaq”.