Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Dövlət Universitetinin koordinatorluq etdiyi beynəlxalq layihənin açılış tədbiri keçirilib

105 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetində (MDU) koordinatoru olduğu “Azərbaycan ali təhsilində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (Enhancing Sustainable Entrepreneurial Ecosystem in Higher Education of Azerbaijan – ENGAGE) mövzusunda Erasmus+ layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov tədbiri universitet üçün əlamətdar hadisə kimi dəyərləndirib. MDU-nun Azərbaycanda koordinator statusunda Erasmus+ proqramının qalibi olan ilk region universiteti olduğunu vurğulayan rektor göstərilən dəstəyə görə Elm və Təhsil Nazirliyinə, Mingəçevir Şəhər İcra Hakimiyyətinə, tərəfdaş yerli və xarici universitetlərə təşəkkürünü bildirib, layihənin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını ifadə edib. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və 2023-2025-ci illəri əhatə edən sözügedən beynəlxalq layihənin əsas gözləntilərindən bəhs edən Ş.Bayramov qeyd edib ki, layihə ölkəmizin müvafiq universitetlərində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet – sənaye əməkdaşlığının genişləndirilməsi məqsədi daşıyır. Layihənin uğurla icra olunacağına əminliyini bildirən rektor, bütün tərəfdaşları fəal iştirak etməyə və layihə çərçivəsində təqdim olunan imkanlardan faydalanmağa dəvət edib.
Estoniya, İsveç, Portuqaliya, İspaniya və Polşanın 5 aparıcı universitetini təmsil edən xarici qonaqlar çıxışlarında Mingəçevir şəhərində və belə bir layihənin tərəfdaşları arasında olmaqdan məmnunluqlarını ifadə ediblər. Təmsil etdikləri universitetlər haqqında ətraflı məlumat verən avropalı mütəxəssislər, layihə çərçivəsində öz müsbət təcrübələrini benefisiar qurumlarla bölüşəcəklərini diqqətə çatdırıblar.
Qeyd edək ki, MDU-nun koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş Erasmus+ layihəsi 2022-ci ildə Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün qəbul olunub. Layihə Avropa İttifaqının 5 ölkəsini təmsil edən tərəfdaş universitetlərin müvafiq sahədəki təcrübəsinin öyrənilməsini və bu təcrübədən fayda əldə olunmasını nəzərdə tutur. Layihə çərçivəsində tərəfdaş yerli universitetlərin və qurumların əməkdaşları üçün çoxsaylı təlimlər təşkil ediləcək. 36 ay ərzində icra ediləcək layihənin ümumi büdcəsi 800 min Avrodur. Layihədə 4-ü region universiteti olmaqla, ümumilikdə ölkəmizin 11 aparıcı dövlət və özəl ali təhsil müəssisəsi təmsil olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Azərbaycan HR İnstitutu layihənin qeyri-universitet tərəfdaşlarıdır. Avropa İttifaqı layihədə Lissabon Universiteti (Portuqaliya), Kataloniya Politexnik Universiteti (İspaniya), KTH Kral Texnologiya Universiteti (İsveç), Tallin Texnologiya Universiteti (Estoniya) və WSG Universiteti (Polşa) ilə təmsil olunur.
Stokholmda Kral Texnologiya Universitetinin layihe meneceri Viktor Kordas layihə haqqında öz fikirlərini bizimlə bölüşüb. Qeyd edib ki,layihə maraqlı layihədir və təklif Azərbaycan tərəfindən təşəbbüs vasitəsi ilə həyata keçirilir, təşəbbüsün Azərbaycan tərəfindən verilməsi burada gələcəkdə çoxlu işlərin görülməsini göstərir və bununla bağlı çox fəaliyyətlər icra olunacaq. Layihənin əsas məqsədi həm sosial yönümlüdür,həm də təhsilyönümlüdür. Eyni zamanda sahibkarlıq nöqteyi nəzərdən ali təhsil müəssisələrinin,həm də sahibkarlıq subyektlərinin birgə vəhdətini təşkil edir.
Qeyd edək ki,MDU –nun koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş Erasmus +layihəsi 2022-ci ildə Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün qəbul edilib. MDU Azərbaycanda koordinator statusunda Erasmus + proqramının qalibi olan ilk region universitetidir.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678