Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir müavininin qanunsuz müdaxiləsi, lisenziyasız laboratoriya… – Naxçıvanda nə baş verir?

271 Baxış

“Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin binasında xarici şirkətin təsis etdiyi laboratoriya fəaliyyətə başlayıb.

Turanmedia.az xəbər verir ki, bu barədə TNS-ə Naxçıvandan daxil olan müraciətdə bildirilib.

Qeyd olunub ki, laboratoriya lisenziyasız fəaliyyət göstərir. Laboratoriyanın fəaliyyəti üçün tələb olunan hüquqi sənədləri yoxdur. Lisenziyası və digər hüquqi sənədləri qaydasında olmayan laboratoriyanın necə fəaliyyətə başladığı ciddi suallar yaradır.

TNS bununla bağlı xəstəxananın direktoru Fehruz Zehirova müraciət edib.

Fehruz Zehirov suallara qısa cavab verməklə kifayətlənib: “Laboratoriyanın lisenziyası var, bütün hüquqi prosedurlardan keçib”.

“Həmin sənədləri təqdim edə bilərsinizmi?” sualından sonra direktor vaxtının az olduğunu deyərək, telefonun dəstəyini asıb.

Naxçıvandakı mənbələrdən aldığımız məlumata görə, “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxs həmin laboratoriyanın yaradılması məqsədilə səhiyyə ocağının laboratoriyasını icarəyə verib. Deməli, dövlətin xəstəxanasında artıq laborator analizləri özəl müəssisə aparacaq. Xəstəxananın laboratoriyasında çalışan tibb işçilərini isə məcbur edirlər ki, işdən çıxıb həmin özəl laboratoriya ilə əməkdaşlıq etsinlər. Dövlət xəstəxanasında yaradılan laboratoriyanın isə hüquqi sənədləri olmadığından tibb işçilərini işə götürə bilmir.

Bir müddət əvvəl yayılan rəsmi məlumatlarda bildirilib ki, “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsi və EXON Biomedikal Sağlıq Xidmətləri Sənaye və Ticarət Anonim Şirkəti arasında bağlanan müqaviləyə görə, şirkət tərəfindən tam avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərəcək beynəlxalq akkreditasiyalı laboratoriya qurulur. Laboratoriyada klinik laborator diaqnostikasının bütün sahələri üzrə keyfiyyətli və dəqiq xidmət göstəriləcək. Laboratoriyanın test qruplarına biokimya, immunologiya, genetik, hematologiya, mikrobiologiya, patositologiya, molekulyar, seroloji, vitaminlər və dərman səviyyələri yoxlamaları, həmçinin digər testlər daxildir. Laboratoriyada mütəxəssis həkimlər xidmət göstərəcək. Müqaviləyə əsasən, burada 20-yə yaxın yeni iş yeri açılacaq, həmçinin laboratoriyanın həkimləri Naxçıvanda təcrübəli laborantların yetişdirilməsi üçün könüllü təlimlər keçəcəklər.

Rəsmi məlumatda qeyd edilənlər kifayət qədər cəlbedicidir. İnsanları inandımağa çalışıblar ki, hər şey yaxşı olacaq. Bəs bu laboratoriyanın fəaliyyəti üçün niyə lisenziya alınmayıb? Hüquqi sənədlər hazırlanmadan laboratoriya niyə qurulub? Bəlkə heç bu sahibkara lisenziya verilməyəcək. Bu qədər vəsait sərf edilərək laboratoriya hansı əsasla qurulub? Muxtar respublika xəstəxanası dövlətin aid strukturlarının icazəsi olmadan xarici şirkətlə necə müqavilə bağlayıb? Direktor isə yalandan deyir ki, lisenziya alınıb. Ona görə də suallarımıza cavab verməkdən yayınıb.

Ümumiyyətlə Naxçıvanda səhiyyə sahəsində biabırçı vəziyyət hökm sürür. Bu xəstəxanalara heç bir aidiyyəti olmayan səhiyyə nazirinin müavini Samiq Sadıxov qanunsuz şəkildə tibb müəssisələrinin işinə müdaxilə edir. Muxtar respublika xəstəxanasında yaradılan yeni laboratoriya da nazir müavininin ideyasıdır. Xəstəxananın direktoru Fehruz Zehirov ixtisaslı kadr olmadığından,vaxtilə qapı-pəncərə sexinin müdiri olduğundan onun rəhbərinin Tibb Müəssisələrinin İdarəetmə Birliyi Müşahidə Şurasının sədri Ləman İbrahimova olduğunu bilmir. Ona görə də Samiq Sadıxovun bütün qeyri-qanuni tapşırıqlarını icra edir.

Dərd burasıdır ki, Ləman İbrahimovanın özünün də hansı vəzifədə çalışdığından xəbəri yoxdur.

Naxçıvanlılar səhiyyə sarıdan ciddi əziyyət çəkirlər. Bu gündən faktlarla Naxçıvan səhiyyəsinin bərbad vəziyyəti ilə bağlı yazıların dərcinə başlayırıq. İlk olaraq, Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş verənlər barədə yazıları təqdim edəcəyik.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678