Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lavrovun İrəvanla “Zəngəzur dəhlizi davası”nın məqsədi

59 Baxış

Ötən gün Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun açılması məsələsinə münasibəti Azərbaycanın deyil, Rusiyanın və Ermənistanın maraqları baxımından dəyərləndirilməlidir.

Turanmedia.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Sergey Lavrovun ötən gün mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, Lavrovun Ermənistan Baş naziri Nikol Paşinyanın “İran hansı şərtlərlə Azərbaycandan Naxçıvana yol verirsə, eyni şərtlərlə biz də verməyə hazırıq” açıqlamasını məntiqsiz adlandırmasının öz səbəbi var:

“Lavrov bu açıqlaması ilə Ermənistandan keçən yola nəzarət məsələsinə etiraz edir və 9/10 noyabr bəyanatının 9-cu maddəsindən sitat gətirərək, bu nəzarətin Rusiya Sərhəd Xidmətində olmasının razılaşdırıldığını xatırladır. Bununla paralel olaraq, 2021-ci il “razılaşmasına” da istinad edir və bildirir ki, Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış üçtərəfli işçi qrupu çərçivəsində bütün əlaqələr və marşrutların keçdiyi ölkələr öz ərazilərində keçən bu marşrutlar üzərində suverenlik və yurisdiksiyanı tam olaraq saxlayırlar. Eyni zamanda, vurğulayır ki, marşrut Ermənistanın suveren ərazisindən keçir, Rusiya FTX-nin Sərhəd Xidmətinin nəzarəti altında Azərbaycandan Ermənistana girişdə və Ermənistandan Azərbaycanın Naxçıvanına çıxışında sərhəd və gömrük nəzarəti prosedurları da prinsipcə razılaşdırılıb. Maraqlıdır, 9/10 noyabr 2020-ci il bəyanatına istinad edən Rusiya XİN rəhbəri orada yola Rusiya FTX-nin Sərhəd Xidmətinin nəzarət etməli olduğuna vurğu edir, ancaq nədənsə, bu “nəzarət” ifadəsinin əks olunduğu cümlədən əvvəlki razılaşdırılmış şərti “unudur”. Həmçinin Ermənistan Baş naziri də Rusiya Sərhəd Xidmətinin “nəzarət” məsələsini “görməzdən” gələrək, Ermənistanın yola zəmanət verdiyinin sazişdə əksini tapdığını vurğulayır. Yəni 9/10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndi üzərində Ermənistan və Rusiya manipulyasiya etməklə məşğuldurlar. Sözügedən bənd isə tam olaraq belədir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Diqqət edin, burada Ermənistanın maneəsiz hərəkətin təmininə zəmanət verməsindən söhbət gedir. “Maneəsiz hərəkət” isə hər hansı gömrük və sərhəd yoxlamasının olmaması deməkdir”.

Aynur Camal belə təcrübənin dünyanın bir çox ölkəsində olduğunu xatırladıb:

“Maneəsiz yol” məntiqi Rusiya XİN başçısı Sergey Lavrovun özünə də çox yaxşı məlumdur, çünki Rusiya Kalininqrada məhz “maneəsiz yolla” çıxır və hətta bir deyil, iki ölkənin – Belarus və Litvanın ərazisindən keçir. Azərbaycan da Zəngəzur yolundan yalnız Azərbaycan vətəndaşları və yükləri üçün “Azərbaycandan Azərbaycana” prinsipini irəli sürüb. Bu, Rusiyanın istifadə etdiyi “Kalininqrad dəhlizi” məntiqinə tam uyğundur”.

Politoloq həmçinin 2021-ci ildə Baş nazirlərin müavinlərinin keçirdiyi görüşlərdə Azərbaycan vətəndaşları və yüklərinin “ölkələrin suverenliyi prinsipi və gömrük-sərhəd yoxlamasından keçməsi” ilə bağlı hər hansı sənədin razılaşdırıldığı haqda ictimai məlumatlarda heç nə olmadığını da vurğulayıb:

“2021-ci ildə Baş nazir müavinlərinin 5 üçtərəfli görüşü keçirilib, ancaq bu görüşlərlə bağlı yayılan informasiyaların heç birində Azərbaycan vətəndaşları və yüklərinin gömrük və sərhəd yoxlamasından keçməsinin razılaşdırıldığı haqda məlumat yoxdur. Üstəlik, Azərbaycan 9/10 noyabr 2020-ci il bəyanatından sonra hər zaman Zəngəzur yolunun “Azərbaycandan Azərbaycana” prinsipi ilə fəaliyyət göstərməsinin vacibliyində israr edib. Buna görə də Lavrovun əsaslandığı “razılaşma” mübahisələndirilə bilər”.

A.Camal Zəngəzur yoluna nəzarət uğrunda Rusiya ilə Ermənistan arasında ciddi fikir ayrılığının yaşanmasına da diqqət çəkib:

“Hər kəsə bəllidir ki, Paşinyan Rusiya FTX-nin Sərhəd Xidmətinin Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir və bu razılaşmadan müxtəlif manipulyasiyalarla imtina edir. Bu, Qərbin də maraqlarına uyğun deyil. Lavrovun “Paşinyanın məntiqini anlamamasının” səbəbi də budur. Azərbaycan üçünsə Zəngəzur dəhlizinə kimin nəzarət etməsinin az fərqi var – bizim üçün vacib olan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yolun maneəsiz olması, Azərbaycan vətəndaşları və yüklərinin bu yoldan heç bir yoxlama olmadan keçididir ki, bu da 9/10 noyabr bəyanatında əksini tapıb”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678