Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Avropanın Azərbaycana ehtiyacı var”

427 Baxış

“Nə qədər ki Azərbaycan torpaqları işğal altındaydı, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) bu məsələyə ciddi yanaşmırdı. Bu təşkilat Azərbaycanın haqlı tələblərini qulaqardına vururdu. Elə ki, Azərbaycan torpaqlarını azad etdi, Qarabağ və ətrafında suverenliyimiz bərpa olundu, üstümüzə düşdülər. Ədalətsiz qətnamələr qəbul etməyə çalışdılar”.

Turanmedia.az xəbər verir ki, bunu TNS-ə politoloq, Atlas Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, bu proses əslində 19-20 sentyabr 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən dərhal sonra başlayıb: “Tədbirlərdən 20 gün sonra ortaya bir sənəd atdılar ki, Azərbaycan guya hansısa beynəlxalq hüququ pozub. Bu sənəddə yazırdılar ki, ermənilər Qarabağa qayıtmalıdır, Azərbaycan onları bunun üçün həvəsləndirməlidir. Biz onları necə həvəsləndirək? Biz dedik ki, qalsınlar, Azərbaycan vətəndaşlığını qıbul etsinlər, Konstitusiyaya tabe olsunlar. İstəmədilər, çıxıb getdilər. Başqa necə həvəsləndirmək olar? Bəlkə düşünürlər ki, biz erməniləri burada yerləşdirib, öz torpaqlarımızda yenidən separatçılıq ocağı yaratmalıyıq? Buna heç bir halda yol verə bilmərik”.

Elxan Şahinoğlu yaxın tarixdə Avropada yaşananları xatırladıb: “Keçmiş Yuqoslaviya dağılanda Xorvatiya bir gecənin içində bütün serbləri bölgədən çıxardı ki, separatçılğa başlayarlar. Nə qədər ölüm hadisəsi oldu?.. Amma bizdə nə baş verdi? Xorvatiyadan fərqli olaraq, seçim imkanı verdik ki, ermənilər qalıb yaşasın, Konstitusiyamızı qəbul etsinlər. İstəmədilər və biz onları rahat şəkildə yola saldıq. Ərzaqla təmin etdik, ölən də olmadı. Amma baxın, bu gün pis mənada Xorvatiyanın adını çəkən yoxdur, Xorvatiya Avropa İttifaqının, NATO-nun üzvüdür”.

Onun fikrincə, AŞPA-da Azərbaycana qarşı təzyiq siyasətini yürütməyə çalışırlar.

“Azərbaycan nümayəndə heyəti doğru qərar verdi, qurumu müvəqqəti tərk etdi. Hesab edirəm ki, bu da müvəqqəti çətinlikdir. Bir müddət keçəndən sonra yenə o müstəviyə qayıdacağıq. Çünki Avropanın Azərbaycana ehtiyacı var. Digər tərəfdən bizim olmadığımız müstəvilərdə ermənipərəst mərkəzlər, erməni lobbisi fəal olmağa çalışır. Buna da yol verə bilmərik. Diplomatiyamız, diasporumuz fəallığı artırmalıdır ki, olmadığımız müstəvidə bizə qarşı siyasət yürüdülməsin. Bu istiqamətdə məncə, fəallığımızı daha da artırmalıyıq”, – deyə o fikrini yekunlaşdırıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678