Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

AZƏRBAYCAN ƏDƏBİ DİLİNİ POZAN, QEYRİ-ADİ SƏSLƏNƏN VƏ GÜLÜNC, YA QƏZƏB OYADAN İFADƏLƏRİ, XİTABLARI İŞLƏTMƏMƏK LAZIMDIR

94 Baxış

AZƏRBAYCAN ƏDƏBİ DİLİNİ POZAN, QEYRİ-ADİ SƏSLƏNƏN VƏ GÜLÜNC, YA QƏZƏB OYADAN İFADƏLƏRİ, XİTABLARI İŞLƏTMƏMƏK LAZIMDIR

Azərbaycan ədəbi dili elə bir dildir ki, bu dil şivə, dialekt, məhəllə xarakterli, ləhcə sözləri qəbul etmir. Xüsusilə Bakı dili belədir. Paytaxt Bakı şəhəri ziyalıların, sayılıb-seçilən təbəqələrin, zadəganların, əsilzadələrin, elitar sinif nümayəndələrinin yaşadığı bir şəhərdir. Buna görə də bu şəhərdə mədəniyyət, alicənablıq və yüksək səviyyə vardır. Hətta mən deyərdim ki, bütün dünyanın gözü bu şəhərdədir.

Lakin çox böyük bir təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, şəhərin ortasında, daha doğrusu, ictimaiyyət arasında kobudcasına ucadan qışqıraraq “Ala!”, “Ə!”, “Ayə!”, “Qaqa!”, “Qaqaş!”, “Qərdeş!”, “Qədeş!”, “Bajı!”, “Qağa!”, “Brat!”, “Əxi!” kimi xitabların səslənməsi və eşidilməsi necə də gülünc və ikrah hissi oyadan bir haldır.

Qeyd etdiyim bu xitabların əvəzinə daha da mədəni şəkildə “Bəy!”, “Xanım!”, “Qardaş!”, “Bacı!” və yaxud “Filankəs bəy!”, “Filankəs xanım!”, “Filankəs qardaş!”, “Filankəs bacı!” demək olmazmı?! Yəni bu cür gözəl, rəsmi ifadələri işlətmək bu qədərmi çətindir və ya ağırdır?!

Əslində, Bakının özünün dialekti yoxdur. Bakı dili ləhcələrdən, dialekt sözlərdən, şivələrdən uzaq olan çox ədəbi və mədəni bir dil danışığıdır. Yuxarıda işlədilən qeyri-rəsmi sözlər daha çox məhəllə xarakterli sözlərdir. Bunu da başa düşürük ki, rayon adamının dili rəsmi şəhər dilinə öyrəşik deyil. Yəni o, bilərəkdən bu ləhcələri işlətmir. Lakin şəhərin ortasında bağıra-bağıra düşük, kobud xitabların səslənməsi heç də arzuolunan deyil və yaxşı çıxmır.

Məsələn, bu ləhcə və xitablar ilə danışan adamlar bir vətəndaş olaraq heç vaxt həmin ləhcələr çərçivəsində hər hansısa bir nazirliyə və ya idarəyə məktub yaza bilməzlər. Çünki, qurumlara ünvanlanan müraciətlərin, ərizələrin, məktubların rəsmi, mədəni, başadüşülən və aydın formada yazılması tələb olunur.

Son vaxtlarda Bakıda daha çox “Qaqa!” sözü tez-tez işlənir. Əslində, “Qaqa”, “Qaqaş”, “Qağa”, “Qərdeş”, “Qədeş”, “Brat” və “Əxi” kimi sözlərin hamısının kökü məhz sırf “Qardaş” sözündən qaynaqlanır və bu xitablar “Qardaş” ifadəsinin assimilyasiyaya uğramış müxtəlif formalarıdır. “Brat” rus dilindən və “Əxi” isə ərəb dilindən götürülərək Azərbaycan türkcəsində olan “Qardaş” sözü ilə əvəz edilmişdir.

Azərbaycan dili olduqca çox gözəl bir dildir. Nəyin ki, təkcə Türk dilləri arasında, hətta bütün dünya dilləri sırasında birmənalı olaraq yüksək səviyyəli, aydın və səlis bir dildir. Çalışaq ki, bu cür bir dilimizin olduğuna görə onu qoruyaq, sevək və daha da ucaldaq!

Daha bu cür bir gözəl dili yadelli dillərin ayaqları altına sərməyək və ləhcə, dialekt sözlər ilə onu korlayıb zədələməyək. Çünki, biz bu dili gələcək nəsillərə ötürürük.

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678