Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gədəbəy hadisələrinin günahkarları cavab verəcəklər…

39 Baxış

Gədəbəydə baş verən olaylardan yetərincə “bəhrələnən” və hakimiyyəti “susqunluqda ittiham edən” siyasi deletantlar 11 iyul 2023-cü il tarixdə ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezidentin baş vermiş olaya münasibətini gördülər.

Əlindən heç bir iş gəlməyən, lakin hər deyiləndən “siyasi maraqlarını” çəkib çıxarmaqda “mahir” olan bu qəhrəmanlar yenə də öz havalarındadırlar. İndi də onlar Prezidentin polisə daş atmaq olmaz kimi haqlı sözlərindən siyasi şou düzəltməyə çalışırlar. Bu adamlar anlamırlar ki, polisə daş atmaq nə deməkdir! Anlamırlar ki, polisə daş atmaq dövlətə daş atmaq deməkdir! Belə yaramaz hərəkətə bəraət qazandıranlar yəqin düşünürlər ki, Prezident məsələyə münasibət bildirərkən, polisə daş atanlara afərin deməliydi. Bu adamların 90-cı illərin əvvəllərində küçələrdə, meydanlarda formalaşan dövlət idarəçilik təfəkkürü heç vaxt dəyişməyəcək. Onlar bu təfəkkürlə idarə etmək istədikləri hakimiyyəti bir ilin tamamında çökdürdülər. Dövlət televiziyasının canlı efirinə dəvət olunmuş daxili işlər nazirinin verilişi yarımçıq tərk edib, canlı efir gedə-gedə dəhlizdə tapançadan havaya atəş açdığını yəqin ki, unutmayıblar. İndi sıravi bir polisiə daş atana o polisin qaz sıxmasını faciəyə çeviriblər. Mən bu adamları çox yaxşı başa düşürəm… Onlar heç vaxt dəyişə bilməyəcək, çünki dövlətçilik anlayışları yoxdur, olsaydı, kimi nəyə görə ittiham etdiklərinin fərqində olardılar.

Polisin Amerika Birləşmiş Ştatlarında bir ildə 1000 nəfərə qədər adamı güllələyərək öldürdüyünü Prezidentin dilindən eşitdilər. Bilirsinizmi öldürülən o adamların böyük əksəriyyəti hansı səbəbdən güllələniblər? Güllələnib öldürülən şəxslərin böyük əksəriyyəti ya polisin əmrinə tabe olmayanlar, ya da polisə müqavimət göstərənlərdir. Bunlar isə polisə daş atana polisin qaz sıxmasını fəlakətə çeviriblər. Yəqin, bu günlərdə Fransada polisin insanlarla necə amansız davrandığını əks etdirən kadrlara da baxmayıblar…

Gədəbəy olaylarına dövlət başçısının münasibətini gördük. Prezident ən sərt formada aidiyyatı qurumların rəhbərlərini tənqid etdi və məsələnin araşdırılması üçün ciddi tapşırıqlar verdi.

Bu bəylər düşünür ki, dövlət başçısı ölkədə baş verən hər bir hadisədən dərhal xəbər tutmalı və yaranan problemləri dərhal da həll etməlidir. Ümumiyyətlə, belə düşünənlər Prezidentin dövlət başçısı kimi qayğılarının miqyasını bilirmi?

Prezident bu gün böyük siyasi güclərin ikili standartlara söykənən oyunları fonunda, beynəlxalq siyasi müstəvidə Qarabağla bağlı Azərbaycanın maraqları uğrunda gecəli-gündüzlü gərgin iş aparır. Gədəbəydə baş vermiş hadisələr və bu qəbildən olan digər məsələlər isə aidiyyatı dövlət qurumları tərəfində çözülməlidir. Kimlərsə bunu vaxtında çözməyiblərsə və ya çözmək istəməyiblərsə, buna görə cəzalarını alacaqlar. Müşavirədə dövlət başçısı həmin məmurları susqunluğa və vaxtında lazımı tədbirlər görmədiklərinə görə kəskin tənqid etdi və “Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, – çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, – onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil?” deməklə məsələnin hansı səviyyədə araşdırılmasını istədiyini ortaya qoydu. Prezident eyni zamanda bəyan etdi ki, heç bir xarici şirkət Azərbaycanda ekologiyanın korlanmasına aparan fəaliyyətlə məşğul ola bilməz. Yaranmış bir problemin çözülməsi yolunda bundan artıq nə etmək olardı ki?

Ona görə də cılız siyasi oyunlarla insanlarda qıcıq yaratmağa cəhd etməyin heç bir faydası yoxdur. İnsanlarımız kimin kim olduğunu çox yaxşı bilirlər.

Fikrət Yusifov

sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor

/Tns.az/


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678