Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İqtisadiyyat Nazirliyi ləğv olunur? – Ekspertlər bu orqanın fəaliyyətinin təftişini təklif edir

22 Baxış

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibibəsində ölkədə həyata keçirilən, eləcə də keçirilməsi nəzərdə tutulan bir sıra məqamlara ətraflı şəkildə toxunub.

Dövlət başçısı bildirib ki, bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir: “Biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.

Prezident İlham Əliyev deyib ki, bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi: “Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”.

Bir sıra ekspertlər hesab edir ki, Azərbaycanda qarşıdan gələn yeni dövrdə müxtəlif qurumların idarəçilik mexanizmlərində də dəyişkliyə ehtiyac var. Bu baxımdan ölkə üçün vacib əhəmiyyət daşıyan iqtisadiyyatın idarə edilməsində rolu olan nazirliyin iş mexanizminin dəyişdirilməsi, faydalılığının artırılmasına ehtiyac yarandığı kimi fikirlər səsləndirilir.

Sosial mediada bununla bağlı fərqli fikirlər irəli sürülür, hətta İqtisadiyyat Nazirliyinə ehtiyac olmadığı bildirilir.

Səsləndirilən fikirlər nə qədər reallığı əks etdirir? Ümumiyyətlə, dünya təcrübəsində bu sahənin idarə edilməsi mexanizmi hansı formada həyata keçirilir?

Turanmedia.az xəbər verir ki, Real Partiyasının rəhbərliyində təmsil olunan iqtisadçı Natiq Cəfərli TNS-ə bildirib ki, Azərbaycanın İqtisadiyyat Nazirliyinin yükü çox olduğundan artıq çəkib apara bilmir: “Bir çox ölkənin təcrübəsində iqtisadiyyat üzrə nazirliyin funksiyaları müxtəlif nazirliklər arasında bölüşdürülə bilir. Məsələn, Türkiyədə iqtisadi sahədə əsasən, Xəzinə və Maliyyə Nazirliyi fəaliyyət göstərir. Bunun məntiqi ondan ibarətdir ki, həm maliyyə, həm xəzinə resursları bir mərkəzdə cəmlənir. Başqa ölkələrdə də belə təcrübələr var. Azərbaycanda problem ondadır ki, İqtisadiyyat Nazirliyinə çox sayda funksiya verildiyindən qurum yüklənib və yükü dartıb apara bilmir. Yəni, nazirliyin ləğvindən çox, onun funksiyalarının azaldılmasından danışmaq olar”.

İqtisadçı bildirib ki, nazirlik funksiyası əslində idarəetmə siyasətinin hazırlandığı beyin mərkəzi olmalı, onlar bu sahənin inkişaf strategiyaları ilə məşğul olmalıdırlar: “Bizdə demək olar ki, bütün nazirliklər təsərrüfat fəaliyyəti ilə məşğul olur. İqtisadiyyat Nazirliyinin ən azından funksiyalarının azadılması, inkişaf sənədlərinin hazırlanacağı beyin mərkəzinə çevrilməsi daha məntiqli olar. Türkiyə nümunəsini də nəzərdən keçirmək olar. Bütün iqtisadi proseslərin – maliyyə, vergi və gömrük rüsumlarının bir mərkəzdə toplanması üçün Maliyyə və Xəzinə Nazirliyinin yaradılması və iqtisadiyyatın koordinasiyasının bu nazirliyə verilməsi daha məntiqli olar”.

İqtisadçı Fuad İbrahimov TNS-ə açıqlamasında deyib ki, İqtisadiyyat Nazirliyi hər hansı formada və ad altında mütləq fəaliyyət göstərməlidir: “İstənilən ölkənin idarə olunmasını tənzimləyən əsas sahələrdən biri iqtisadi tənzimləmədir. Bu baxımdan, İqtisadiyyat Nazirliyi hər hansı ad altında fəaliyyət göstərməlidir. Fəaliyyətinin qənaətbəxş olması məsələsinə gəlincə, bunun üçün müəyyən araşdırmalara ehtiyac var. 2005-ci ildən açılan müəssisələrin təftiş komissiyası yaradılaraq, icra vəziyyəti ilə bağlı arayış hazırlanmalı, vəziyyətə baxılmalı və daha sonra İqtisadiyyat Nazirliyinin qalıb-qalmaması müzakirə olunmalıdır”.

İqtisadçı müəyyən araşdırmalar aparıldığını deyib: “Vəziyyət heç də qənaətbəxş deyil. Misal üçün, bir müddət əvvəl İsmayıllıda Velosiped Zavodu açıldı. Açılışda Prezident İlham Əliyev də iştirak etdi. Amma müəssisə çalışmır. Bir müəssisənin açılışından əvvəl perspektivdə texiniki-iqtisadi qiymətləndirilməsi aparılmalıdır. Bütün bu məsələlər İqtisadiyyat Nazirliyi tərəfindən tənzimlənməlidir. Yüzlərlə belə misal gətirmək olar ki, müəssisələr var, amma fəaliyyəti qənaətbəxş deyil. Bu yaxınlarda sanksiyalar altında olan Belarusda oldum. Ölkənin yarım milyon əhalisi olan Qomel şəhərində 120-dən artıq müəssisə işləyir. Əksəriyyətinin qapısı üzərində işə qəbul haqqında elanlar da verilir. Yerində təcrübə keçməklə işə qəbul aparılır. Fəhlələrin maaşları kifayət qədər yüksək, ən aşağısı 400-700 dollardır. Fakt, göstərici budur. Vətəndaşların məşğulluğunun təmin olunması budur. Onlar məhdud imkanlarla, sanksiyalar altında bunu edə bilirslərsə, o zaman bizim bu imkanlarla hər tərəfimiz istehsal olmalıdır. Amma yoxdur”.

İqtisadçı bildirib ki, Prezident iqtisadiyyatın idarə olunması, şaxələnməsi ilə bağlı sərəncamlar verir, amma inkişaf tempimiz bunlara uyğun deyil: “Mövcud gücümüz kifayət qədər olsa da, biz onu reallıqda görmürük. Belə bir vəziyyətdə əlbəttə ki, biz İqtisadiyyat Nazirliyinin fəaliyyətini daha geniş görmək istəyirik. Beynəlxalq layihələrdə iştirak, qonaq qəbulu, sənəd imzalamaq, statistik məlumata əsaslanaraq fikir söyləmək öz yerində, amma reallıq faktiki olaraq başqadır. Ətrafda müşahidə edəndə görürük ki, hansısa bir müəssisədə fəhləlikdən başqa dayanıqlı, fundamental şəkildə işlə təmin olunma yoxdur”.

Ekspert vurğulayıb ki, əgər müstəqil bir audit komandası təftiş aparsa, ortaya qoysa, Prezident özü qərarını verəcək.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678