Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağda müharibəsindən sonra bölgə ölkələrində vəziyyət necədir? – Rusiyalı ekspertdən ŞƏRH

121 Baxış

“Azərbaycan verilən tapşırıqları dəqiq yerinə yetirə biləcək güclü orduya sahib olduğunu göstərərək, reytinqini artırdı. Ümumiyyətlə, Azərbaycan ərazi bütövlüyü ilə bağlı problemləri beynəlxalq hüquq çərçivəsində həll edə bildi. Daxili məqam da var: Prezident İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətin dəstəyi daha da gücləndi”. 

Bu fikirləri Rusiya Yaxın Şərq Assosiasiyasının prezidenti Murad Sadıqzadə bölgədəki hazırkı vəziyyəti Media.az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanda siyasi və iqtisadi islahatlara, əhalinin həyat səviyyəsini yüksəltməyə və gələcək illər üçün inkişaf vektorunu təyin etməyə imkan verən daha böyük manevr sahəsi meydana çıxıb: 

“Yəni, Azərbaycan erməni tərəfinin təxribatlarına baxmayaraq, qalib gəldiyi müharibədən maksimum dərəcədə faydalanır”.

Sadıqzadənın fikrincə, Ermənistanda isə qeyri-sabitlik dərinləşmə mərhələsindədir:

“Müharibədən sonra erməni cəmiyyətində güclü qütbləşmə baş verdi. Əhali hakimiyyətin siyasətindən məyusdur, baxmayaraq ki, bu, indiki baş nazir Nikol Paşinyanın günahı deyil. Çünki mövcud böhranın əsası Ermənistanın müstəqillik günlərindən bəri qoyulub.

Azərbaycan ərazilərinin işğalı Ermənistan üçün həm beynəlxalq mövqelər baxımından, həm də ölkənin sosial-iqtisadi perspektivləri baxımından sərfəli deyildi. Yalnız İrəvanın Bakı ilə birbaşa və səmərəli dialoqa hazır olması sonrakı problemlərin qarşısını almağa imkan verəcək. Əks təqdirdə, Ermənistanda vətəndaş müharibəsi belə istisna edilmir. Bunun səbəbi isə yalnız müharibədə məğlubiyyət deyil, həm də getdikcə pisləşən iqtisadi vəziyyət olacaq”.

Gürcüstana gəlincə, Sadıqzadə bildirib ki, burada vəziyyət tam birmənalı deyil. Onun sözlərinə görə, Tbilisi üçün müsbət məqamlar ölkənin Qarabağdakı müharibə və Azərbaycanın ərazi bütövlüyünün bərpası zamanı bitərəfliliyi idi:

“Məhz bu səbəblərdən Tbilisi ilə İrəvan arasındakı münasibətlər çox da isti deyil”.

Türkiyə və Rusiyanın birgə fəaliyyətindən bəhs edən Sadıqzadə onların öhdəliklərini yerinə yetirdiklərini bildirib:

“Demək olar ki, regional güclər olan Rusiya və Türkiyə misilsiz səviyyədə birgə fəaliyyət göstərdilər, hər kəsə sübut etdilər ki, danışıqlar aparmağı və öhdəliklərini yerinə yetirməyi bacarırlar. Qarabağ onlardan biri oldu. Moskvanın ətrafındakı bölgələrdə “sabitliyin qarantı” statusunu təsdiqləməsi vacib idi. Ankara münaqişənin həllinə müsbət töhfəsini və Azərbaycana xüsusi dəstəyini nümayiş etdirdi.

Əlavə məqam Azərbaycan xalqının yanında olan turk cəmiyyətinin birləşməsinin artmasıdır. Türkiyə üçün bir başqa bonus da müharibədə istifadə edilən Türkiyə texnologiyasıdır. Bu, dünyada Türkiyənin hərbi-sənaye kompleksinə marağı artırdı”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678