Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

GƏLİŞİN MÜBARƏK, TÜRKAY (Əyyub Türkayın ,,Sovqat ” uşaq şeirləri kitabı haqqında)

211 Baxış

Yədulla Ağazadə

Filologiya elmləri doktoru, professor,

Respublikanın əməkdar müəllimi

Yaşadığımız dünya özünün sonsuz qəribəlikləri, yerli-yersiz tələbləri ilə hər an bizi heyrətdə qoymaqdadır. Bu heyrətin mahiyyətini, marağını yaşamadan, həzm etmədən adekvat, uyğun reaksiya vermək, irəliləmək mümkünsüz görünə bilər. İnformasiya, internet əsrində yaşayırıq. Sirr deyildir ki, baş verən yeniliklər, nəsillər, fərdlər, böyüklər və uşaqlar arasında eyni səviyyədə, eyni dərəcədə həzm olunmur. Yaşlı insanlar əvvəlki düzəndən, alışdıqları tərzdən çətinliklə, tərəddüdlə ayrılır, onları qəfildən yaxalayan texniki inqilablarla ünsiyyətdə müəyyən problemlər yaşayırlar. Yeni nəsildə, gənclikdə belə bir seçim problemi az qala yoxdur. Onlar həyata dəvət aldıqları ilk günlərdən yeni mühitlə qanunauyğun hal kimi qarşılaşır, buna tərəddüdsüz yanaşırlar. Odur ki, yaşlı nəsli az qala heyrətləndirən, seçim, bilim qarşısında qoyan informasiya mühiti yeni, gənc nəsil tərəfindən adi həyat tərzi olaraq qəbul edilməkdədir. Bununla belə uca Tanrının uşaq dünyasına özünəməxsus təyinatı var ki,bu daha çox saflıq, sadəlik, gözəllik aynasından əks olunaraq dünyanın bütün uşaqlarına aid edilir, A.Şaiqin təbirincə desək ,,hepimiz bir günəşin zərrəsiyik “,-həqiqətini ortaya qoyur. Odur ki, bu həssas məqamdan istifadə etməklə, uşaq dünyasına daxil olmaqla, bədii düşüncəyə diqqətçəkici yeni əlavələr gətirməklə uşaq qəlbinə, düşüncəsinə yol tapmaq, dünyanın ən sadiq dostları olan uşaqların sevimlisinə çevrilmək xoşbəxtliyinə nail olmaq olar. Məsələyə bu cəhətdən yanaşdıqda zaman-zaman təsdiq olunan, etiraf edilən bir həqiqəti bir daha vurğulamaq lazım gəlir ki, uşaq ədəbiyyatını yaratmaq, uşaqlar üçün yazmaq heç də asan deyildir. Uşaq elə bilir ki, dovşan həqiqətən sözləri başa düşür, keçi dediyi sözlərə qulaq asır, qurd quzu ilə oynayır…Belə olsaydı, saflıq, gözəllik dünyanı ağuşuna almazdımı? Uşaqlar həmin xoşbəxt dünyanın sakinləri deyilmi?
İlk baxışda olduqca sadə görünən örnəkləri uşaq dünyasına bələd olmadan, uşaq leksikonundan yararlanmadan, uşaqların həmsöhbətinə, ,,yaşıdına” çevrilmədən, eləcə də uşaq ədəbiyyatının mahiyyətini, hədəflərini, növ və janr xüsusiyyətlərini mükəmməl şəkildə bilmədən bu sahədə yazıb-yaratmaq, ədəbi hadisəyə çevrilmək, əlbəttə, çox çətindir. Görünür, elə bu səbəbdəndir ki, çağdaş ədəbi mühitimizdə uşaq yazarlarının sayı get-gedə azalmaqdadır. Amma şükürlər olsun ki, sinəsini irəli verib iş görənlər də vardır. Belə yaradıcı insanlar sırasında son günlər yaxından tanıdığım, uşaqlar üçün yazdığı şeirləri maraqla oxuduğum, yüksək dəyərləndirdiyim gənc şair Əyyub Türkaydır. Əyyub Türkayla bir təsadüf nəticəsində tanış oldum. Baxmayaraq ki, gənc dostum 2008-ci ildən Cənub Televiziya Şirkətində (CTV) aparıcı, jurnalist fəaliyyəti ilə uğurla məşğul olmaqdadır. Dəvət aldığım verilişlərin birində Əyyub Türkay mənə özünün 2022-ci ildə ,,İmza” Nəşrlər evində çap olunan ,,Sovqat” şeirlər kitabını hədiyyə etdi. Kitabla ilkin tanışlıqdan aydın oldu ki, ,,Balacaların şeir çələngi” kitabından sonra gənc şairin balaca dostları, geniş oxucu auditoriyası ilə ikinci görüşü, uşaqlara ikinci sovqatıdır. Tam səmimiyyətlə bildirirəm ki, ,,Sovqat”ı birnəfəsə, böyük şövqlə oxudum. İlkin olaraq gəldiyim qənaət belə deməyə əsas verir ki, Əyyub Türkay simasında çətin, amma olduqca şərəfli bir sahəyə-uşaq ədəbiyyatına yeni nəfəs gəldiyini gördüm, sevindim. Kitabı oxuduqdan, şairin şeir, sənət dünyasıyla yaşadıqdan sonra günlərdir ki, kitabla bağlı düşüncələr mənimlə birgə addımlamaqdadır. Nəhayət, onları aydınlıq, izhar sapına düzmək, şair dostumla, oxucularla fikirlərimi bölüşmək istəyirəm.
Əvvəla, deyim ki, uşaq ədəbiyyatının çoxsaylı şərtlərindən biri, deyərdim ki bəlkə də, ən əsası dili bilməkdir. Burada dil anlayışının altında çox məsələlər durur. Uşaq psixologiyası, yaş hədlərinin maraq dairəsi və dünyası, bədii dilin ,,tikinti” materiallarından, xüsusən məcazlar sistemindən zərrəbinlə, ehtiyatla, məqamında istifadə etmənin sərhədləri, mövzu əlvanlığı, uşaq aləminin sözlə ifadəsi, sadəlik, səmimiyyət, bir sözlə, şeirdə, poeziyada ,,uşaqlaşma” nın sənətdə, ədəbiyyatda böyüklüyü, ucalması bütünlüklə dillə, dildən təyinatına uyğun istifadə edilməsiylə bağlıdır. Sevindirici haldır ki, dillə bağlı Əyyub Türkayda heç bir problem yoxdur.
İkinci əsas cəhət bədii ədəbiyyat sahəsində, xüsusən uşaq ədəbiyyatı üzrə çalışan yaradıcı şəxsin, uşaq ədəbiyyatının özünəməxsusluğundan baxəbər olması, janrın tələblərini gözləməsidir. Daha bir cəhət, fikrimcə şairin, yazarın uşaqları görə bilməsi, inkişaf mərhələləri üzrə seçim edə bilməsi, uyğun mövzu, üslub sərgiləməsidir. Bu sahədə də Əyyubda heç bir problem yoxdur. Elə isə bu ümumi dəyərləndirmələrdən sonra konkret müzakirəyə, ,,Sovqat”ı incələməyə keçək.
Gənc şair Əyyub Türkayın balaca dostları üçün yazdığı şeirlər kitabında 40şeir, 12 tapmaca, 10 təmsil, 5 oxşama və 1 ədəd sanama nümunəsi təqdim olunmuşdur. Kitabın hədəfləri və istiqaməti barədə ,,Sovqat “-ın ilk səhifələrində həm ,,Müəllifdən” qeydi ilə şairin yığcam açıqlamasında, həm də tanınmış ədəbiyyatşünas alim Elnarə xanım Akimovanın ,,Əyyub Türkayın uşaq şeirləri-sadəliyin poeziyası” başlıqlı geniş ,,Ön Söz”ündə dolğun məlumatlar verilmiş, təhlillər aparılmışdır.
Kitabda ifadəsini tapan şeirlər barədə əhatəli danışmazdan öncə kövrək məsələyə də münasibətimi bildirmək istəyirəm. Təbii ki, kitabda verilən bütün şeirlər uşaqlar üçün nəzərdə tutulmuş və bu səbəbdən də uşaq ədəbiyyatı nümunələri sayılır. Bununla belə təsdiqini tapan belə bir elmi-nəzəri fikir də mövcuddur ki, ,,uşaq ədəbiyyatı” termini əslində şərti anlayışdır. Bu kimi nümunələr uşaqlardan ötrü nəzərdə tutulsa da, böyüklərin, yaşlı insanların da həmin şeirləri oxumasında, uşaqlıq dünyasına xəyali səyahət etməsində, ,,uşaqlaşmasında”, saflaşmasında elə bilirəm ki, sonsuz fayda vardır. Şəxsən mənə belə bir feyz aşıladığı səbəbindən kitabın müəllifinə təşəkkürümü bildirirəm.
Şeirlərin mütləq əksəriyyəti tərənnüm xarakterlidir. Əyyub Türkay uşaqların gözü və sözü ilə yurdumuzu, yurd gözəlliklərini sevə-sevə tərənnüm edir, onlara heyranlıq ifadə olunur. Bu cəhətdən şairin ,,Mənim ana dilim”, “Vətən torpağı”, ,,Ana vətən”, ,,Xarıbülbül “, ,,Payız yağışı”, ,,Göbələklər “, ,,İlk qar”, ,,Qar yağır”, ,,Lənkəran çayı” və digər şeirlər xarakterikdir. Şeirləri oxuduqca belə bir həqiqəti bir daha dərk edirsən ki, vətənpərvərlik duyğuları, yurd sevgisi birdən-birə yaranmır. Bunun üçün Vətən torpağının hər qarışını, hər daşı, çiçəyi, böcəyi sevməsən, onu qorumasan, əsl vətəndaş, əsl vətənpərvər adlana bilməzsən. Əyyubun balaca qəhrəmanının kiçik ürəyində böyük yurd sevgisi, Vətən eşqi döyünməkdədir:

,,Vətən torpağı ”

Bu torpağı çox sevməyi
Öyrədibdir atam mənə.
Hər qarışın qorumağa,
Mən borcluyam buVətənə.

yaxud:

“Xarıbülbül”

Niyə çoxdur dəyəri,
Bildim xarıbülbülün.
Adını Şuşamızla,
Bir çəkirlər bu gülün.

Diqqət edilsə, görmək çətin deyildir ki, bu tipli şeirlərdə uşaq düşüncəsi, ovqatı ilə ana yurdun hərqarışı, təbiət mənzərələri təkcə tərənnüm olunmur, həm də Vətənin bir parçasının, gülünün, bülbülünün tarixçəsi, mənası poetik bir dillə ifadə olunur. Bu özünü şairin ,,Payız yağışı “, ,,Göbələklər “, ,,Qış heyvası”, ,,Quşlar yem axtarır”, ,,Qaranquş yuvası “, ,,Nənəmin şəfalı bitkiləri” və digər şeirlərində də bütün aydınlığı ilə görünməkdədir. Şeirlərdən anlaşılır ki, şairin lirik qəhrəmanı yaman çoxbilmişdir. Öz bildiklərini yaşıdlarına da həvəslə öyrətməyə çalışır:

,,Göbələklər”

Zəhərli göbələyə
Gərək toxunmayasan.
Sən onları tanısan,
Yığa bilərsən asan

yaxud:

,,Nənəmin şəfalı bitkiləri ”

Mixəklə itburnudan,
Şəfalı çay dəmləyir.
Dərmanlı bitkilərlə,
Dərdə əlac eləyir.

Əyyubun balaca qəhrəmanı təkcə bildiklərini öyrətmir, özü də daim öyrənir. Bəzən yol verdiyi yanlışlıqlar, səhvlər zamanı həyatı, təbiəti, düzlüklə əyriliyin fərqini böyüklərdən öyrənir, onların tövsiyələrinə hər zaman əməl etdiyini bildirir. Bu cəhətdən şairin ,,Ağacları qoruyaq”, ,,Qonşu həyətin meyvəsi” kimi poetikn ümunələr daha çox diqqəti cəlbedir. ,,Ağacları qoruyaq” şeirində müəllif təhkiyəsi ilə göstərilir ki, balaca Emin mismarla ağacların qabığını cızıb, ora ağlına gələni yazır. Emin bu ,,şücaətinin” qarşılığında atasından tərif gözləyir, amma əksinə olur:

Atasıdedi:-oğlum,
Yaralama ağacı.
Axı anlamırsan ki,
Onlar da çəkir acı?

,,Qonşu həyətin meyvəsi “şeirində balaca qəhrəmanımız qonşu həyətdən oğurlamaq istədiyi göz oxşayan, iri alma meyvəsini dərib anasına gətirmək istəyir. Bu zaman ata oğlunun yanlış yolda olduğunu ona başa salır;

Atam dedi:-dayan, oğlum!
Biz tərəfə keçən meyvə,
Qonşu icazə verməsə
Keçə bilməz bizim evə.

Düzgülər, sanamalar, oxşamalar xalq ədəbiyyatının, folklorunun kiçik janrları sırasındadır. Düzgülər qafiyə sistemində uyarılıq, oxşarlıq, deyim tərzində axıcılığa əsaslanır. Ənənəvi düzgülərdə məzmun bütövlüyü, süjet xətti hiss olunmur. Əsas diqqət sözlərin ahəngdar səslənməsi olub nitq inkişafının ahəngdarlığını, uşaq oyunlarının sistemini təmin etmək məqsədini izləyir. Əyyub Türkayın ,,Sovqat”a daxil etdiyi düzgülərdə məqsəd, istiqamət təxminən eynidir. Amma fikirlərdə aydınlıq ifadə olunur. ,,Günəş nurun ələyir” düzgüsü buna əyani sübutdur:

Günəş nurun ələyir,
Dağda quzu mələyir.
Çəmən yaşıl, düz yaşıl,
Yatmayın mışıl-mışıl…

Düzgü şən, nikbin bir ahəngdə davam edərək məzəli sonluqla bitir. Eyni fikirləri şairin ,,Gəl, gəl, gəl bizə”düzgüsü haqqında da söyləmək olar. Düzgü maraqlı məzmunu, oynaq deyim tərzilə diqqətimizi cəlb edir, bir növ kiçik mənzum nağılları xatırladır:

Cəld tərpənək buradan,
Bir qurd çıxar oradan.
Tutub bizi ovlayar,
Uzaqlara qovlayar.

Sanamalar müxtəlif oyunlar zamanı uşaqlar tərəfindən söylənilir. Məzmununda məzəli, nikbin intonasiya olduğundan uşaq oyunlarına şən əhval qatır:

Gecə qara, cücə qara,
Toyuqları salım hara?
Ayaqları yara-yara,
Bir quş gördüm düşdü tora.
Durun gedək bizim bağa,
Hərə minsin bir ulağa,
Çalış sən də çıx qırağa.

Bu tipli nümunələrin uşaqların əqli, fiziki inkişafında əhəmiyyəti olduqca böyükdür. Bu sahədə işlənən folklor nümunələrinə gətirilən yeni nəfəsə, yeni tərtibata ehtiyac həqiqətən böyükdür.
Əyyub Türkayın uşaq şeirləri sırasında maraqlı oxşamalar da diqqəti cəlb etməkdədir. Məlumdur ki, oxşamalar artıq iməkləyən, ilk addımlarını atan uşaqların tezliklə böyüməsi məqsədilə söylənilir. Əyyubun qələmə aldığı 5 hecalı bayatı şəklində yaratdığı oxşamalar xalq ədəbiyyatı nümunələrindən heç də fərqlənmir:

Düzdə gəzənlər,
Ağız büzənlər,
Bizdən bezənlər,
Bu balama qurban.

Qurumuş bağlar,
Şır-şır bulaqlar,
Gələn qonaqlar,
Bu balama qurban.

Tapmacalar uşaqların düşüncə qabiliyyətini artıran ən əhəmiyyətli vasitələrdən biridir. Lakin kiçik bir nümunədə poetic sorğuların tərtibi şairdən, yaradıcı şəxsdən ustalıq və hazırlıq tələb edir. Əyyub Türkay tapmaca yaradıcılığında da uğurlu nəticələrə imza atmışdır. Maraqlı cəhət həm də ondadır ki, məktəbəqədər yaşlı uşaqlara hesablanan həmin tapmaca nümunələri uyğun şəkillərlə əhatə olunmuşdur:

Yaşıl topa bənzəyir,
Kim biləcək adını ?
Kəssən içi qırmızı,
Yeyən bilər dadını.

Tapmacanın yanındaca uyğun şəkillər formatında cavabların verilməsi azyaşlı uşaqların inkişafına əhəmiyyətli dərəcədə xidmət edir. Gənc şair ƏyyubTürkay həcm etibarilə kiçik təsiri bağışlayan ,,Sovqat” kitabında əslində böyük işlər görmüşdür.
Uşaq ədəbiyyatının ən maraqlı, nikbin geniş yayılmış janrlarından biri də təmsillərdir. Təmsillər daha çox alleqorik vasitələrdən istifadə olunmaqla yaradılır, sonda ibrətamiz nəsihətlər söylənilir .Ə. Türkayın qələmə aldığı nəsihətlərdə mənəm-mənəmlik, xəsislik, hiyləgərlik başqa bu kimi mənfi hallar bütün kəskinliyi ilə ifşa olunur. Bu cəhətdən şairin ,,Dağvə Təpə”, ,,Körpü və Çay”, ,,Günəş və Yağış”, ,,Özündən razı Çaqqal “, ,,Quzğunun tövbəsi” , ,,Qaz və İlan” təmsilləri daha səciyyəvidir. ,,Dağ və təpə” təmsilində lovğalıq tənqid olunur. Dağ təpəyə yuxarıdan aşağı baxaraq onu aşağılamağa çalışır. Amma sonluq dağ üçün faciə ilə nəticələnir. Dinamitlə partladılan dağdan əsər-əlamət qalmır:

Bütün bu olanlara
Təpə heyrətlə baxdı.
Lovğalığın axırı,
Dağı yandırıb yaxdı.

,,Günəş və Yağış “təmsilində mənəm-mənəmlik mənfi hal kimi pislənilir, Günəşin sözlərilə özünü öyən Yağış layiqli cavabını alır:

Yağış utanıb
Yaman pərt oldu.
Həyat dərsini
Günəşdən aldı.

Təxminən oxşar mənzərə ilə ,,Qaz və İlan” təmsilində də rastlaşırıq. İlana qarşı kobudluq edən Qaz bədəlini ağır ödəyir. Tərbiyəvi sonluqla bitən bu kimi təmsillər bu günün uşaq oxucularından ötrü də maraqlı və əhəmiyyətlidir.
Yekun qənaətlərimi söyləmək istəyirəm. Birinci, ən əsası ondan başlamaq istəyirəm ki, kitab hədəfindən yayınmamışdır. Uşaqlar üçün həqiqətən maraqlı və oxunaqlı kitab araya-ərsəyə gəlmişdir. Konkret hədəfi də şair ,,müəllifdən” qeydində bildirmiş və buna nail olmuşdur. Əyyub Türkaya bu uğuru qazandıran səbəblər çoxdur. İrəlidə söylədiyim kimi birincisi uşaqları tanıya bilməsi, onların maraq dünyasına səyahət edə bilməsidirsə, ikincisi, hər şeirə məzmununa, konkret ünvanına nəzərən 3-5, yaxud 7-8 hecalı, bəzən də məsnəvi şeir şəkillərindən yaradıcı şəkildə bəhrələnməsidir.
Bir neçə tövsiyəm də vardır. Söz üzərində çox çalışmaq lazımdır. Texniki tərəqqinin gətirdiyi elə sözlər vardır ki, onları bağça yaşlı uşaq bilməyə bilər.
Sonda isə könül xoşluğu, həm də tam cəsarətlə bildirirəm: Əyyub Türkay, Sizə yaradıcılıq uğurları diləyir, uşaqlar üçün yazdığınız bir-birindən gözəl əsərlərinizi gözləyirəm. Bu çətin, çətin olduğu qədər də məsuliyyətli sahəyə xoş gəlibsiniz. Qədəmləriniz mübarək!


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678