Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda milli siyasi sistemin əsası Ulu Öndər tərəfindən Naxçıvanda qoyulub

43 Baxış

Ölkəmiz müstəqil dövlətçiliyimizin banisi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan 2023-cü ili böyük ruh yüksəkliyi ilə qeyd etməkdədir. Bu gün dünya birliyində dahi liderin və öz nüfuzlu Prezidentinin, Müzəffər Ali Baş Komandanının sayəsində özünəməxsus yeri və rolu olan dövlətimiz bu beynəlxalq imicini də, daxili siyasətdəki uğurları da müstəsna olaraq əsasını Ulu Öndərimizin qoyduğu dövlətçilik konsepsiyasına borcludur.

Müstəqillik tarixinin artıq birinci qərinəsini doldurmağa yaxın olan dövlətimiz bütün sahələrdə olduğu kimi, ölkəmizdə milli siyasi sistemin təşəkkülü prosesini də bilavasitə Ümummilli Lider Heydər Əliyevin liderliyi altında həyata keçirib. Nəzərə alsaq ki, siyasi sistem – cəmiyyətin siyasi həyatında rol alan siyasi qurumları və digər ictimai təşkilatları, onların fəaliyyətini və qarşılıqlı münasibətləri ifadə edir, eləcə də cəmiyyətin siyasi sistemi onun inkişafının qanunauyğun nəticəsi kimi formalaşır, onda Azərbaycanda milli siyasi sistemin formalaşmasının başlanğıcını Ulu Öndərimizin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyətdə olduğu, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövr hesab etmək olar. Çünki məhz bu dövrdə – 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis olunan Yeni Azərbaycan Partiyası müxalifət siyasi təşkilatı kimi yaradılıb, qısa müddətdə ümumxalq partiyasına çevrilib və 4 iyun 1993-cü il Gəncə qiyamı zamanı dövlətçiliyin müdafiəsi mövqeyində dayanaraq, daha sonra isə özünün əbədi lideri Heydər Əliyevin simasında ölkədə vətəndaş müharibəsi və müstəqil dövlətçiliyin məhvolma təhlükəsinin qarşısını alaraq, müstəsna nümunə göstərib və nəticədə qısa zamanda xalqın etimadını qazanaraq iqtidara gəlib.

Məhz bu tarixi missiyanı uğurla həyata keçirdiyinə görədir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yaradılmasını ölkəmizdə, əslində, siyasi sistemin yaradılması kimi qiymətləndirərək, deyib: “Çünki o vaxtadək bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir”.

16402793115869045067_1000x669

Həra hansı konkret cəmiyyətin siyasi sistemi, həmçinin, bir sıra amillərlə müəyyən olunur. Bu amillər içərisində cəmiyyətin sosial strukturunu, idarəçilik formasını, dövlətin tipini, siyasi rejimin xarakterini, sosial-siyasi münasibətləri, dövlətin siyasi-hüquqi statusunu, cəmiyyətdə siyasi-ideoloji və mədəni münasibətlərin xarakterini, siyasi həyatın formalaşmasının tarixi və milli ənənələrini göstərmək olar.

Siyasi sistem cəmiyyətin sosial-siyasi təbiətini, mövcud siyasi münasibətləri, təsisatları, normaları və hakimiyyətin təşkili prinsiplərini ifadə etdiyindən biz qətiyyətlə deyə bilərik ki, Azərbaycan cəmiyyətinin siyasi sistemi bilavasitə Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə formalaşıb. Qeyd etdiyimiz kimi, məhz Ümummilli Liderimiz Azərbaycanda konstruktiv müxalif siyasi mövqe nümunəsini göstərib, özünün zəngin dövlətçilik və siyasi təcrübəsi ilə cəmiyyətimizdə siyasi mədəniyyət etalonu formalaşdırıb, çoxpartiyalı və plüralist cəmiyyət ideyasını reallığa çevirib, hüquqi dövlət quruculuğu prosesini başladıb və hakimiyyətin demokratik yollarla dəyişilməsi ənənəsinin əsasını qoyub.

Hələ 1993-cü ildə Ulu Öndərimiz qarşıya qoyduğu siyasi vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Bütün işlərində ardıcıl olan və qarşıya qoyduğu məqsədlərə nail olan Ümummilli Liderimiz 1997-ci ildə deyirdi: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir”.

Qeyd edək ki, dini icmalar, yaxud vətəndaş cəmiyyətin digər ünsürləri, ictimai birliklər olaraq siyasi sistemin bir parçasını təşkil edirlər. Siyasi sistem bütövlükdə ictimai sistemin mühüm hissələrindən, ünsürlərindən biridir. O, siyasi hakimiyyətin təşkilini, cəmiyyətlə dövlət arasındakı münasibətləri ehtiva edir və ictimai sistemin digər hissələri ilə – sosial, iqtisadi, ideoloji, etik, hüquqi, mədəni sistemlərlə qarşılıqlı əlaqədədir. Bu bir faktdır ki, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu da Ulu Öndərin Prezidentliyi dövründə başlayıb, 1993-2003-cü illərdə ölkəmizdə yüzlərlə qeyri-hökumət təşkilatları, 40-dan artıq siyasi partiya qeydiyyata alınıb, 1995-ci ildə hakimiyyətin bölgüsü prinsipinin və bütün insan hüquq və azadlıqlarının əks olunduğu ilk milli Konstitusiya qəbul edilib, ilk dəfə demokratik parlament, 1999-cu ildə bələdiyyə seçkiləri keçirilib, 1998-ci ildə ölüm hökmü və mətbuat üzərində senzura ləğv edilib, cəmiyyətdə yüksək siyasi mədəniyyət və dayanıqlı ictimai-siyasi mühit formalaşdırılıb. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq məfkurəsi milli ideologiya kimi sistemləşdirilib və ölkəmizdə yaşayan bütün xalqları birləşdirən vahid ideologiya kimi cəmiyyətimiz tərəfindən mənimsənilib. Bundan başqa, Azərbaycan cəmiyyətinin multikultural dəyərlərə malik, tolerant xarakterli cəmiyyət modeli kimi təşkili prinsipləri də Ulu Öndər tərəfindən milli dövlətçilik konsepsiyasının əsas cəhətləri kimi irəli sürülərək həyatiləşdirilib.

15257125821408860884_1000x669

Cəmiyyətin siyasi sistemində mərkəzi yeri siyasi hakimiyyətin xüsusi təşkilatı olan dövlət tutur. Cəmiyyətdəki ayrı-ayrı fərdlərin və qrupların fərqli maraqlarını, cəmiyyətdə daxilində sosial qrupları birləşdirən, təşkil edən və onların münasibətlərini nizama salan başlıca qüvvə dövlətdir. Siyasi hakimiyyət isə iqtisadi, ideoloji, təşkilati-hüquqi təsirlər vasitəsilə, habelə nüfuz, ənənə, məcburetmə vasitəsilə insanların, sosial qrupların davranışına təsir göstərmək qabiliyyəti sayəsində insanların birgə fəaliyyətinin təşkili və tənziminin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin təmini vasitəsidir. Bir sözlə, siyasi hakimiyyət dövlətçiliyin inkişafının bu və ya digər forması və səviyyəsi ilə sıx surətdə bağlıdır.

Bu baxımdan artıq 32 yaşı olan müstəqil Azərbaycan dövlətinin nəzəri olaraq bütün tarixi, xüsusən 30 illik inkişaf tarixi bilavasitə Ümummilli Liderimiz Heydər Əliyevin və onun siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyevin adları ilə bağlıdır. Yeri gəlmişkən, Ulu Öndərimizin xalqımız və dövlətimiz qarşısındakı ən böyük xidmətlərindən daha biri Yeni Azərbaycan Partiyasının Proqramında da öz əksini tapmış “Varislik və təkamül” prinsipi əsasında Azərbaycan dövlətçiliyinin bu taleyüklü problemini əvvəlcədən həll etməsi olub. 2003-cü ilin prezident seçkilərinə bir neçə gün qalmış, oktyabrın 1-də xalqa müraciətində Ümummilli Lider seçiciləri İlham Əliyevə səs verməyə çağırmaqla, bu problemin həllini gerçəkləşdirdi.

Yeni Azərbaycan Partiyasının Proqramında da qeyd edildiyi kimi, “Siyasi idarəçilikdə və dövlətçilik şüurunda varislik cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayır”. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlət başçısı kimi 20 illik fəaliyyəti bu fikrin şəksiz sübutuna çevrilib. Möhtərəm Prezidentimiz bütün sahələrdə olduğu kimi, siyasi sistemin yeni çağırışlara uyğun inkişafı ilə bağlı məsələlərdə də Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davam etdirilməsi və daha da zəngiləşdirilməsi siyasətini yürüdür. Hələ Vətən müharibəsindən bir neçə il əvvəl ölkəmizdə başlamış hüquqi və siyasi idarəçilik sahəsindəki islahatlar bir tərəfdən dərinləşir, digər tərəfdən cəmiyyətin siyasi sistemini keyfiyyətcə daha da təkmilləşdirir. Yeni Azərbaycan Partiyasının  2021-ci ilin martın 5-də keçrilən VII Qurultayında  partiyanın Sədri İlham Əliyev qarşıda dayanan vəzifələr haqqında deyirdi: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində”.

Qeyd edək ki, cənab İlham Əliyevin bu çağırışı hazırda partiyamızın fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu zəmində ilk addım elə qurultayın gedişində atıldı və 6 siyasi partiya Yeni Azərbaycan Partiyasına qoşuldu. Yeri gəlmişkən, 44 günlük İkinci Qarabağ  müharibəsində ölkəmizin böyük bir qismi müxalifət təşkilatları olan 50 siyasi partiyasının ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinə qəbul etdikləri birgə bəyanatla dəstək verməsi cəmiyyətimizdə siyasi münasibətlərin keyfiyyətcə yeni xarakter aldığının bariz təzahürü idi. Bu baxımdan, hazırda dövlət başçısının bilavasitə nəzarəti altında cəmiyyətdə vətəndaş həmrəyliyinin möhkəmlənməsində ictimai-siyasi təşkilatlar arasında fəal əməkdaşlıq və dialoq mühitinin təşviqi cəmiyyətdə siyasi mühitin konstruktiv məcraya yönəldilməsi amalına xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il dekabrın 22-də imzalanaraq qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni Qanun müasir çağırışların nəticəsi kimi ortaya çıxmaqla, ölkəmizdə siyasi partiyaların fəaliyyətində yeni üfüqlər acır, onların təşkili, fəaliyyəti və münasibətləri ilə bağlı məsələləri tənzimləyir. Qanunun qəbul edilməsinədək qeydə alınmış 59 siyasi partiyanın 16-sı qanunun və yeni dövrün tələblərinə uyğunlaşa bilmədiklərindən artıq fəaliyyətlərini dayandırıblar. Yeri gəlmişkən, Azərbaycan ictimai-siyasi mühiti siyasi partiyalardan başqa 3 min 300-dən artıq qeyri-hökumət təşkilatı, 5 min 400-ə yaxın mətbu nəşr, 210-a yaxın fond və digər kommersiya və qeyri-kommersiya qurumlarının fəaliyyəti ilə formalaşır.

5c10a5e87d0cd

Bundan başqa, cəmiyyətin əsas siyasi təşkilatı olan dövlətin idarə edilməsində yeni modelin tətbiqi artıq reallaşdırılmaqdadır. Azad edilmiş ərazilərdə xüsusi nümayəndə institutu yaradılması və ilk dəfə Şuşaya Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin olunması icra hakimiyyəti və mülki idarəetmə sahəsində yenilikdir. İnstitunun Prezidentin xüsusi nümayəndəsi adlandırılması, adından da göründüyü kimi, vasitəli deyil, vasitəsiz, birbaşa, şaquli idarəetmə üsulu deməkdir. Bu bir mənada əgər xüsusi nümayəndənin birbaşa Prezidentə bağlı olması və birbaşa onun qarşısında öhdəlik daşımasıdırsa, digər mənada isə vətəndaşla dövlətin arada vasitəçilər olmadan birbaşa təması, bürokratik, süni əngəllərin, yarana biləcək bütün neqativ halların aradan qaldırılması, əlçatabilənlik, operativlik istiqamətində atılan olduqca mühüm addımdır. Bu isə, Azərbaycan cəmiyyətinin yeni tarixi mərhələdəki çağırışlarına tamamilə adekvatdır.

Azərbaycan Respublikasının siyasi sisteminin kontinental Avropa modelinə uyğun olan struktur formalaşmasının əsas mərhələsi 1995-ci il Konstitusiyasının qəbul edilməsi ilə başa çatıb. Konstitusiyamıza uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlətdir. Mərkəzləşdirilmiş unitar dövlət formasına malik olan Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublikadır. Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığının spesifik cəhətini onun tərkibində bir siyasi muxtariyyətin – Naxçıvan Muxtar Respublikasının olması təşkil edir.

Bu baxımdan, 2022-ci il dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında” Fərmanla özünün mövcudluğu tarixində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında Azərbaycan dövlətinin rəsmi təmsilçisi institutu təsis olunubdur. Bu institutun tətbiqi beynəlxalq təcrübəyə uyğun olmaqla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 99-cu maddəsinin (“İcra hakimiyyətinin mənsubiyyəti”) Naxçıvan Muxtar Respublikasında mərkəzi hakimiyyətin, bilavasitə Azərbaycan Respublikası Prezidentinin nəzarəti altında daha effektiv icrasının təmin edilməsinə yönəlibdir ki, bu da tamamilə qanuna və unitar dövlət anlayışına uyğundur.

Deyilənlərdən göründüyü kimi, Azərbaycan dövlətinin hərtərəfli inkişafı müəllifi Ümummilli Liderimiz Heydər Əliyev olan dövlətçilik konsepsiyasının bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam və müasir dövrün çağırışlarına uyğun şəkildə zənginləşdirilərək inkişaf etdirilməsi siyasəti üzərində qurulub. Hazırda qarşıdakı mərhələ üçün dövlət başçımız tərəfindən daha qüdrətli Azərbaycan naminə müəyyən edilən strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi ölkəmizin perspektivdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar, siyasi sitemin inkişafına dayanıqlı, etibarlı və möhkəm zəmin yaradacaqdır.

Sonda qeyd edək ki, bütün dünyada özünün istedadlı insanları, qonaqpərvərliyi, ümumbəşəri və multikultural dəyərləri, tükənməz təbii sərvətləri ilə tanınan Azərbaycanın ən böyük sərvətlərindən biri də Heydər Əliyevin siyasi irsidir, onun bizə miras qoyduğu müstəqil Azərbaycan dövlətidir. Bu gün bütün xalqımız, ayrı-ayrılıqda hər birimiz Ulu Öndərin dövlətçilik amallarını, müstəqillik ideyalarını yaşatmaq və gələcək nəsillərə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətlə irəlilədiyi Heydər Əliyev dövlətçilik yolunda onun ardıcılı olmaqda əzmkar və qərarlıdır.

XX əsrin məşhur ingilis dövlət xadimi Uinston Çörçillin belə bir deyimi var: “Dövlət xadiminin siyasətçidən fərqi ondadır ki, siyasətçi növbəti seçkiləri, dövlət xadimi isə gələcək nəsli düşünür”.

Ümummilli Liderimizin anadan olmasının 100-cü ildönümündə bu deyimdən çıxış edərək qibləgahı saydığı Azərbaycanın sabahını, xalqımızın rifahını daim düşünən Ulu Öndər Heydər Əliyevin heyrətamiz uzaqgörənliyi qarşısında sonsuz qədirbilənlik duyğuları ilə, onun aforizmə çevrilmiş öz sözləri ilə: “Nə qədər Azərbaycan var, Sən də varsan. Sən isə Azərbaycanda əbədi olacaqsan!”, deyirik.

Elman Cəfərli,

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

tarix üzrə fəlsəfə doktoru, dosent


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678