Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Düşmənin başına od ələyən igidimiz: “Demişdi, oktyabrın 18-də gələcəyəm, gəldi, amma şəhid olaraq…” – FOTO

165 Baxış

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu.
Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 

100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də İbrahimov Atiq Ariz oğludur.

Şəhidin atası Ariz İbrahimov deyir ki, oğlu müharibəyə könüllü olaraq qatılıb:

“Atiq 1990-cı ildə anadan olub. 2008-ci ildə Mingəçevir Türk Liseyini bitirib və Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb. Daha sonra Azərbaycana qayıdıb.

Hərbi xidmətini başa vurduqdan sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi kimi işləyib.

Sentyabrın 21-də Hərbi Səfərbərlik və Çağırış Xidməti tərəfindən mənə zəng edildi və oğlumu komissarlığa çağırdılar. Atiqdən soruşdum ki, nə məsələdir? Dedi, yəqin, qeydiyyat üçündür, gedərəm. O, orduya getdiyini evdən gizlədib, sadəcə, yolda zəng edərək, “salamat qalın, mən getdim” dedi.

Anası oğlu ilə sağollaşa bilmədi. Tovuz hadisələrindən sonra Atiq bütün günü müharibəni düşünürdü, elə hey “Vətən sağ olsun” deyirdi. Döyüşlər başlayan zaman arada bizə zəng edirdi. Həmişə deyirdi ki, bizim üçün dua edin”.

Şəhidin atası bildirib ki, oğlu oktyabrın 15-də zəng edən zaman əhvalı yaxşı idi:

“Telefonda həmişə gülürdü. Dedi ki, yanımıza Mingəçevirdən oğlan gəlib, onun nömrəsinə zəng edə bilərsiniz. Xeyli danışdıq. Həmin vaxt Ağdərə istiqamətində idi və bildirdi ki, ermənilər 800 metr onlardan kənardırlar. Dedim, qorxmursunuz, onlar yaxındadırlar. Oğlum güldü və dedi ki, ata, onların gündüz hücum etməyə kişilikləri çatmır. Gülə-gülə dedi ki, oktyabrın 18-də gələcəyəm və evdə çiməcəyəm. Oktyabrın 16-da oğlum şəhid olub”.

A.İbrahimovun döyüş yoldaşı, qazi Samir Tacızadə deyir ki, onlar ön cəbhədə olublar:

“Döyüşə Ballıqayadan başlayıblar. Cəbrayıl, Füzuli, Suqovuşan, Talış və Ağdərə istiqamətlərində döyüşmüşük. Atiq elə Ağdərədə şəhid oldu…

“Atiq bölük komandiri idi, orada doqquz nəfər idik. Səhər mənə dedi ki, sən çıx kəşfiyyat cığırına müşahidəyə. Mən çıxandan beş dəqiqə keçməmiş onları minomyotla vurdular. Orada səkkiz nəfər idilər. Həmin vaxt yaralandım.

Gecə ermənilər hücum etmək istəyən zaman Atiq deyirdi ki, Samir, başlayaq? Qışqıraraq, pulemyotdan 300-400 gülləni ermənilərin üstünə yağdırırdı. Sonra deyirdi ki, saydın? Dedim, yox. Zarafatla deyirdi “Yekə kişisən, say da”. Sonra gülürdü, deyirdi ki, biz saymağa yox, ermənilərin kökünü kəsməyə gəlmişik.

Şəhidin anası Gülüş İbrahimovanın sözlərinə görə, oğlunun sevgilisi var idi, noyabrda elçi getmək istəyirmişlər:

“Həmişə deyirdim ki, oğlum, bu il sənin toyunu edək? Deyirdi, ermənilərdən torpaqlarımızı xilas edək, sən nə desən, onu edəcəm. Bir gün mənə zəng etdi və hesab nömrəsi verdi. Dedi ki, maaşımdan 100 manat hesab nömrəsinə köçür. Oğlum kasıb ailəyə hər ay kömək edirmiş. Elektrik enerjisi ödəyə bilməyən abonentlərinin bəzilərinin pulunu ödəyirmiş. 

Bir də dedi ki, bu həftə gələcəyəm, paltarlarını yudum ki, oğlum gələcək. Oğlum gəldi, amma şəhid olaraq… Yoxluğuna dözə bilmirəm. Heç kimi incitməzdi, hamı onu çox istəyirdi. Onun dostu həyətimizdə Atiqin adına şəhid bulağı tikdirdi. Mən məhləyə düşəndə elə bilirəm ki, Atiq oradadır, bununla təsəlli tapıram”. 

Atiq İbrahimov pulemyotçu olub. O, Ballıqayadan Cəbrayıl, Suqovuşan, Ağdərə, Talış uğrunda gedən döyüşlərdə torpaqlarımız uğrunda döyüşüb, oktyabr ayının 16-da qəhrəmancasına şəhid olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678