Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“KİTABI NECƏ OXUYAQ?” – Millət vəkili TEDx konfransında bu sualı cavablandırıb (VİDEO)

111 Baxış

“İdrak fəlsəfi anlayışdır və təfəkkürlə birgə kitab oxumaq hesabına genişlənir. Mənim idrakımın başqa şəxsin idrakından fərqi bizim kitaba olan münasibətimizlə bağlıdır. Məsələn, biz harasa səyahətə yollanırıq və özümüzlə həm kitab, həm də mobil telefon götürürük. Telefonun elektrik ehtiyatı bitərsə, biz elektrik axtarmalı olacağıq. Ancaq kitabın elektrik enerjisinə ehtiyacı yoxdur. Bu, bilik mənbəyi kimi qalır. Kitab həm də cansız müəllimdir. Gəlib mühazirəni deyir və gedir”.

Turanmedia.az xəbər verir ki, bunları Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Milli Məclisin deputatı Etibar Əliyev Bakı Ali Neft Məktəbində TEDx formatında keçirilən “Kitabı necə oxuyaq?” adlı mühazirəsində deyib.

 

Millət vəkili bildirib ki, kitab insanları cansız dəyərlərlə tanış edən əsas vasitədir: “Bu gün Abbas Səhhət, Kamal Talıbzadə kimi dahi şəxsiyyətlər həyatda deyillər. Ancaq biz kitab vasitəsilə bu cansız dəyərləri tanımaq şansı qazanırıq. Bəs kitabı necə oxumalı? Əlbəttə, öncə diqqətimizi kitabın müəllifi çəkir. Müəllif kimdir? Müəllifi tanıyırıqmı? İkincisi, oxuyandan sonra mütləq əsərdə insan üçün mübahisəli məqamlar yaranır. Sən onu mütləq və mütləq digər insanlarla bölüşməlisən”.

 

“Bu gün bizim yaşadığımız Bakı şəhərində nə qədər kitabxana var. Zalda əyləşənlərdən neçəsi həmin kitabxanalara gedib? Bəzən olur ki, həmkarlarımdan kimsə və ya tələbə yoldaşım deyir ki, “nə yaxşı kitabdır, bunu hardan almısan?” Bu zaman hiss olunur ki, həmin adam “Homo legens” (oxuyan insan-red.) deyil. O, sadəcə kiminsə əlində kitabı görüb və soruşur ki, bunu hardan almısınız və mən bunu necə tapa bilərəm. Kitabda böyük şəxsiyyətlərin ruhu yaşadığı üçün, kitab da əbədi olaraq yaşayacaq”, – deputat əlavə edib.

 

E. Əliyev qeyd edib ki, insanlar yavaş-yavaş elektron kitabdan imtina etməyə başlayıblar: “Məsələn, mən son tədqiqatların birində rast gəldim ki, artıq amerikalıların 40 faizi elektron kitabdan imtina ediblər. Çünki elektron kitabdan üç səhifə nəsə oxuduqdan sonra insanın gözü “tenis şarına” çevrilir. Sanki oxuduqca, unudursan. Deməli, kitabın özü həm də yaddaşdır. Mən istəyirəm ki, ölkəmizdə çox böyük bir bukinist kütləsi olsun. Kitabın köhnəldiyini zənn edənlər həmin kitabları bu bukinistlərə təqdim etsinlər”.

“Universitetlər gücləri çatdığı qədər öz kitabxana fondlarını, onun elektron sferasını genişləndirməli və böyük oxucu kütlələrinə təqdim eməlidirlər. Bütün gənclər oxuduqları kitablardan özlərinə kitabxana yaratmalıdırlar. Sağ olun, kitab köməyimiz olsun!”, – deputat mühazirəsini yekunlaşdırıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678