Şərurda dəhşətli qətl – Dostunu avtomobildə öldürən şəxs saxlanıldı

Aprelin 29-da 1981-ci il təvəllüdlü Mürsəl Hüseynəliyevin Şərur Rayon Mərkəzi Xəstəxanasında ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Turanmedia.az xəbər verir ki, bu barədə Tns-ə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.
Məlumata əsasən, ilkin araşdırma zamanı 1980-ci təvəllüdlü Abdulla Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şərur rayonu ərazisində özünə məxsus avtomobildə dostu Mürsəl Hüseynəliyevin sağ ayağının bud nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şərur Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Abdulla Abdullayev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.