Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-ın 7 fevral seçkisinə qərəzi: Rəqib kim olacaqdı?

280 Baxış

Azərbaycanda 7 fevral 2024-cü ildə baş tutan prezident seçkilərinə ABŞ-ın mövqeyi bu dəfə daha ciddi maraqla gözlənilirdi.

Təxmin edilirdi ki, ABŞ Azərbaycandakı seçkiləri tənqid etməyə hazırlaşır – elə Avropanın bir çox institutları kimi.

Seçkilər baş tutdu: ciddi qanun pozuntusu yox, seçki saxtakarlığı baş verməyib, xalqın seçkidə aktivliyi göz deşir, İlham Əliyevin seçkidə topladığı səs elə ABŞ təşkilatının özünün keçirdiyi “ekzit-poll”da 93,9% çıxdı – Mərkəzi Seçki Komissiyası isə bundan daha az göstərici ortaya qoydu.

Yaxşı, ABŞ nə deyəcəkdi, hansı bəhanəni gətirəcəkdi?

Ötən gün ABŞ səfirliyi bu intizara son qoyub, açıqlama yaydı. Bildirdi ki: “Birləşmiş Ştatlar fevralın 7-də keçirilmiş prezident seçkilərinin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş verməsi ilə bağlı ATƏT-in DTİHB monitorinq missiyasının müşahidələrini və narahatlıqlarını bölüşür.

Azərbaycan öz konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib. Biz Azərbaycanı bu öhdəlikləri və ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq”.

Vəssalam? Elə iki cümlə?

Bəli, məhz bu iki cümlə və bitdi. Bəhanə yalnız “həqiqi rəqabətin olmadığı” şəraitmiş – nə saxtakarlıqdan, nə pozuntudan bir cümlə, söz, hərf belə yoxdur!

Tapılan bəhanəyə bax: Kim seçkilərdə namizədliyini irəli sürdü, hansı loyal, radikal, mühafizəkar, liberal siyasətçi ortalığa çıxdı, hansı kampaniya apardı? MSK kiminsə namizədliyini qeydə almamağa və yaxud kimisə seçkiyə buraxmamağa cəhd etdimi?

Əksinə, Məzahir Pənahov az qala xahiş edirdi ki, seçkiyə qatılsınlar – çünki o da bilirdi axı!

Niyə radikal, güclü elektoratı olduğunu iddia edən müxalifətin bircə nümayəndəsi belə namizədliyini irəli sürmədi, hətta bu barədə düşünməyi belə ağlından keçirmədi?

Çünki Azərbaycanın bütün müxalifəti, bütün siyasətçiləri, hazırda üzdə olan və tanınan hər bir kəs Qarabağ üzərindən siyasətə gəlib: 1989-cu ildən bu ölkədə hansı siyasi təşəbbüs olubsa, hamısının başı Qarabağa, Azərbaycanın ərazilərinin azad edilməsinə bağlanıb. İstənilən siyasətçi yalnız Qarabağı azad edəcəyi ilə bağlı vədlə dəstək, tərəfdar, reytinq, elektorat toplayıb!

Bu xalq illərlə, onillərlə Qarabağı azad edəni başının tacı edəcəyinə and içmişdi!

Qarabağ, Xankəndi birdəfəlik azad oldu, Azərbaycan tam şəkildə sərhədlərinə çıxdı: indi anklavları alır, indi sərhədlərindən kənarda tarixi ərazilərinə öz soydaşlarını qaytarmaq proqramı üzərində işləyir. Bu, Azərbaycan xalqının gerçəkləşən xəyallarıdır və bunu İlham Əliyev etdi!

Bax, bunları edən İlham Əliyevin qarşısına 7 fevralda kim çıxacaqdı ki, “rəqabətli mühit” olsun? Əli Kərimlimi, Arif Hacılımı? Kim – ad çəkin, deyin, filankəs girmək istəyirdi, seçkidən qanunsuzluqla kənarlaşdırıldı.

Deyin, fakt göstərin, sübut gətirin də!

Niyə çıxmadılar, niyə seçki şansından bəhrələnmədilər, niyə hərəkətə keçmədilər bu “rəqabətədavamlılar”?

Çünki “məlum yerləri” çatmadı: İlham Əliyev bu seçkidə hamını qarışqa kimi, milçək kimi əzəcəkdi və bu həqiqəti hamı – elə ABŞ da, ATƏT də, AŞPA da və onların Azərbaycanda siyasətinə züy tutanlar da çox gözəl bilirdi.

30 ildir Qarabağ üzərindən siyasət yeridib, 2020-ci il 10 noyabrından sonra belə “yarımçıq qələbə” bağırıb, bu qələbəmizə də kölgə salaraq, yenə də torpaqlar üzərindən İlham Əliyevə qarşı kampaniyaları davam etdirənlər, “Bəs hanı Xocalı, Xankəndi, Ağdərə” deyib, 3 ilə yaxın bütün internet kanallarında ağızları köpüklənə-köpüklənə danışanlar, İlham Əliyevin qələbəni tam başa çatdırmasına imkan vermədiyini deyənlər 2023-cü il 20 sentyabrından sonra dillərini haralarına qoyublarsa, tapa bilmirlər.

Yoxdur o dil, irad bildirəcək dilləri itib – Qarabağdakı separatçılar kimi.

Xankəndidə parad keçirib, Xankəndidəki separatçıları Bakıda DTX-nin zindanına tullayıb, separatçıların ocağında-iqamətgahında seçki günü səs verməyə gedən İlham Əliyevin qarşısına kim, hansı cəsarətlə çıxa bilərdi?

Heç kim! Ona görə qınlarına çəkildilər, hələ də başlarını çıxara bilmirlər!

İlham Əliyev isə… hətta durub deyir ki, Qələbəni istismar etməyin, qələbədən sui-istifadəni dayandırın – qalib gəldik, bitdi. Halbuki ömrünün sonuna qədər bu qələbədən istifadə haqqı qazanıb.

Ancaq yeni qələbə, yeni hədəf, yeni milli mücadiləyə başlayır. Kimdir ölkədə bu cür strateq ki, çıxaydı bu seçkilərdə və İlham Əliyevlə rəqabət aparaydı?

Rəqabətli mühit yox idi? Tamamilə doğrudur! Çünki İlham Əliyevin hazırda bu ölkədə rəqibi yoxdur – yəni bunu qanmaq o qədərmi çətindir!

İlham Əliyev bütün rəqiblərini 2020-nin 27 sentyabrda darmadağın etdi, 2023-ün 20 sentyabrında isə tam və qəti qələbəsini qazandı – bitdi.

İllah ki, rəqabət istəyirsiniz, başqa ölkədən seçib gətirə bilərdiniz – məsələn, Rəcəb Tayyib Ərdoğanı. İnanın ki, yalnız onda iki ciddi rəqib olacaqdı 7 fevral seçkisində.

Başqasını axtarmayın!

Yeri gəmişkən: ABŞ-ı qınamaq da doğru deyil, adamlar prezidentləri kimi hallusinasiya görür: ölkə rəhbəri hava ilə “salamlaşırsa”, 28 il öncə ölən rəhmətliklə “dünənki görüşü”ndən danışırsa, ABŞ administrasiyasının da Azərbaycanda olmayan rəqibi axtarmasında niyə qəribəlik olsun ki!

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678