Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

3 saylı Uşaq Evində baş verənlərlə bağlı cavabı müəmmalı qalan iki sual…

47 Baxış

Bir neçə gündür, Bakının Xətai rayonu, 3 saylı uşaq evinin 17 yaşlı sakini Məhəmməd Hacıyevin “uşaq evində ətin sümüyünü bişirir, özünü aparırlar, meyvələri, südü, ərzağı aparırlar, mənimsəmə var” verdiyi açıqlamadan sonra davam edən qalmaqal daha da alovlanıb. Bildiyimiz kimi, Məhəmməd görüntüləri yayılandan sonra 3 saylı uşaq evinin rəhbəri Məhbubə Hüseynovanın tələbi ilə 1 saylı Psixiatriya Xəstəxanasına təhvil verilmişdi. Ötən gün həmin xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun mətbuata verdiyi açıqlamadan sonra müzakirələr daha da böyüdü. Belə ki, baş həkim Məhəmməd Hacıyevin müalicəyə ehtiyacının olmadığı, bu səbəbdən onun uşaq evinə geri göndərildiyi, amma Məhbubə Hüseynovanın qapıları Məhəmmədin üzünə bağladığı barədə danışıb. Baş həkimin müsahibəsindən də aydın olur ki, Məhbubə Hüseynova Məhəmmədin yeni bir video çəkərək cəmiyyət qarşısında “üzr istəməsini” tələb edir. Yalnız bu halda Məhəmməd öz “evi”nə qayıda bilər. Əslində, Məhəmmədin videogörüntülərini izləyənlər onun özünü səlis şəkildə ifadə etdiyi, nitqində qüsur olmadığını aydın görür, onun haqqını özündən çox tələb edirlər.

Ağahəsən Rəsulovun illərdir, Azərbaycan cəmiyyətinin az qala unutduğu, “Hipokrat andı”na sadiq, vicdanlı, əsl həkim obrazı isə ictimaiyyətin alqışları ilə qarşılandı. Sosial şəbəkələrdə, mətbuatda həkimin verdiyi açıqlama Məhbubə Hüseynova barədə tənqidləri daha da artırdı.

“Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox…” Baş həkimin bu ifadələrinə qüvvət, bizə də maraqlıdır, 3 saylı Uşaq Evi, bəlkə, Məhbubə Hüseynovaya atasından miras qalıb? Bəlkə, elə buna görədir ki, Qurban bayramında uşaqlar üçün göndərilən əti satışa çıxarması barədə görüntülər yayılıbmış?

377100

Məhz bu uşaq evinin sakinlərinin yatdıqları çirkab, ifunət qoxan, kirdən kirəcləşmiş yataqlar barədə görüntülərə nə deyək?

Hələ unutduqlarımız da var.

17 yaşlı kimsəsiz yeniyetmənin cəsarətindən sonra artıq bəzi valideynlər də ürəklənib, 3 saylı Uşaq Evi barəsində görüntülər yaymağa başlayıblar.

Bütün bu biabırçılıqların ardından Məhbubə Hüseynovanın açıqlamasında dediyi kimi, vallah, biz də “xəcalətdən ölürük”. Xəcalətdən ona görə ölürük ki, bu gün Ağahəsən Rəsulov həqiqətləri dilə gətirməsindən, nə hikmətsə, heç bir gün keçməmiş vəzifəsindən azad olunub. Səhiyyə naziri Teymur Musayevin birdən yadına düşüb ki, Ağahəsən həkimin 68 yaşı tamam olub, pensiya yaşı çatıbmış, tez bir əmr imzalayım. Daha açıq desək, “onsuz da iflic, böyrü üstündə reanimasiyada can verən səhiyyəmizdən “Hipokrat andı”na sadiq barmaqla sayılacaq qədər həkimlərdən birini də göndərim getsin”.

377099

Əlbəttə, yuxarıda oxuduqlarınız bu gün Azərbaycan ictimaiyyətində səslənən fikirlərin qısa özətidir. Məsələdə obyektivliyi qorumaq üçün sosial şəbəkələrdə Ağahəsən Rəsulov barəsində deyilənlərə də nəzər saldıq. Bəziləri iddia edirlər ki, baş həkim psixi problemi olmayan sağlam vətəndaşların, ictimai fəalların da qanunsuz olaraq 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsinə, saxta həkim rəyləri verilməsinə başçılıq edib, ona görə də xəstəxanada monitorinq aparılmalıdır.

Bəlkə də, yıxılana balta çalmaq üçün növbəyə duranlar var, bilmirik. Amma belə məqamda sual olunur: “Əmək Məcəlləsinə əsasən yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilibsə, 73 yaşlı Məhbubə Hüseynova hansı “bacarıqlarına”, “xidmətlərinə” görə hələ də öz vəzifəsində çalışır?”

Bizim deputatlarımız da “xaric”dən misal çəkirlər ki, yaşı pensiyaya çatmış, lakin təcrübəli həkimlərə hər zaman ehtiyac var, onlara işləmələri üçün şərait yaradılsın və sair, və ilaxır…

Onsuz da baş həkim son açıqlamasını da verdi, Məhəmməd barəsində dediklərindən dönmədi, peşəsinə sakit şəkildə müəllim kimi davam etməyi üstün tutdu.

Bütün bunlardan sonra Teymur Musayev də sosial şəbəkələrdə ictimaiyyətin tənqid hədəfinə çevrildi.

“Adı yeyintiyə bulaşmış bir qadına görə ölkənin bütün qanunlarının üstündən xətt çəkdilər”, “həkimdən təkzib verməsi tələb edilib, yəqin, razılaşmayıb deyə işdən azad olunub”, “Səhiyyə Nazirliyi adına utanc bir addımdır, ümumiyyətlə bu qurumda çox ciddi islahatlara ehtiyac var, insanların sağlamlığının qeydinə qalmaqdan başqa hər işlə məşğul olurlar, məhkəmə hakimlərini belə müxtəlif yollarla ələ almaqla bu sahədə baş verən qanun pozuntularını ört-bastır edirlər və beləcə insanların həyatı ilə istədikləri kimi oynayırlar”, “haqqında nə demişəmsə, düz demişəm” sözündən sonra Ağahəsən Rəsulov çıxıb üzr istəməsə yaxşıdır”, “başqa mövzularla bağlı mətbuata açıqlama vermək üçün növbəyə düzülən deputatlar bu mövzudan yan qaçırlar”, “ölkədə səhiyyə və təhsil adına sadəcə imitasiya olduğu çuvalda gizlədilməyəcək qədər böyük problemdir, sağlam gələcəyin yolu normal səhiyyə və təhsil sistemindən keçir, təəssüf ki, hər ikisi də etibarlı əllərdə deyil…”, “baş həkim danışdı və getdi, ona da dəli deməsələr yaxşıdır”, “bir həftədir ki, bütün ölkə mətbuatının, deputatların, ictimaiyyətin işdən çıxarılmasını tələb etdiyi 3 saylı uşaq evinin 73 yaşlı direktoru Məhbubə xanımla bağlı heç bir addım atılmır…”

Bunun kimi ardı-arası kəsilməyən şərhlərdən sonra Pravda.az-ın əməkdaşı Məhbubə Hüseynova ilə əlaqə yaratmağa çalışıb.

Əməkdaşımızın jurnalist olduğunu biləndən sonra xanım müdirin köməkçisi bildirib ki, Məhbubə Hüseynova iclasa gedib, bir saat sonra yenidən zəng edək. Gün ərzində bir neçə dəfə cəhd etsək də, Məhbubə Hüseynova zənglərimizə cavab vermədi…

Əslində iki sualın cavabı müəmmalı qaldı: 3 saylı Uşaq Evinin ona atasından miras qalıbmı? Bir boşqab yeməyinə göz dikməsinlər deyə haqqını tələb edən Məhəmməd, bəlkə, siyasi tələb irəli sürüb, “kreslo” eşqinə düşmüşdü, Teymur Musayev də ondan ehtiyat edib?

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678