“Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğuru oldu”

24 Baxış

“Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğuru oldu. Cənubi Qafqazda sülhün əldə edilməsi vahid yanaşma bir daha təsdiq edildi, istənilən anlaşma ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Bunu Ermənistan bir daha qəbul etdi”.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

“Tərəflər sülhün əldə edilməsi yollarını müzakirə etdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, artıq münaqişə yoxdur. Münaqişə iki il öncə həll edilib.

Bu dəfə də Alma-Ata Protokoluna istinad edildi. 21 dekabr 1991-ci il tarixində MDB-yə üzv olacaq 11 ölkənin imzaladığı bu sənədlə dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar”, – deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxlaya bilir: “Bu Azərbaycan diplomatiyasının gücüdür. Azərbaycan daha bir uğura imza atdı. Bu uğurlar isə bizi ərazi bütövlüyümüz çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşdırır. Sülhdən isə bütün region faydalanmış olacaq”.