Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bunun nəyi vahid forma olur? – “Kaspi”nin ARAŞDIRMASI

35 Baxış

Vahid məktəbli formalarının satışı artıq başlayıb. Hər il olduğu kimi bu dəfə də valideynlər tərəfindən müəyyən narazılıqlar ifadə edilir. Tikiş fabrikləri isə qıtlıq və problem yaşanmayacağını iddia edirlər.

Yeni tədris ilinin başlamasına az vaxt qalıb. Təbii ki, valideynlər övladlarının məktəbə getməsi üçün forma, çanta, dərs ləvazimatı almağı planlayır. Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Turanmedia.az xəbər verir ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Artıq Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında istehsala və satışa start verilib.

Qeyd edək ki, ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Hər bir müəssisə mart ayına qədər Pedaqoji Şura təşkil edərək dörd formadan birini məktəbli forması olaraq seçib.

Eyni zamanda, Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma dörd rəngdə nəzərdə tutulub.

Bir milyondan çox şagirdə forma çatacaq?

Nəzərə alsaq ki, ölkəmizdə təxminən bir milyondan çox şagird var, onlar üçün formaların tikilməsi də asan başa gəlmir.

“Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin müdiri Etibar Əzimovun sözlərinə görə, qurum tərəfindən məktəbli formalarının satışı ilə bağlı Bakı şəhərində müxtəlif ərazilərdə məntəqələr yaradılıb:

“Hazırda satışla bağlı paytaxtda 10 məntəqə mövcuddur. Bundan əlavə, Astara, Cəlilabad, Lənkəran, Qəbələ, Qax və İsmayıllıda mağazalarımız fəaliyyət göstərir. Bir neçə günə digər mağazalarda da satış mərkəzi açılacaq. Artıq satışlar başlanılıb”.

“Bu il problem yaşanmayacaq”

E.Əzimov qeyd edib ki, ötən tədris ili üçün formaların ölçülərinin tapılmaması ilə bağlı yaranan problem bu il yaşanmayacaq:

“Keçən tədris ilində məktəbli formalarının istehsalı ilə bağlı qərar gec verildi və problem yarandı. Forma yun və pambıqdan tikilir. Təbii parçaların istehsalı ilə bağlı plan da bir il əvvəldən verilir. Digər tərəfdən, ötən il istehsalçı tək biz idik. Nəticədə lazımi qədər parça tapa bilmədik və nə bacardıq, onu istehsal etdik. Biz özəl müəssisəyik və başqa öhdəçiliyimiz var. Bu il isə məktəbli forması istehsal edən şirkətlərin sayı artıb, bu, yaxşı haldır”.

E.Əzimov vurğulayıb ki, yeni tədris ili üçün parçalar qış ayında sifariş verilib:
“Formanın parçası Türkiyə və Belarusdan gəlir. Artıq xammal gəlib və bütün qışı paltarları tikmişik. Valideynlər ASC-in paytaxtdakı 10 məntəqəsində və regionlardakı satış mərkəzlərimizdən bütün ölçü, rənglərdə olan məktəbli formalarını əldə edə bilərlər. Əvvəlki illərdə məktəbin açılışına bir neçə gün qalmış valideynlər gəlirdi və sıxlıq olurdu, nəticədə malları çatdırmaq olmurdu. Amma artıq əhali formaları indidən almağa başlayır”.

Sosial ədalət prinsipi

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, şagirdlərin ümumiyyətlə standart formaya ehtiyacı olub-olmaması ilə bağlı fərqli mülahizələr var:

“Məktəbli forması şagirdlərin təhsil aldıqları müəssisədə, eyni zamanda, ictimai həyatda öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Məktəb hərənin bir cür fərqlənmək istədiyi, maddi vəziyyəti ilə öyünmək, seçilmək yeri deyil. Vahid məktəbli formasının əsas mahiyyəti uşaqlar arasında sosial bərabərliyin təmin edilməsidir. Əgər şagird görürsə ki, hansısa məktəbin şagirdi geyimi ilə ondan üstündür, burada sosial ədalətdən danışmaq olmaz. Nəzərə alaq ki, fərqli formalar uşaqlara mənfi təsir göstərir və onlarda əskiklik kompleksi yaradır. Bir sıra ölkələrin dövlət məktəblərinin əksəriyyətində vahid forma mütləqdir”.

“Formanın dörd cür olması da doğru deyil”

Nadir İsrafilov əlavə edib ki, 2020-ci ildən ölkə məktəblərində vahid məktəbli forması tətbiq olunmalı idi. Lakin koronavirus pandemiyası başladı və işlər yarımçıq qaldı.

Ekspertin sözlərinə görə, formanın dörd cür olması da doğru deyil:

“Əgər təhsildə bütün ölkə üzrə vahid dövlət standartları tətbiq olunursa, belə standartlar nəyə görə məktəbli formasına da şamil edilməməlidir? Digər tərəfdən il ərzində bir məktəbdən digərinə xeyli sayda şagird yerdəyişmələri edilirsə, onda bir forma digəri ilə əvəz edilməlidir? Milli Məclisin vahid məktəbli geyimi ilə bağlı “Ümumi təhsil haqqında” qanuna etdiyi dəyişikliyə əsasən, Azərbaycanda ümumtəhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş vahid geyim forması tətbiq edilə bilər. Hər ali məktəbin, özəl lisey və gimnaziyaların loqosu olduğu kimi, ayrı-ayrı məktəblərin də fərqlənmə nişanlarını həmin formalarda əks etdirmək olar. Əgər hər məktəb dörd fərqli eskizdən birini seçəcəksə, bunun nəyi vahid forma olur?”

Ekspertin sözlərinə görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə yenidən baxılmalı, “geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur” maddəsi dəyişdirilməlidir. Əgər diqqət ölkə üzrə vahid formanın tətbiq edilməsinə yönəlibsə, hər məktəbin müstəqil seçimi müxtəliflik yaradar ki, bu da artıq ayrılıqda götürülən məktəbin forması hesab edilə bilər.

Bəs qiymətlər neçəyədir?

Məktəbli formalarının satışı ilə məşğul olan mağazanın təmsilçisi Ruzbek Müqaddami deyir ki, artıq məktəbli forması üçün müraciət edənlər var:

“Bakıda – Nərimanov, Xətai, Nizami, Yasamal, Binəqədi, Sabunçu rayonlarında və Gəncə şəhərində iki ünvanda müştərilərə xidmət göstəririk”. Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15 manata, şalvar və ətək 25 manata, jaketlər isə 30 manata təklif olunur”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678