Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ALİ MƏKTƏBLƏRDƏ GENİŞ VƏ CİDDİ İSLAHAT KEÇİRİLMƏLİDİR

114 Baxış

ALİ MƏKTƏBLƏRDƏ GENİŞ VƏ CİDDİ İSLAHAT KEÇİRİLMƏLİDİR: İLLİK TƏHSİL HAQQI LƏĞV OLUNMALIDIR! “DÖVLƏT İMTAHANI” LƏĞV OLUNMALIDIR! BAKALAVR VƏ MAGİSTRATURA PİLLƏLƏRİ BİRLƏŞDİRİLMƏLİDİR!

Ali və orta dərəcəsindən asılı olmayaraq, təhsil insan övladı üçün olduqca çox önəmlidir. Hər halda, insan yazıb-oxumağı, hesablamağı, tarixi, dilini, dünyanın yaranmasını, insanların xəlq olunmasını, insanların necə yaşadığını, təbiəti, fizikanı, kimyanı bilməlidir. Bu sadaladıqlarımın hamısı “Təhsil” adlı o müqəddəs kəlmədə birləşir. Bəli, insan nəyin nə olduğunu bilməsi üçün mütləq bir şəkildə oxumalıdır. Təhsil ticarət deyil, böyük bir sərvətdir. İlahi bir inayətdir ki, onu yaratdığı bəşəriyyətə vermişdir. Ancaq çox böyük bir təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu günümüzdə təhsil, sanki, alış-veriş mənbəyinə çevrilmişdir. Tələbələr isə müştəri kimi qəbul edilir. Daha onların oxuyub-oxumaması, gələcəkdə vətən üçün yararlı və xeyirli bir vətəndaş olması təhsil işçilərini əsla və əsla maraqlandırmır. Çünki, əsas mövzu üzüqara puldur. Əsas odur ki, fağır tələbə, onun bədbəxt ailəsi borca, faizə, banka girərək universitetlərin hesabına pul yerləşdirsin. Bundan sonra, tələbə heç oxumasa da olar. O pul ki, çox şeyin qarşısını kəsmişdir. İnsanların arzuları o murdar kağız parçasından ötrü həyata keçə bilmir. İllik təhsil haqqı isə gündən-günə daha da artıq qaldırılır, verdikləri təhsil isə keyfiyyətsiz bir şeydir. Bu günün Azərbaycan təhsili üzü gözəl, amma içi çürük alma kimidir. Gənclərin çoxu kasıbçılıq və illik təhsil haqqı ucbatından Ali məktəbə qəbul ola bilmir; bəziləri yüksək bal ilə qəbul olsalar da belə, buna baxmayaraq, ilk başdan illik təhsil haqqını ödəyə bilmədikləri üçün yazıqlar heç I kursa qədəm qoya bilmirlər. Hətta elələri vardır ki, II-III kursdan etibarən artıq illik təhsil haqlarını ödəyə bilmədikləri üçün ali məktəbi yarımçıq qoymaq məcburiyyətində qalırlar. Bununla da, bütün zəhmət hədərə gedir. Sizcə, bu, gənc arzuların məhv olması deyilmi?! Allah belə şeyləri heç götürməz! Heç olmasa, Allahdan qorxmaq lazımdır və gənclərin qəlbini sındırmaq olmaz! Birmənalı olaraq, bütün ali məktəblərdə illik təhsil haqqı ləğv olunmalı və tələbələrin oxumasına şərait yaradılmalıdır!

“Dövlət imtahanı” ləğv edilməlidir! Bu imtahanın, nəyin ki, təkcə tələbələrə, hətta ümumi təhsil sisteminə heç bir dəxli və aidiyyatı yoxdur. Çünki, onsuzda, abituriyent “Tələbə” adını qazanmaq üçün məntiqsiz bir şəkildə hazırlanan qəbul imtahanı verərək, hələ üstəlik yersiz tənzimlənmə ucbatından istəmədiyi ixtisasa düşməsi azmış kimi, arzulamadığı bir universitetə və fakültəyə qəbul olur. Daha sonra nə üçün bir də imtahan verməlidir?! Yəni bunun nə kimi bir mənası və ya yeri var?! Hələ birinci “Dövlət imtahanı”-ndan kəsilən tələbələrə ikinci “Dövlət imtahanı”-nda iştirak etmək üçün hələ 300-400 manat rəsmi ödəniş tələb olunur. Daha bunun nəyi təhsil oldu?! Belə təhsil olar?! Azərbaycandakı ali təhsil analoqu olmayan bir ali təhsildir! Gənclərə heç bir xeyiri, faydası, uğuru olmayan bir ali təhsildir Azərbaycan təhsili! Gənclər neçə il gözlərinin işığını itirərək hazırlıqlara gedir, qəbul olandan sonra 4 il oxuyur, nə qədər pul xərcləyir, axırda isə işsiz qalaraq ya bazarda satıcılıq edir və ya da işsizlik, kasıbçılıq səbəbindən məcbur qalıb oğurluq edərək həbsxanaya düşür. Ali məktəblər olduqca çox bərbad gündədir. Onları yalnız və yalnız tələbənin ali təhsil alması, oxuması yox, onun pulu düşündürür. “Dövlət imtahanı” ləğv edilməlidir. Bunu bəzi tələbələrə şamil edirlər, bəzi tələbələrə isə aid etmirlər. Əgər bu qədər ciddi və əhəmiyyətli bir mərhələdirsə, qoy, bütün tələblər onda iştirak etsin; yox, lazımsız bir şeydirsə, o zaman, nəzərdə tutulan imtahan bütün tələblər üçün ləğv olunmalı və onlar bundan qəti şəkildə azad edilməlidirlər!

Bakalavr və Magistratura pillələri birləşdirilməli, ali təhsil müddəti 6 il olmalıdır. Daha tələbə Magistratura pilləsinə qəbul olmaq üçün yenidən mənasız bir imtahan verməməlidir. Magistratura pilləsi üçün də illik ödəniş ləğv olunmalıdır. Bunların hamısı sistemləşdirilmiş vəziyyətə salınmalıdır. Birləşdirilmiş Bakalavr-Magistratura mərhələsini 6 il müddətə bitirdikdən sonra isə daha Doktorantura səviyyəsi üzrə oxumaq şəxsin öz istəyinə qalmışdır: istəsə oxuya və istəməsə oxumaya bilər.

Allahın izni ilə, bu ümid edirəm ki, bu cür islahat keçirilsə, həm tələbələrin işi rahat olar və həm də ixtisasları üzrə yaxşı bir iş taparaq mütəxəssis kimi vətənə, millətə xeyir verə bilərlər!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678