“Bəzi partiya funksionerləri dövlətimizə qarşı mənfur addımlarını həyata keçirməyə çalışırlar”-Açıqlama

8 Baxış

“Son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribat xarakterli addımlar üç tərəfli razılaşmanın pozulması, Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməməsini sübut edir. Ermənistan bununla da sülh müqaviləsinin bağlanmasından boyun qaçırır, bölgədə sülhün bərqərar olması prosesini müxtəlif bəhanələrlə ləngidir. 2020-ci il 10 noyabr razılaşmasından sonra erməni tərəfi üzərinə düşdüyü öhdəliyi yerinə yetirmir, əksinə, bütün vasitələrdən istifadə edərək bölgədə gərginliyi artır. Nəzər yetirsək ermənilər istər Kəlbəcərin boşaldılması zamanı, istər Laçın şəhərinin təhvil verilməsi zamanı öz mənfur niyyətlərini həyata keçirdiklərini açıq aydın görə bilərik. Sarıbaba yüksəkliyində 2021-2022ci il istehsalı olan minaların döşənməsi Ermənistanın əsl niyyətini ortaya qoymuş olur. Təbii ki, Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu mənfur niyyətli addımlara müvafiq cavab verməli idi. Ordumuzun düşmənə verdiyi layiqli cavab bizlə istər açıq, istərsə də pərdə arxası mübarizə aparan bəzi dövlətləri hərəkətə gətirib. Onlar çox ciddi narahatçılıqlar keçirirlər”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Fransanın təklifi ilə BMT-nin təhlükəsizlik şurasının çağırılması buna bariz nümunədir. “Amma çox təəsüf olsun ki, ölkə daxilində siyasi proseslərə qoşulan bəzi partiya funksionerləri, müxtəlif şəxslər düşmən dəyirmanına su tökür, həmin xarici qüvvələrlə həmfikir olaraq dövlətimizə qarşı mənfur addımlarını həyata keçirməyə çalışırlar. Əli Kərimli, Arif Hacılı, Gültəkin Hacıbəyli və onların ətrafında olan qaraguruh qüvvələr ordumuzun itkilərini Azərbaycanın uğursuzluğu kimi qələmə verir, dövlətimizi təcavüzkar olduğunu vurğulayır, öz vətənini qanı, canı bahasına qoruyan igidlərimizin fədakarlığını aşağılayırlar”- o qeyd edib.

Deputat əlavə edib ki, xalqımızın Ali Baş Komandanın ideyaları ətrafında sıx birləşməsi sanki bu adamları narahat edir, əldə olunmuş uğurları həzm edə bilmirlər: “Məhz bu qüvvələr Azərbaycana qarşı siyasi cəbhədə yer almış dövlətlərin yanında durur, onların fikirlərinin ifadəçisi rolunu ifa edirlər. Xaricdən bu destruktiv qüvvələrə dəstək verən Qənimət Zahid, Tural Sadıqlının timsalında bəzi dırnaqarası müxalifət nümayəndələri müxtəlif şərhlərlə dövlətimizin son iki ildə əldə etdiyi uğurlara kölgə salmağa çalışır, 44 günlük Vətən müharibəsini gözdən salmaq istəyirlər. Təbii ki, bu yol verilməzdir. Düşmən qüvvələrdən heç də fərqlənməyən Altay Göyüşov kimi şəxslərin mövqeyi sərt şəkildə qınanılmalıdır. Çünki bu düşüncələr mənfur düşmənlərin fikirlərindən heçnə ilə fərqlənmir. Hazırda dünyada gedən proseslər fonunda vahid ideya ətrafında birləşmək, xalqımızı, ordumuzu ruhlandırmaq əvəzinə, bu cür pozucu fəaliyyətlə məşğul olmaq, birmənalı şəkildə dövlətimizə və xalqımıza qarşı yönəlməkdir. Lakin xalqımızın əhval ruhiyyəsi bizdə o əminliyi yaradır ki,Azərbaycan dövləti Ali Baş komandanın rəhbərliyi altında bütün strateji hədəflərə çatacaq və biz yeni yeni qələbələrin şahidi olacağıq!”.