“İran tezliklə parçalanacaq və biz dərhal birləşəcəyik” – Xalq artisti ilə MÜSAHİBƏ

10 Baxış

İranda etirazlar 100 gündən çoxdur ki, davam edir. 1979-cu il inqilabından bəri ən uzun sürən hökumət əleyhinə nümayişlər zamanı 69-u uşaq olmaqla azı 500 nəfər həlak olub. Aksiyalar isə daha çox Güney azərbaycanlıların fəallığı və azadlıq şüarları ilə seçilir.

Turanmedia.az xəbər verir ki, Respublikanın xalq artisti Nurəddin Mehdixanlı baş verənlərlə bağlı KONKRET.az-a eksklüziv müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Nurəddin müəllim, İranda etiraz aksiyaları 100 gündən çoxdur ki, davam edir. Aksiyalar nə ilə yadda qaldı? Ələlxüsus, bu aksiyalar nəticəsində azərbaycanlılar yenidən birləşə biləcəkmi?

– Həyatda hər şey mümkündür. Tarixdə də bu kimi hadisələr çox olub və buna onlarla nümunə var. Əsas odur ki, millət bir olmağı bacarsın. Millət bir olarsa, hamı bir hədəfə vurarsa, niyə də mümkün olmasın? Azərbaycan xalqı Birləşmiş Millətlər Təşkilatında parçalanmış xalq stausu ilə qeydiyyata alınıb. Dünyada parçalanmış başqa xalqlar da var ki, sonradan birləşiblər. Azərbaycan xalqı niyə birləşməsin? Amma bu sabah olacaq, birisigün olacaq məsələsi deyil. Əsas odur ki, hədəf bəllidir və hər bir azərbaycanlı bunun üçün çalışsın.

– Bu gedişlə İranda rejim dəyişəcək?

– Bütün imperiyaların yaranışı və çöküşü var. İran da bir imperiyadır və artıq onun çökmə prosesi başlayıb. Bu məsələdə isə günahkar kimi nə ərəbi, nə bəlucu, nə kürdü, nə Azərbaycan türklərini, nə də digər etnik xalqları saymaq lazımdır. Sadəcə olaraq, rejim artıq qocalıb və bu sayaq idarəetmənin mümkün olmadığı göz qabağındadır. Nəticə etibarı ilə xalqların, millətlərin haqqı tapdanır, ana dilləri, milli-mənəvi dəyərləri qadağan edilir, milli kimliklərini bəyan etməyə haqları yoxdur. Təbii ki, belə olan halda, bu kimi hadisələr baş verəcək. Sadəcə biz bu proseslərə hazır olmalıyıq. Düşünürəm ki, o taylı-bu taylı azərbaycanlılar müəyyən mənada buna hazırdırlar.

– Azərbaycan bu proseslərə hansı formada dəstək verməlidir?

– Son 200 ildə, yəni, Gülüstan və Türkmənçay müqavilələrindən sonra heç bir zaman dövlət başçısı adından, dövlətin adından bu problemə bu qədər ciddi yanaşma olmayıb. Dövlət başçısının Səmərqənddəki çıxışı və 40 milyonluq Azərbaycan xalqının haqqı-hüququ tapdanıb, öz ana dillərində təhsil almaq hüquqları tapdanıb, milli kimliklərini bəyan etmək hüquqları yoxdur və biz bütün bu məsələlərdə 40 milyonluq Azərbaycan xalqının, güneyli qardaşlarımızın yanında olacağıq və problemlərini həll etmək üçün hər şeyi edəcəyik deməsi, məsələyə bu dərəcədə münasibət bildirilməsi o demək idi ki, hər şey göründüyü kimi sadə deyil. Deməli, əslində çox ciddi proseslər gedir. Yəni, dövlət başçıları bu kimi fikriləri sıradan işlətmirlər. Onlar perspektivə hesablanmış proqnozlar verir və fikir bildirirlər. Düşünürəm ki, bu gün əslində İran adlanan ölkədə baş verən hadisələr də nəticə etibarı ilə Azərbaycan türklərinin də vahid xalq kimi birləşməsi üçün imkanlar yaradacaq.

– Güney Azərbaycan müstəqil olacaq, yoxsa Azərbaycana birləşəcək?

– Əslində, düşünümürəm ki, İran tezliklə parçalanacaq və biz dərhal birləşəcəyik. Yəqin ki, o tayda olan 40 milyonluq Azərbaycan xalqı birinci mənada öz azadlıqlarına nail olmalıdır, özlərinin müstəqil idarəetməsini qurmalıdır. Bundan sonra hər iki Azərbaycan beynəlxalq təşkilatların nəzarəti altında referendum keçirər və xalq birləşər. Yəni, beynəlxalq qanunlar, beynəlxalq hüquq bunu qadağan eləmir. Əksinə, bunu xalqların öz müqəddəratını təyinetmə hüququ kimi tanıyır. Biz kiminsə daxili işlərinə qarışımırıq, bizə “şiə qardaşım”, “müsəlman qardaşım” deyən İran-fars rejimi bizim daxili işlərimizə qarışır. Bizim düşmənlərimizlə dostluq edir, torpaqlarımızı işğal altında saxlayan müsəlman abidələrini xarabalığa çevirən, məscidlərimizdə donuz saxlayan bir ölkəyə qardaş deyir, onun təhlükəsiziliyini qırmızı xətti hesab edir. Artıq Azərbaycan da dostları ilə dost, düşmənləri ilə düşmən olmağı seçir. Yəni, biz sadəcə bizə aid olanı istəyir və edirik. Bizim haqqımız-hüququmuz çatan nəsnələri tələb edirik. Düşünürəm ki, qarşıdan gələn illərdə də proseslər buna doğru irəliləyəcək.