İlham Əliyev “Altın kıran” – “Qızıl qartal” ordeni ilə təltif olundu

16 Baxış

Avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyevə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olunub.

Turanmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edərək deyib:

-Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Heydər oğlu.

Bu gün mən Sizin ölkənizə böyük məmnuniyyətlə rəsmi səfər edirəm. Biz məhdud tərkibdə çox səmərəli görüş keçirdik. Mənim səfərimin proqramına Sizin Qazaxıstan Respublikasının “Altın Kıran” ali ordeni ilə təltif edilməyiniz mərasimi də daxildir. Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın Kıran” ordenini təqdim etmək istərdim.

***

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi töhfəsinə görə “Altın Kıran” ordeni ilə təltif edilməsi haqqında Qazaxıstan Prezidentinin Fərmanı oxunub.

***

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Altın Kıran” ordenini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyev çıxış edərək deyib:

-Möhtərəm Kasım-Jomart Kemeleviç, mənim əməyimi yüksək qiymətləndirdiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür etmək istərdim. Mən çox fəxr edirəm ki, Siz məni qardaş ölkə olan Qazaxıstanın ali ordeni ilə təltif etməyi lazım bilmisiniz. Bundan sonra da bizim dostluq və qardaşlıq münasibətlərinin inkişafına töhfə vermək üçün öz tərəfimdən əlimdən gələni edəcəyəm.

Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır. Mən bu mükafatı bütün Azərbaycan xalqına hörmət əlaməti hesab edirəm. Bu mükafatı Siz təqdim etdiyinizə görə xüsusi qürur duyuram. Sizin qeyd etdiyiniz kimi, bu gün biz ikitərəfli gündəliyin bir çox məsələlərinə və beynəlxalq inkişaf məsələlərinə dair ətraflı söhbət etdik. Mən artıq demişəm, bir daha təsdiqləmək istəyirəm ki, Sizin yürütdüyünüz islahatlar kursunu tamamilə dəstəkləyirik. Sizin yürütdüyünüz siyasət Qazaxıstanın, Qazaxıstan xalqının milli mənafelərinə tamamilə uyğundur. Artıq qazanılmış uğurlar Sizin seçdiyiniz kursun düzgün olmasına dəlalət edir. Qazaxıstan xalqının bu kursu dəstəkləməsi bir daha onu göstərir ki, bizə qardaş olan Qazaxıstan düzgün yolla gedir. Əminəm ki, Siz qarşıya qoyduğunuz bütün hədəflərə çatacaqsınız. Lakin bu yüksək mükafat mənim əlbəttə ki, münasibətlərimizin möhkəmləndirilməsi yolunda bundan sonrakı fəaliyyətimdə üzərimə vəzifələr qoyur. Əmin ola bilərsiniz ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.

Bu yüksək mükafata görə bir daha təşəkkür edirəm.