Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dünyada yeni trend: soloqami – Din və psixologiya nə deyir?

66 Baxış

Soloqami adlanan yeni evlilik trendi qərb ölkələrində populyarlıq qazanıb. İnsanın öz-özüylə evlənməsi mənasına gələn soloqami üçün qadınlar gəlinlik geyinir, məclislər təşkil edir və özləri evləndiklərini elan edirlər.

Daha çox Qərb ölkələrində yayılan bu trend psixoloqların bəziləri tərəfindən “özünü sevmək” kimi şərh edilsə də, Şərq ölkələrində buna münasibət birmənalı deyil.

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli islam dinində bir cür evlənmə forması var:

“Bu evlənmənin iki tərəfi var. Evlənmək islama görə bir könül işidir. Bu zaman iki fərqli insan bir araya gəlir və sədaqətin, vəfanın üzərinə and içirlər. Evlilik təkcə iki nəfəri deyil, iki nəsli birləşdirir, yeni bir şəcərəyə imza atır. Böyüklərdən xeyir-dua alınır və 60-70 illik həyat yoluna qədəm basılır. Beləliklə, yeni bir ilə qurulur və bu ailə də öz mənəvi kimliyi ilə varlığını qoruyub saxlamağa və yeni bir nəslin yaşamasına şərait yaradır. Dinimizdə ailə budur. İslam dinində ailə ciddi institutdur. Ailə elə bir qaladır ki, fərdlər boşluq buraxmasa, iblis, şeytan belə müdaxilə edə bilmir. Ona görə də soloqami kimi yeni məfkurələrlə bizim milli-mənəvi dəyərlərimizə, dini kimliyimizə gerçəkdən müdaxilə olunur. Arzumuz və inancımız da budur ki, gənc nəslimiz bu kimi məlumatlarla tanış olduqları zaman onlara mənfi təsir göstərməyəcək, əksinə, daha çox milli dəyərlərimizə sarılacaqlar. Bizim ailə institutlarımız daha sabit, daha möhkəmdir. Çünki bir xalqın ailəsi nə qədər möhkəmdirsə, onun dövləti də o qədər möhkəmdir. Ona görə də dövlətimiz naminə Allah rizası üçün əcdadımızın bizə təvarüs (miras) etdiyi mənəvi dəyərlərimizi qoruyub saxlayaq, bu kimi ötəri, cazibədar kimi göstərilən evlilik formalarına da məhəl qoymayaq”.

 

Psixoloq Rövşən Nəcəf isə Ölkə.Az-a açıqlamasında deyib ki, səhv evliliklərdən və ya münasibətlərdən çıxan və mənəvi yorğun olan insanlar bu qərarı verə bilərlər:

“Psixologiya insanların davranışlarını normal qəbul edir, amma norma olub-olmadığını isə müşahidə edir. İnsanın özü ilə evlənməsi, fikir olaraq qeyri-adi ola bilər, amma fərqlilik deyil. Dünya yeni trendlər üzərində müvəqqəti yeniliklər nümayiş etdirir. Amma fərqlilik fərdin gətirdiyi başqa həqiqətdir. Şəxsin əks cinsi ilə münasibətləri uğursuz olması, şəxsin özünə münasibətini dəyişir. Özü ilə ailə quranlar bu qərarı almaqlarının səbəbini keçmişdəki səhv seçimləri ilə əlaqələndirirlər.

Soloqami və ya avtoqami şəxsin özü ilə evlənməsidir. Təcrübənin tərəfdarları bunun insanın öz dəyərini təsdiqlədiyini və daha xoşbəxt həyata apardığını iddia edirlər. Tənqidçilər bu təcrübənin ənənəvi evlilikdən fərqli olaraq qanuni olaraq məcburi olmadığını, həmçinin narsisizm və özünü yüksəltməyə əsaslandığını iddia edirlər.

Səhv evliliklərdən və ya münasibətlərdən çıxan və mənəvi yorğun olan insanlar bu qərarı verə bilərlər. Soloqami və ya avtoqami cərəyanına uyğunlaşaraq evlənən insanların narsisistik şəxsiyyət pozğunluğu olduğu deyilsə belə, bu sahədə mütəxəssis olmayan insanların bunu müəyyən etməsi mümkün deyil”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678