Xankəndidə “hakimiyyət davası” qızışır – Bakı müdaxilə edə bilər

38 Baxış

Xankəndidə hələ də qalan separatçı-terrorçu rejimin daxilində qarşıdurma kəskinləşir.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, Ruben Vardanyanla Araik Arutyunyan arasında fikir ayrılığı var.

R.Vardanyan qondarma “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanı da uzaqlaşdırmaq niyyətindədir.

Vardanyanın Qarabağa gəlişindən sonra “hakimiyyəti” ələ almaq niyyəti aydın görünürdü. Rusiyanın göndərdiyi, Qərbdəki erməni diasporu/lobbisinin dəstəklədiyi Rubenin qondarma “dövlət naziri” təyin edilməsi də Ermənistan hakimiyyətinin istəyinə uyğun olmayıb. Məlumatlara görə, A.Arutyunyan R.Vardanyanı təzyiqlərə görə “dövlət naziri” edib.

 

“Hraparak” qəzeti yazır ki, Vardanyanın qondarma “dövlət naziri” olmasından sonra Araik Arutyunyanın danışmaması Qarabağda “hakimiyyət” dəyişikliyinin başlandığını göstərir.

 

“Belə görünür ki, Paşinyandan imtina edə bilməyən Arutyunyanı, imtina etməyi bacaran Vardanyan əvəzləyəcək”, – nəşr yazır.

 

Nəşr onu da qeyd edir ki, Vardanyan özünün yeni dəstəsini formalaşdırır: “Məlumatlara görə, Vitali Balasanyan da bu dəstədə deyil. Əgər əvvəllər Balasanyan danışıqlarda əsas şəxs idisə, indi arxa plana keçib, hətta bazar günü keçirilən mitinqə belə qatılmayıb”.

 

Məlumata görə, Vardanyan şərt qoyub: “ya mən, ya da Balasanyan”.

 

“Vitalinin vəzifəsindən gedəcəyi istisna edilmir. Hətta onu Levon Mnatsakanyanın əvəz edəcəyi deyilir”, – nəşr yazır.

 

Separatçı-terrorçu rejimin keçmiş “rəhbəri” Bako Saakyan da Ruben Vardanyana dəstək verir.

 

Proseslər göstərir ki, Xankəndidə “hakimiyyət davası” getdikcə daha da kəskinləşəcək. Bu qarşıdurmadan əziyyət çəkən əsas təbəqə erməni əhalisinin olacağı da aydın görünür. Belə vəziyyətdə rəsmi Bakı erməni əhalisinin hüquq və təhlükəsizliyini qorumaq məqsədilə Xankəndidəki proseslərə müdaxilə edə bilər.(publika.az)